Top.Mail.Ru

ƏYALƏT

Laçın dəhlizindən niyə 5 km enində ərazi ayrıldı? ŞƏRH

Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putinin imzaladığı Bəyanatda nəzərdə tutulan şərtlərdən biri də ondan ibarətdir ki, Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi (5 kilometr enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır.
Bəyanat qəbul edilən gündən bu ərazinin 5 km olaraq seçilməsi insanları düşündürən əsas məqamlardan biridir.
Bəs bu rəqəmi, ölçünü nələr şərtləndirir?
Mövzu ilə bağlı “BakuPost”a danışan hərbi ekspert Ədalət Verdiyev bildirdi ki, 5 km ayrılan ərazi yalnız yol üçün nəzərdə tutulmayıb, həmçinin orada kommunikasiya xətləri də olacaq:
“Kommunikasiya dedikdə həm magistral, həm dəmir yol, həm də su, qaz, işıq və digər infrastruktur xətlər başa düşülür. Hesab edirəm ki, buna görə bir az geniş ərazi ayrılması nəzərdə tutulub. Bundan başqa, orada körpülər, alt keçidlər də ola bilər. Çünki Ermənistanın da İranla əlaqəsi həmin xətt üzərindən keçəcək. Yəni o ərazidə kəsişmə olacaq. Eyni zamanda 5 km təhlükəsizlik baxımdan götürülüb ki, iki tərəf arasında kontakt mümkün qədər az olsun. Hələlik bu barədə detallar açıqlanmayıb. Lakin Türkiyə artıq Naxçıvan istiqamətində planlaşdırma işlərinə başlayıb”.
Siyasi şərhçi Elçin Mirzəbəyli isə hesab edir ki, Laçın dəhlizindən ayrılan ərazinin 5 km enində olmasında xüsusilə texniki cəhətlər nəzərə alınıb:
“Maksimal olaraq nə qədər məsafədə nəzarət mexanizmlərinin həyata keçirilməsinin mümkünlüyü burada əsas məqsəddir. Güman edirəm ki, bu ölçü təyin edilərkən yolun təhlükəsizliyinin təmin olunması və müdafiə məqsədləri düşünülüb. Burda siyasi motiv yoxdur, sırf hərbi müstəvidə qəbul olunmuş şərtdir”.
Ləman Hüseynzadə

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button