Top.Mail.Ru

CƏMİYYƏT

Dəm qazından zəhərlənənlərə ilk 15 dəqiqədə müdaxilə xilas yolu ola bilər – NƏYİ BİLMƏLİYİK? – AÇIQLAMA + FOTO

Havalar soyuduqca təbii qaza olan tələbat artır. Bu da öz növbəsində dəm qazı ilə zəhərlənmə hallarını gündəmə gətirir. Statistika göstərir ki, bu il də dəm qazından zəhərlənmə halları artmaqdadır.

Təəssüf doğuran məqamlardan biri budur ki, bəzən insanların həyatını xilas etmək mümkün olmur. Xilas şansı olan insanın yanında dəm qazı ilə zəhərlənən şəxsə ilkin vəziyyətdə nə edilməli olduğunu bilən birinin olmaması da başqa bir dərddir.

Bəs dəm qazı ilə zəhərlənmiş birinə ilkin yardım etmək üçün nələri bilmək lazımdır? Dəm qazı hansı müddət aralığında can alır?  

Oxu.Az-ın əməkdaşı məsələ ilə bağlı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov ilə həmsöhbət olub.

A.Maqsudov bildirib ki, ötən ay Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə 32 müraciət olub, onlardan beş nəfər stasionara qəbul olunub:

“Bu ay isə müraciətlərin sayı 37 olub, doqquz nəfər stasionar müalicəyə qəbul olub. Oktyabrda qəbul edilən xəstələrin ikisi, bu ay isə altısı azyaşlı olub”.

Toksikoloq bildirib ki, dəm qazı ilə zəhərlənmələrin əksəriyyəti hamam otağında və qapalı məkanlarda baş verir:

“Ona görə də ilk növbədə qaz cihazı olan yerlərdə diqqətli olmaq və qaydalara riayət etmək lazımdır. Zərərçəkmişin huşu özündə deyilsə, dərhal onu qapalı mühitdən çıxarmaq, arxası üstə uzadıb yaxasını açmaq, mümkünsə, nəfəs yollarını açmaq üçün ağız boşluğundakı seliyi təmizləmək vacibdir. Bu müddət ərzində də mütləq təcili yardım çağırmağı unutmayın.

Təmiz hava ala biləcəyi mühitə çıxardıqdan sonra başına və sinəsinə soyuq su ilə islanmış bez qoyun. Evdə naşatır spirti varsa, bir qədər pambığa töküb, burnuna tutun. Zərərçəkənin tənəffüsü dayanıbsa, ona mütləq süni nəfəs vermək lazımdır.

Əgər siz dəm qazından zərərçəkmiş şəxsi aşkarladığınızda huşu özündədirsə, onu həmin mühitdən təmiz hava ala biləcəyi yerə çıxarın. Bədən hərarəti düşməyə meyilli olduğu üçün zərərçəkmişin üstünü örtmək, daha sonra ona isti çay, qəhvə vermək lazımdır. Həkim briqadası çağırmaq hər iki halda vacibdir”.

Həkim qeyd edir ki, uşaqların və qocaların orqanizmləri daha həssas olduğundan tez ziyan görə bilərlər:

“Dəm qazından boğulma halları ilk növbədə beyni və sinir sistemini zədələyir. Bu, əsasən, bədən çəkisindən və qazın parçalanma dərəcəsindən asılı olaraq dəyişir. Lakin yaxşı olar ki, tez bir zamanda həkim müayinəsindən keçirilsin. Yaşlı insanda şəkər xəstəliyi varsa, huşunu itirməsi bununla da əlaqəli ola bilər. Risk faktoru yaratmamaq üçün həkimə məlumat vermək şərtdir”.

Onun dediyinə görə, dəm qazından zəhərlənmə hallarının qarşısını almaq mümkündür:

“Ortalama yaş, insanın çəkisi, qazın parçalanma sürəti və s. daxil olmaqla 5-15 dəqiqə, hətta 30 dəqiqəyə qədər xilas olmaq imkanı var. Əgər hadisə zamanı məkanda hələ də qaz sızması varsa, təbii ki, qazın parçalanma dərəcəsi çox olur, bu da həyatda qalma şansını azaldır.

Məkanda dəm qazı əmələ gələrkən xəbərdarlıq edən qurğular var. Onları qaz cihazlarına yerləşdirən zaman zəhərli qazın əmələ gəlməsi barədə işarə verir və qazın verilişi dayanır”.

Könül Cəfərli

Bənzər yazılar

Back to top button