Top.Mail.Ru

ƏYALƏT

Tərtərdə “Taxılçılıqda yeni sortlar və innovativ becərmə texnologiyaları” mövzusunda tarla müşavirəsi keçirilib

Tərtər Təcrübə Stansiyasında “Taxılçılıqda yeni sortlar və innovativ becərmə texnologiyaları” mövzusunda tarla müşavirəsi keçirilib. Tədbirdə Kənd Təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Nazirliyin “Bitkiçiliyin təşkili və monitorinqi” şöbəsinin müdiri İmran Cümşüdov, Aqrar Xidmətlər Agentliyinin sədr müavini Cəfər Məhərrəmov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən bir sıra özəl şirkətlərin təmsilçiləri və taxılçılıqla məşğul olan fermerlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsində məhsuldar və keyfiyyətli yeni taxıl sortlarının əhəmiyyətini vurğulayıb. O deyib ki, toxumçuluq sahəsi ərzaq təhlükəsizliyinin təmin olunmasının əsas prioritet istiqamətlərindəndir.

Bu sahənin inkişafı ilə bağlı son illərdə respublikanın 5 bölgəsində müasir tipli toxum emalı müəssisələri yaradılaraq fermerlərə xidmət göstərməsi təmin edilib, eyni zamanda toxumçuluq üzrə təcrübə təsərrüfatlarının maddi-texniki bazası ən müasir avadanlıqlarla təchiz edilib.

Loading...
Yazının davamı reklamdan sonra

Bu sahədə fəaliyyətin səmərəli təşkili kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının və keyfiyyətinin yüksəldilməsinə əhəmiyyətli dərəcədə müsbət təsir göstərir. Kənd təsərrüfatı bitkilərinin yeni sortlardan və sertifikatlı toxumlardan istifadə məhsuldarlığı 20-30 faiz artırır.

Tərtər Bölgə Təcrübə Stansiyasında əsasən dənli-taxıl bitkilərinin seleksiyası və toxumçuluğu ilə yanaşı, toxumçuluq sistemində yeni innovativ texnologiyalar tətbiq edilməklə keyfiyyətli toxum istehsalı, bitkilərin məhsuldarlığı və keyfiyyətinin yüksəldilməsi üçün müasir resursqoruyucu texnologiyalar, o cümlədən tirəli səpin və suvarma suyuna qənaət edən texnologiyaların tətbiqi istiqamətində elmi-tədqiqat işləri aparılır.

Daha sonra “Bitkiçiliyin təşkili və monitorinqi” şöbəsinin müdiri İmran Cümşüdov son illərdə baş verən iqlim dəyişikliyinin taxılçılığa təsiri və fermerlərin taxıl sortlarına olan tələblərinin dəyişilməsi məsələsinə toxunub. Qeyd edib ki, yüksək məhsuldarlıqla yanaşı, sortun həm də quraqlığa davamlı və tezyetişən olması vacibdir. Həmçinin o, taxılçılıqda resurslara qənaət etmək üçün yeni və innovativ becərmə texnologiyalarına keçidin zəruriliyini vurğulayıb.

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev seleksiya proqramının əsas istiqamətlərindən danışıb. Bildirib ki, arzuolunan əlamətlərin yaradılan yeni taxıl sortlarına daxil edilməsində fermerlərin istəkləri nəzərə alınır.

Tədbirdə çıxış edən Aqrar Xidmətlər Agentliyinin sədr müavini Cəfər Məhərrəmov tədqiqat institutları tərəfindən yetişdirilən yeni sortların toxumçuluğundan danışıb. O toxumçuluqda sort təmizliyinin təmin edilməsində ilkin toxumçuluğun düzgün təşkilinin vacibliyini vurğulayıb.

Təlimdə özəl şirkətlərin nümayəndələri yeni sortların sınağının aparılmasında və onların toxumçuluğunun təşkilində Əkinçilik Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlığa hazır olduqlarını bildiriblər.

Daha sonra iştirakçılar stansiyanın əkin sahəsində nümayiş etdirilən sortlara baxış keçiriblər.

Sonda Kənd Təsərrüfatı Nazirliyi tərəfindən pilot layihə olaraq sifon üsulu ilə suvarma texnologiyası nümayiş etdirilib. Qeyd edək ki, bu texnologiya suvarma suyuna 15-20 % qənaət edir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button