Top.Mail.Ru

ƏYALƏT

Gələn il Şuşada beynəlxalq “Dədə Qorqud” film festivalı keçiriləcək

Gələn il Şuşada beynəlxalq “Korkut Ata” (“Dədə Qorqud”) türk dünyası film festivalı keçiriləcək.

“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin mədəniyyət və turizm nazirinin müavini Əhməd Misbah Dəmircan bildirib.

“Festival çərçivəsində ortaq istehsal üçün zəmin yaratmağı, müsabiqə çərçivəsində yeni filmlərin mükafatlandırılmasını və türk respublikalarının nazirlərini bir araya gətirməyi qarşımıza məqsəd qoymuşuq. (Bu il-red) Türk dünyasının mədəniyyət paytaxtı Bursada təşkil etdiyimiz üçüncü festivalı gələn il Azərbaycanın Şuşa şəhərində keçirəcəyik. Bu, ortaq irsimizin birgə istehsala çevrilməsinə zəmin yaradacaq”, – nazir müavini bildirib.

Qeyd edək ki, Bursa şəhərində bu il ikinci dəfə 1-5 noyabr tarixlərində keçiriləcək “Korkut Ata Türk Dünyası Film Festivalı”na hazırlıqlar davam edir.

Festivalın dünən keçirilən təqdimat mərasimində çıxış edən Əhməd Misbah Dəmircan nazirlik olaraq maddi və qeyri-maddi mədəni irsin yaşadılması, qorunması və gələcək nəsillərə təhvil verilməsi üçün çalışdıqlarını bildirib.

Bursa Böyükşəhər Bələdiyyəsi də daxil olmaqla bir çox qurum və təşkilatların dəstəyi ilə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin himayəsi altında təşkil ediləcək festival türk respublikalarından və toplumlarından bir çox peşəkar kino xadimlərini və mədəniyyət xadimlərini bir araya gətirəcək.

Festivalda Azərbaycandan 22, Özbəkistandan 43, Qırğızıstandan 23, Qazaxıstandan 21, Türkmənistandan 5 və muxtar respublikalardan 17 kino mütəxəssisi iştirak edəcək. Festivalda türk kino sənayesinin tanınmış prodüserləri, rejissorları, ssenaristləri və aktyorlarından ibarət 200-ə yaxın qonaq iştirak edəcək.

Bənzər yazılar

Back to top button