Top.Mail.Ru

bannerƏYALƏT

Elşad Paşasoy yazır: Bir ovuc Şuşa torpağından bir dünyalıq Şuşaya qədər – FOTOLAR

Bu da Şuşa!!! Vallah özüdür, Pənahəli xanın yadigarı, bizim baş tacımız, varlığımız, qürur yerimiz! Tək yuxudan başqa heç vaxt olmadığım halda, az qala bütün ömrümü burada yaşadığımı zənn elədiyim qala-şəhərimə salam olsun!

İşğalda olduğu 10 min 386 gün (!) ərzində hər an içimizdən keçirdiyimizdəndirmi, ya efirdə daim gözümüz axtardığındandırmı, az qalır ki, deyim bu şəhərin hər yeri mənə tanışdır, burada özümü qərib saymıram. Doğmalıqdandır şübhəsiz…Sevgili məkandır axı.

Cıdır düzünə qalxarkən ətrafdakı yaralı binalara baxıram. Yağının yağmaladığı ünvanlar savaşın izləri ilə doludur. Sanki dolu səpələyib, pəncərələri çilik-çilik eləyib. Bu səhnə həm də gərgin döyüşlərin əksidir. Azərbaycanın qəhrəman əsgəri 17 məhəlləli qədim Şuşamızı ev-ev, məhəllə-məhəllə, küçə döyüşləri ilə, düşmənlə əlbəyaxa olaraq azad edib qalanı.

Loading...
Yazının davamı reklamdan sonra

Bu da Cıdır! Maşınlardan enirik. Bir anlıq mənə elə gəlir ki, bu, mübarək torpağa ayaqqabı ilə ayaq basmaq günah olar. Gör neçə müddət intizarında olmuşuq, görüşünə dizin-dizin gedəcəyini əhd edənlərimizin, əhdinə çatmayıb da, dünyadan köç eləyənlərimiz nə qədər oldu. İlahi, bu nə hava, bu, nə məkan, bu, nə möhtəşəmlik! Adamın ruhu dincəlir. İllər boyunca Şuşadan, Cıdır düzündən çəkilmiş kadrların fonunda səslənən “Bayatı-Şiraz”ın yanıqlı sehrindən qovrulan adamın öz vüsala qovuşmasını necə təsəvvür edirsiniz? Bax, eləcə o durumdayam.

Səfər yoldaşlarımdan kimsə dillənir: “Mən Cıdır düzünü geniş ərazi bilirdim”.

Bəli, Cıdır məkan etibarilə elə də geniş deyil, amma bura bizim nəzərimizdə bir dünya böyüklüyündə oldu hər zaman, ucsuz-bucaqsız. Almaz çəkisilə ölçülmür ki. Bax, Şuşa da, onun Cıdırı da ləl-cəvahirat misalı…

Dövlət başçısının 15 yanvar 2021-ci ildə Cıdır düzündə söylədiklərini xatırladım o an. Şuşaya getdiyi gün cəmi 5 saat yatdığını, “sözün düzü, Şuşadan getmək istəmirəm” demişdi. Tanış hisslərdir…Bu gözəllik adamı məftun eləyir.

Elə bu düşüncələrlə qayaların başına doğru gəlirik. Səbəbi bəlli: yaxından görmək istəyirik müzəffər əsgərimizin dırmandığı qayalıqları! Adam aşağı boylananda başı hərlənir. Heyrətamizdir, bu, şiş qayalıqlarla Şuşaya necə dırmanıb Allah saxlamışlar!!! Xüsusi Təyinatlı ər oğullarımızın məharətinə bələdik, düşmən belə etiraf edir onların şücaətini, amma yenə də təəccüb adamı bürüyür. Şuşanın işğalından sonrakı nəsil, heç zaman olmadığı ünvanın qayalıqlarını, yolu-izi bilmədən, bələdçiyə ehtiyac görmədən necə fəth edə bilərdi?! Bu, bir mistikadır, insan ağlının asanlıqla dərk edə bilmədiyi sehrdir, reallıqdır, kəsəsi, hər şeydir! Hələ də dünyanın hərbi mərkəzləri bu sirri tapa bilmirlərsə, demək, başqa bir möcüzədir. Məhəmməd Həsən xan Qacar, Fətəli xan Əfşar, Ağa Məhəmməd şah Qacarın ala bilmədiyi Şuşanı Ali Baş Komandan İlham Əliyevin əsgərləri, general Hikmət Mirzəyevin cəngavərləri düşməndən təmizlədilər! Bəlkə də hələ illər, on illiklər ötəndən sonra bu zəfərin möhtəşəmliyini daha yaxşı dərk edəcəyik. Dağın əzəməti uzaqdan daha yaxşı göründüyü kimi, qələbəmizin möhtəşəmliyi də gələcəyin baxışı ilə əzəmətli görünəcək.

Cıdır düzünün aşağısından sıldırımlarla qovuşuq hissəsində dayanıb üzü qarşı dağlara boylanarkən sanki bir səda qulağıma gəldi, noyabrın 6-da, Şuşanın girəcəyində şəhid olan qəhrəmanımız baş leytenant, tabor komandiri Rövşən Nurzadənin atası, Xalq artisti Əli Nurun səsi:

“Sağ ol oğlum, salamat qal,

Salam deyərsən şəhid qəhrəmanlara,

Qayalara dırmanıb Şuşanı alanlara…”

Salam olsun müqəddəs ruhlara!

Bu möcüzəni bizə yaşadan oğulların ruhu şad olsun!

Səfər yoldaşlarımızdan biri şövqə gəlib “Şuşanın dağları” nı oxuyur, qış fəsli olduğundan “qırmızı koftalı, yaşıl tumanlı” olmasa da, hətta dumanı da başı üstündən çəkilsə də, Şuşanın dağları həminkidir, çox gözəldir, baxmaqla doymaq olmur gül camalından. Cıdırboyu boy vermiş daşlara göz gəzdirirəm, minnətdarlıq hissilə. Kim bilir, bu daşlar neçə oğullarımızı ölümdən qoruyub, “sinə”sini irəli verərək. Özü də tarix boyunca, hələ Şah Qacarın Şuşanı istila üçün tədbirlər tökdüyü dönəmdən, bəlkə ondan da qabaqlar. Bu daşların hər biri abidədir, tarixdir, şahiddir. Daşlardan birinin üzərində kiril əlifbası ilə yazılmış “İkram 1985” yazısını 28 il yarımlıq erməni istilası da poza bilməyib, “daş yaddaşı” sözünü deyib.

Günəşin şüaları qarlı dağları parıltıya qərq eləyib. Sıldırımın aşağısından axan dağ çayı da bu məkana xüsusi gözəllik verir. Uzaqda yol görünür, hələlik “getmədiyimiz, varmadığımız, amma bizim olan yurdlarımıza aparan yol…

Şuşanın simvollarından biri – Topxana meşəsi! Hər şey ordan başlamadımı?

1988-ci ildə ermənilər Topxana qoruğundakı qiymətli ağaclarını qırıb daşıyırdılar – Ermənistanda pansionat tikintisində istifadə üçün. Bu fakt xalqımızın hiddətinə səbəb oldu, dirçəlişimizin, sovetlərə qarşı dirənişimizin təməli həmin ilin 17 noyabrında qoyuldu. İşğal dövründə düşmən Topxanaya əlindən gələn pisliyi etdi, ürəyi soyumadı, 44 günlük savaşın sonlarında fosforlu bombalarla yandırdı bu cənnət məkanı. Əsgərimizlə bacarmadıqda qisasını meşədən, bitkidən, heyvanat aləmindən alırdı bəşəriyyətin düşmənləri. İnşallah Topxana yenidən buludlarla öpüşən ağaclara məskən olacaq, pöhrələr canlanır, dikəlir…

Yadınızdadırmı, hər il 8 may ərəfəsində toplum olaraq ölüb-dirilməyimiz, düşmənin Cıdırda meymunluq eləməsindən dəli olduğumuz? O günlərdə hansısa rayonda aşkarlanan Xarı bülbül çiçəyi azca təsəllimiz olurdu. Cıdırın Xarı bülbül vədəsi olmasa da, Xarı bülbülü bizimlə birgə sandıq, inşallah bahar çağı güzarımız düşər, qol-boyun olarıq.

Azərbaycan bayrağının kölgəsindən üzü Xankəndiyə baxırıq, “ovuc içində”dir, “əl uzatsan, çatacaq, daş atsan, dəyəcək qədər”, yaxında. O yanda Xocalı, Kərkicahan, bu tərəfdə Xocavənd…Qəhrəman əsgərlərimizlə söhbət edirik, tam arxayın oluruq sabahımızdan. Heç bir şübhəmiz qalmır ki, bircə dəfə işarə gəlsə, əsgər bir neçə saata qalan məsələləri də həll edər. Sadəcə, bir azca zamana ehtiyacı olan məsələlər var.

Heyət üzvlərimiz igid hərbçilərimizlə söhbətdən sonra daha da ruhlanıb, “gəlin Yallı gedək” deyirlər, gözəl bir tablo alınır Cıdır düzündə…

“Çalışın isti geyinin”, xəbərdarlığına əməl etmişik, bu məkanda elə bir istilik gəlir ki. Baxmayaraq ki, temperatur +2-ni göstərir. Əl uzadıb yerdən qar toplayıram, sərinliyini ruhuma çəkirəm.

Növbəti ziyarət yerimiz Molla Pənah Vaqifin məqbərəsi olur.

Fotolardan gördüyümüz əzəmət yerindədir. 1982-ci ildə mərhum Heydər Əliyevin tapşırığı ilə Vaqifin türbəsi üzərində tikilən və açılış mərasimi keçirilən bu, əzəmətli muzey-məqbərə erməni işğalı dönəmində darmadağın olmuşdu, eksponatlar yağmalanmışdı. Şuşanın azadlığından sonrakı qısa zaman kəsiyində bərpa edilən məqbərənin açılış mərasimi prezident İlham Əliyevin iştirakı ilə yüksək səviyyədə baş tutdu. Üstəlik, “Vaqif” Poeziya günləri də bərpa edildi, “Xarı bülbül” Festivalının ardınca.

Faciəli ömür yaşamış Molla Pənah şair olmaqla yanaşı, həm də Azərbaycanın dövlət xadimidir, 40 il İbrahimxəlil xan Cavanşirin baş vəziri olub. O möhtəşəm sima 1797-ci ildə oğlu ilə birgə edam olunur. Şairin ruhu şaddır yəqin, eləcə də şair dosti Molla Vəli Vidadinin də…

Zamanında Vaqif Vidadiyə xitabən deyirdi:

“Ey Vidadi, sənin bu puç dünyada

Nə dərdin var ki, zar-zar ağlarsan?

Ağlamalı günün axirətdədir,

Hələ indi səndə nə var, ağlarsan?”

Sanki şair növbəti əsrlərdə xalqımızın düçar olacağı fəlakətləri o zaman görürdü, “hələ bunlar nədir ki” söyləyirdi.

Şükürlər olsun, Azərbaycan əsgəri bütün ulularımızın narahat ruhlarını şad, xalqımızın üzünü ağ elədi möhtəşəm zəfərilə!

Yuxarı Gövhər ağa məscidinə yollanırıq. Aram-aram, ehtiyatla. Şüşə qəlbli Şuşanın doğma insanlar üçün darıxan küçələrini, daşlarını incitməməkçün. O qədər məhrumiyyətlər görüb, o qədər mundar tapdaqlardan inləyib ki, bu küçələr…

Abadlıq işləri gedir yüksək sürətlə…Şuşadakı “Təmiz şəhər” idarəsinin əməkdaşı məmnunluqla “Şuşada işləmək şərəfdir”, söyləyir. 55 yaşlı Zakir Salamov artıq 7 aydır Qaladadır. Deyir Şuşa işğalaqədərki vaxtlardan da gözəl olacaq: “Şəxsən mən Şuşanı dünya səviyyəli şəhər olaraq görəcəyimə əminəm. Görürsünüz, təmizliyinin necə qayğısına qalırıq? Yerdə kibrit çöpü də yoxdur”. Ayrılarkən “Şuşadan qucaqdolusu salam aparın”, deyir Zakir kişi.

Şuşanın küçələrini addımladıqca, əzgərimizin burada yazdığı dastanları göz önünə gətirməyə çalışırıq. Görəsən, bu küçədə kimlər şəhid olub, son anda nə deyib?..Binanın divarında “ABBASOV TEYMUR QİSASN ALINDI.” yazısı diqqətimi çəkir. Qeyri-ixtiyari düşünürəm: “qisasın” sözünü belə, düzgün yaza bilməyən oğul bu fəthdə iştirak edib! Deməli, fəth üçün sözün düzgün deyilişi və yazılışı əsas şərt deyil, əsas hədəfə düzgün atəş açmaqdır, onu da bizim oğullar bacarıb, orta təhsilli cəngavərlər! Hətta noyabrın 5-dən Şuşa qalasına sızıb, burada üç ərzində az hərbi sursatla döyüşən, sursata qənaət məqsədilə “bir atəş, bir hədəf ” prinsipi ilə savaşan igidlər hər cür xoş sözlərə, ən ali məktəblərin yüksək ballarına, qiymətinə layiqdirlər!

Uzun illərdən sonra azan səsinə, dualara məkan olan müqəddəs məkanda – Yuxarı Gövhər ağa Məscidindəyik! Öncə şəhidlərimizin ruhuna duaları içimdə pıçıldayıram, qazilərimizə şəfa, ordumuza güc-qüvvət diləyirəm, Allaha şükranlıq edirəm. Məscid işğal zamanının yamaqlarından xilas edilsə də, yabançı elementlərdən tam təmizlənməsi üçün əsaslı təmir olunur. Hazır xalılar da gətirilib, döşənəcək, Gövhər ağanın da ruhu dinclik tapıb, əminəm…

Həyətdə sizcə, kiminlə qarşılaşsam, yaxşıdır: səfərimizdən cəmi 4 gün qabaq Prezidentin həmsöhbət olduğu 4 yaşlı “general”la! Birinci vitse-prezident Mehriban Əliyeva dövlət başçısı ilə Asimin səmimi söhbətinin çəkilişini paylaşaraq, “Şuşanın ən gənc general-leytenantı 4 yaşlı Asimlə”, qeydini yazmışdı. “Özü-özünə general rütbəsi verən” Asim o qədər istiqanlı uşaqdır ki. Böyüyəndə həqiqi general olmaq istəyir Prezidentin dostu. Atasının işləri ilə əlaqədar bu müqəddəs məkana gələn Asim Şuşanı çox sevir. Bacısı və qardaşı da özü kimi gözəl balalardır, Allah hamısını saxlasın!

General-leytenant Hikmət Mirzəyevin “Mən Şuşaya girəndə özümü çox xoşbəxt hiss etdim”, sözləri bu anlarda adama nə qədər tanış, nə qədər doğma gəlir. Şuşaya ayaq basanda həqiqətən də adam özümü dünyanın xoşbəxti sayır, haqlıdır cənab general.

Yol kənarında qoltuq ağacına söykənib dayanmış qardaşımıza yaxınlaşıram. 42 yaşlı Ramin Mustafayev əslən Qazaxdandır. 1993-cü ildə də yaralanıbmış. 44 günlük müharibə zamanı isə Füzulidə yaralansa da, Şuşayadək döyüşü dayandırmayıb. Deyir döyüşüb, azad etdiyin şəhərin havasını udmaq, çörəyini yeməkdən gözəl bir şey yoxdur onunçün: “Şuşada olmaq böyük fəxrdir. Allah şəhid qardaşlarımıza rəhmət eləsin! Allah qalib ordumuza dayaq olsun, müzəffər Ali Baş Komandanımızı qorusun! Xalqımızın birliyi nəticəsində düşmənin mövqelərini darmadağın edib, torpaqlarımızı azad elədik”.

Əlini uzaqdan damları görünən Xankəndi şəhərinə doğru uzadır və ora üçün narahat olanlara ismarıcını çatdırır: “Nigaran qalmasınlar. Əgər Ali Baş Komandanımızın qətiyyəti, uzaqgörən siyasəti, ordumuzun gücü-qüdrəti sayəsində Şuşanı azad etmişiksə, Xankəndi, Xocalı, Xocavəndi də yadlardan təmizləyəcəyik. Lap lazım gəlsə, Göyçə, Zəngəzur, İrəvana da bayrağımızı sancacağıq. Mən son damla qanımadək döyüşməyə hazıram”. Ayrılarkən yeni il arzularını da dilə gətirir: “Mən Şuşadan bütün Azərbaycan xalqına, özləri burda olmasa da, ürəkləri burda olanlara, qəriblikdə yaşayan soydaşlarımıza, bütün Türk-müsəlman dövlətlərinə salamlarımı, xoş arzularımı söyləyirəm. Ordumuz Turandır, Vətənimiz Azərbaycan!”

“Amin”- deyib, sağollaşıram qəhrəmanımızla.

Şuşanın çörəkbişirmə sexinin yanından ötəndə məşhur Qala çörəyinin ətrindən bihuş oluruq. Çörəkçi Ələsgər kişi xoşgəldindən sonra Qala çörəyindən danışır bizə. Deyir gün ərzində 2-3 min çörək bişirirlər. Əslən İmişlidən olan Ələsgər kişi deyir “uşaqlıqdan Qarabağın hər yerini gəzmişdim, bir Laçında olmamışdım, bir də Şuşada. Şükür bu günə, arzuma çatdım”. “Çörəyin bərəkəti bol olsun”-deyərək, həsrətində olanlar üçün Qala çörəyindən alırıq.

Sağ-soldakı tarixi memarlıq abidələrinin yarıuçuq, yarısökük mənzərələri ürək ağrıdır. Aşağı Gövhər ağa məscidi, Saatlı məscidi də erməni vandalizmindən yan ötə bilməyib. “Kiçik Paris”i, “Qafqazın konservatoriyası”nı darmadağın etmək üçün düşmən əlindən gələni edib. Bəzi memarlıq nümunələri dözüb, yarımcan halda olsa da…

Amma Şuşa əvvəlkindən də gözəl olacaq. 1887-ci ildə tikilmiş Qazançı kilsəsi də təmir olunur. Ermənilərin “qoymayın, dağıtdılar”, dediyi, özününküləşdirməyə çalışdığı abidə. Cəmi 270 yaşı olan Şuşaya bu üç əsrə yaxın dönəmdə nə qədər dağ çəkilib: İran şahı yandırdı, amma sonuncu olmadı ki…

1905-ci ildə bir daha ermənilər yandırdı. 1920-ci ildə növbəti dəfə oda bülənd oldu qalamız. Sonuncu dəfə də 1992-də…Amma daha bitdi bu sınaqlar, Şuşanın sahibləri Şuşadadır, bir daha bayrağımızı kimsə endirə bilməz, buna kiminsə şübhəsi olmasın! Şuşada söhbətləşdiyimiz dağ biləkli hərbçilərimiz, polad iradəli hüquq-mühafizə orqanlarının əməkdaşları da, sadə insanlarımız da eyni əminliklə danışdılar bizimlə.

Fəthdən sonra divarlara yazılmış yazıları oxuyuram: “Cəlilabad, Şirvan, Culfa Xəyyam, Bəyəhməd, İsmayıllı, Qaradağ, Qobustan, Cavid Abbasov, Şirvan…” Məncə, bu yazıların fotoları çəkilib saxlanmalıdır, təmir-tikinti aparılanda. Gələcəkdə Şuşada olacaq Zəfər muzeyində nümayiş üçün…

Yaralı Şuşamız bu durumu ilə də çox qonaqpərvərdir. Bakıdan gəlmiş böyük heyətə gözəl süfrə açılır, ardınca da ətirli çay… Səhər saat 08.00-dan axşam saat 09.00-dək fəaliyyət göstərən restoranın sahibi ilə təmas imkanı tapırıq. Ədalət Yedigarov deyir noyabrdan buradadırlar: “20 nəfərlik heyətimizlə burdayıq. Amalımız dövlətimizə, xalqımıza, əsgərlərimizə yüksək səviyyədə xidmətdir. Düzdür, hələlik qonaqlar az-az gəlir. Burada əsasən, hərbçilərdir, əsgər və zabit heyətidir. Odur ki, əsas məqsədimiz ordumuza xidmət etməkdir. Dövlətimiz sağ olsun, bizə hər cür şərait yaradılıb”.

Qalamızda komendant saatı tətbiq olunur. Azərbaycan polisi şəhəri göz bəbəyi kimi qoruyur, igid hərbçi qardaşlarla birgə.

Şuşada müxtəlif dövlət idarələri, iaşə obyektləri, 3 market fəaliyyət göstərir. Şəhərin hər yerində iş gedir. İcra Hakimiyyətinin binası daxil, bir çox tikililər təmir olunur. Böyük qayıdışa hazırlıq işləri…

Korifeylərimizin güllələnmiş tunc heykəllərini ziyarət edirik: Üzeyir bəyin, Natəvanın, Bülbülün…

Bu məqamda bilirsiniz nəyi xatırladım: Rusiyadakı səfirimiz Polad Bülbüloğlunun 2007-ci ildə Şuşadan gətirdiyi bir ovuc torpağı. O zaman bir qrup ziyalımız Qarabağa səfər etmişdi. Geri dönərkən Polad Bülbüloğlu Şuşadakı ata ocağının həyətindən torpaq götürmüşdü, Bülbülün, Süleyman Ələsgərovun məzarlarına səpməyə. Bir ovuc torpağı da Bülbülün ev muzeyinə qoymuşdu. O zaman ev muzeyinin direktoru Bülbülün həyat yoldaşı Adeliada xanım idi. Mən xanımla söhbətdən və həmin bir ovuc torpaqdan bir səhifəlik yazı hazırlamışdım, tüstüm təpəmdən çıxa-çıxa. Şükürlər olsun, daha bir ovuc torpaq həsrətində deyilik…Mənə elə gəldi ki, biz Şuşanı ovuc-ovuc da olsa, xilas etmək istəyirdik o illərdə. Dövlət və millət olaraq bu istəyimiz olmasaydı, fəth də olmazdı…Budur, Şuşa boyda dünyanı qazanmışıq, qüdrətli ordumuzun sayəsində!

Şuşadan doymaq olmur, gəzdikcə gəzmək istəyirsən. 10 min 386 günlük həsrəti 3 saatlıq vüsalla ovundurmaqmı olar? Xan qızı Natəvanın adını daşıyan çeşməli bulağı ziyarət edib enirik qala qapısına doğru. Uzaqdan növbəti Şuşa yazısı ruhumuzu oxşayır, qürurla, vüqarla təkrar-təkrar deyirik qalamızın sevimli adını. Adın şirinliyindən doymaq olmur. 4 hərfin içində iki “ş” hərfinə görə deyil təbii ki. Şuşa bir başqa tamdır. Bəlkə də ona görədir işğal zamanı Azərbaycan tam deyildi, ayrılıqda hər birimiz özümüzü natamam sayırdıq.

Qala divarlarına minnətdarlıq edirəm. Şuşanın fəthində iştirakçı olmuş əsgərimizin “Göydə Allah, yerdə qala, bizi çox qorudu”, sözləri yadınızdadırmı? Güllələrin izləri qalmış divarlar sağ olsun! Bu qala divarlarını tikib nəsillərə ərməğan etmiş kişilərin ruhuna sonsuz sayğılar!

Qalamızın Gəncə qapısı önündə, Xarı bülbülümüzlə birgə xatirə fotoları çəkdiririk. Ermənilərin 28 ildən çox müddətdə “şuşi” adlı yarlıqla mundarlamağa çalışdığı məkanı indi əzəmətli Şuşa adı bəzəyir. Möhtəşəmliyi, əzəməti ilə göz oxşayır qala divarları, göz baxdıqca doymur. Amma hava qaralır, geri dönmək vaxtıdır. Zəfər yolu bizi Mədəniyyətimizin paytaxtından ölkəmizin paytaxtına aparır. Yüksəkliyə qalxdıqca uzaqdan Laçın dəhlizi ilə üzü Ermənistana tərəf hərəkət edən maşınları görürük. Bir neçə saatdan sonra oxuyacağıq ki, ermənilərin Qarabağdan köçü sürətlənib. Azərbaycan bütün varlığı ilə Şuşa qalasında möhkəmləndikcə, aşağıdan yuxarı boylanan ermənilərin alternativi qalmayacaq…

Son söz əvəzi: Bu yazını artıq “Şuşa ili”ndə yazıram. Azərbaycan Prezidenti cənab İlham Əliyev: “Biz 2022-ci ildə Şuşa şəhərinin 270 illiyini qeyd edəcəyik. Pənahəli xan 1752-ci ildə Şuşanın təməlini qoyub və biz yeni ildə bu yubileyi böyük təntənə ilə qeyd edəcəyik. Bu şanlı tarixi nəzərə alaraq və Şuşanın bərpasının sürətləndirmək məqsədilə mən yeni ili “Şuşa İli” elan edirəm”.

Zəfərdən sonra sürətlə dirçəldilən Şuşa daha möhtəşəm olacaq!

P.S.Şuşa səfərinin yüksək səviyyədə təşkilatçılığına görə, Medianın İnkişafı Agentliyinə təşəkkür edirik!

Elşad Paşasoy

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button