Top.Mail.Ru

SİYASƏT

Məhəmməd Fərəcallah: “İran Yuqoslaviyanın taleyini təkrarlayacaq, yəni sadəcə olaraq parçalanacaq”

“İranda hökumət əleyhinə nümayişlərin simvolu hicab oldu. Qadınlar hicab taxmaq istəmədiklərini qərara aldılar, bu isə bütün əhaliyə hüquqlarını, insan olduqlarını xatırlatdı. Tehranı əsl qorxudan da budur”.

Bunu beynəlxalq siyasət üzrə ekspert, “Ukrayna ərəbcə” nəşrinin baş redaktoru, doktor Məhəmməd Fərəcallah İİR-lə Azərbaycan arasında münasibətlər, İranda davam edən kütləvi etirazlar fonunda Tehrandan Bakıya qarşı aqressiv ritorikanı Oxu.Az-a şərh edərkən deyib.

Onun sözlərinə görə, etirazlar fonunda ölkədəki müxtəlif millətlərin nümayəndələri – azərbaycanlılar, bəluclar, kürdlər, ərəblər – yüksək səslə özlərini bəyan etdilər.

“Lakin farslar – İrandakı titullu millət – maksimum hesablamalara görə, İran sakinlərinin yarısından çoxunu təşkil etmirlər. Qalan yarısı isə ya milli muxtariyyət, ya da müstəqillik iddiasındadır. İran rejimi bunu anlayanda “hərarət”i qalxdı, səhvlər etməyə başladı. Tehran cənubda Səudiyyə Ərəbistanını təhdid etməyə, İraqı müharibə ilə hədələməyə, şimalda isə açıq şəkildə Azərbaycana qarşı təcavüzə eyham vurmağa başladı. Bu, Tehran rejiminin psixi durumunun göstəricisidir. Onlar dünyanın diqqətini etirazlardan yayındırmaq, etirazçıları birtəhər qorxutmaq istəyirlər. Baxın, bu yaxınlarda İran açıqladı ki, onun həm hipersəsli, həm də kosmosda hədəfləri vura bilən raketləri var. Bu artıq isterikadır. Amma Tehran diqqəti ölkə daxilində baş verənlərdən yayındıra bilmədi”.

Ekspertin sözlərinə görə, İran əvvəldən Azərbaycanı sevməyib, onu heç vaxt müttəfiq hesab etməyib:

“Bu bir növ paradoksdur. Bir tərəfdən guya Tehran rejimi Azərbaycanda çoxluq təşkil edən şiələri himayə edir, amma digər tərəfdən Tehran anlayır ki,  Avrasiya ölkəsi olan Azərbaycan dünyəvi dövlətdir və məhz Avropa dəyərlərini bölüşür. Bu, İranı qorxudur”.

M.Fərəcullah bundan başqa, enerji məsələlərində də Azərbaycanın İranın rəqibi olduğunu və sanksiyalar altında olan İİR-in bunu yaxşı anladığını vurğulayıb.

“Ən əsası isə İran əhalisinin əhəmiyyətli bir hissəsini etnik azərbaycanlılar təşkil edir, hansı ki, artıq azadlıq ruhunu hiss ediblər, diktaturadan qorxmurlar. Amma bu, Tehran rejiminin ən böyük qorxusudur. Əgər azərbaycanlılar, kürdlər, bəluclar, ərəblər birləşib İran rejiminə qarşı koordinasiyalı mübarizəyə başlasalar, İran sadəcə olaraq Yuqoslaviyanın taleyini təkrarlayacaq, yəni parçalanacaq. Ona görə də Tehran vurnuxur və çirkin oyunlar oynayır”, – deyə müsahib əlavə edib.

O, İranın Güney Azərbaycan, Bəlucistan, Kürdüstana, həmçinin Xuzistana (əhalisi ərəblərin çox olduğu İran əyaləti – red.) parçalana biləcəyini qeyd etdi:

“Bu realdır, Avropada Yuqoslaviyanın da başına eyni hadisə gəldi”.

M.Fərəcullah Tehran rejiminin tolerant Ukrayna xalqına qarşı müharibə etməsi üçün Rusiyaya pilotsuz təyyarələr verməyə başlayandan sonra Kiyevdə iranlı diplomatlarla danışdığını, onlara vəziyyəti izah etməyə çalışdığını bildirdi:

“Onlara dedim ki, Ukrayna heç vaxt İrana qarşı çıxmayıb. Həmişə islam inqilabının öz dəyərlərinə uyğun olaraq müdafiəsizləri dəstəklədiyini bəyan edən siz isə indi təcavüzkara kömək edirsiniz. Dedim ki, İran “şər oxu”nda iştirakdan imtina etməsə, təkcə Qərb ölkələri üçün deyil, digər dövlətlər, o cümlədən Ukrayna üçün də təcrid olunmuş dövlətə çevriləcək. Ya da maskanı üzünüzdən, çalmanı başınızdan çıxarın (hansı ki, arxasında diktatura rejimi gizlənir). Ancaq məni eşitmədilər”.

Ekspertin fikrincə, Tehran pilotsuz təyyarələri Rusiyaya təhvil verməklə Avropa İttifaqına özünün güclü olduğunu və onunla danışmaq lazım olduğunu göstərmək istədi, amma bu əks effekt verdi; Avropa tam əmin oldu ki, İran rejimi təkcə qonşuları üçün deyil, həm də Avropa üçün təhlükəlidir.

“Yeri gəlmişkən, Ər-Riyad çoxdan – 2019-cu ilin sentyabrında İranın Səudiyyə Ərəbistanının neft kompleksinə zərbə endirməsindən bəri – Tehran təhlükəsi barədə xəbərdarlıq edib. Həmin vaxt sivil dünya reaksiya vermədi: Qərbdə bunun onlara təsir etməyəcəyini düşünürdülər. Amma indi məlum olub ki, İran rejimi də Kreml kimi dünyaya təhlükə yaradır”, – deyə M.Fərəcullah sözlərini yekunlaşdırıb.

Nair Əliyev

Bənzər yazılar

Back to top button