Top.Mail.Ru
ƏYALƏT

“Azərbaycan üçün önəmli olan Zəngəzurdan maneəsiz keçiddir” – Politoloqdan İLGİNC açıqlamalar

Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2023-cü ildə Rusiya diplomatiyasının yekunlarına dair ötən həftə keçirdiyi mətbuat konfransında Ermənistanın baş naziri Nikol Paşinyanın regiondakı tranzit marşrutlarla bağlı bəyanatlarından da bəhs etdi və bu bəyanatlarda “bir məntiq görmədiyini” aydın şəkildə ifadə etdi ki, bu da İrəvana növbəti xəbərdarlığın elementi kimi qiymətləndirildi.

LAVROV.jpeg (69 KB)

Saytların yığılması Saytların yığılması

Lavrov qeyd etmişdi ki, son günlər Azərbaycan və Ermənistan liderləri publik çıxışlarda Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqələrin qurulması mövzusuna toxunublar:

“Paşinyan haradasa Ermənistanın Zəngəzur dəhlizinin qəti əleyhinə olduğunu deyib. Halbuki 2020-ci il noyabrın 9-da imzalanan və müharibəni dayandıran bəyanatda bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılacağı bildirilib. Üçtərəfli bəyanatda nəqliyyat yollarının açılması və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqənin təhlükəsizliyinə Ermənistan tərəfindən zəmanət verilməsi qeyd olunub. Razılaşmaya görə, bütün rabitə və nəqliyyat əlaqələri açılır, Ermənistan Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında hər iki istiqamətdə nəqliyyat əlaqələrinin təhlükəsizliyinə təminat verir və nəzarəti Rusiyanın sərhəd xidməti həyata keçirir”.

Rusiya XİN rəsmisi bu sözlərlə N.Paşinyanın Zəngəzur dəhlizini öz nəzarətinə götürmək cəhdinin üstündən xətt çəkmiş olub. Həmçinin, Lavrov xatırladıb ki, üçtərəfli razılaşmaya əsasən, bu yol üçtərəfli sazişlə müəyyən edilib və marşrut Rusiya sərhəd xidmətinin nəzarəti altında Ermənistanın suveren ərazisindən keçir:

“Orada Azərbaycandan Ermənistana giriş və Ermənistandan Azərbaycanın Naxçıvan bölgəsinə çıxış zamanı sərhəd və gömrük nəzarəti prosedurları prinsipcə razılaşdırılıb. Paşinyan isə deyir ki, İran Naxçıvana gediş-gəliş üçün Azərbaycana hansı şərtlərlə yol veribsə, o da eynisini verməyə hazırdır. Açıq desəm, mən onun dediklərində məntiq görmədim. Bu marşrutları müqayisə etmək, çətin ki, düzgün olsun. Əminəm ki, Azərbaycanla Naxçıvan arasında nəqliyyat əlaqəsinin bərpasına alternativ yoxdur”.

Sergey Lavrov onu da qeyd edib ki, üç ölkənin baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli işçi qrup çərçivəsində marşrutlar açılan zaman ölkələrin öz suverenliyini və yurisdiksiyasını tam olaraq saxlaması razılaşdırılıb. Onun sözlərinə görə, baş nazirlərin müavinləri səviyyəsində ilk olaraq dəmir yolu əlaqəsinin bərpası barədə razılıq əldə olunub. Rusiya baş diplomatı bildirib ki, KTMT sammiti çərçivəsində prezident Putinin İrəvana səfəri zamanı bu məsələ də müzakirə olunmuşdu, “ancaq sonra hər şey pozuldu”.

Lavrov bir daha Paşinyanı anlatmaq üçün xatırladıb: “Ermənistanın suveren ərazisindən keçən marşrut Rusiya Federasiyası FTX-nin sərhəd xidmətinin nəzarəti altında olmalıdır. Azərbaycandan Ermənistana girişdə və Ermənistandan çıxışda nəzarət prosedurları da razılaşdırılıb”.

Bəs Zəngəzur dəhlizi sonda Rusiya XİN başçısının dediyi kimi və ya 10 noyabr bəyannaməsində əks olunduğu qaydada Rusiyanın nəzarətində olacaq, yoxsa Azərbaycanın dövlət başçısının bəyan etdiyi şəkildə, maneəsiz giriş-çıxışın təmin olunması ilə fəaliyyət göstərəcək?

TOGRUL SON.jpg (89 KB)

Politoloq Toğrul İsmayıl Musavat.com-a açıqlamasında bildirib ki, ən ideal variant dəhlizdə maneəsiz giriş-çıxışın təmin olunmasıdır:

“Ən son variant, Azərbaycan maneəsiz şəkildə o bölgədən keçəcək, Azərbaycan və Ermənistan bunun üzərində anlaşacaq. Avropanın istəmədiyi Rusiya sərhəd qoşunlarının bölgəyə yerləşdirilməsi mümkün görünmür. Gümrüdə Rusiya hərbi bazası var, onun tarixi bəllidir, müqavilə var, ona əsasən mövcud olacaq. Amma Zəngəzur dəhlizində olacaq Rusiya missiyasının tarixi bəlli deyil. “Laçın dəhlizi” məsələsində belə, Rusiya missiyası limitlidir. Yəni tarixi var, maksimum 5 il. Azərbaycan uzatmasa, çıxacaqlar. Zəngəzur dəhlizinə münasibətdə bu xronologiya yoxdur”.

Toğrul İsmayıl qeyd edib ki, ona görə də Avropa Rusiyanın uzun müddət burada qalacağından narahatdır və bunu istəmir:

“Paşinyanın, onun xarici işlər naziri və digərinin dili ilə bunu deyirlər. Ona görə də Paşinyan deyir biz Rusiyanı istəmirik. Halbuki 2020-ci ilin 10 noyabrında Ermənistanın baş naziri bu sənədin altına imza atıb. Azərbaycan üçün fərqi yoxdur nə şəkildə. Azərbaycan üçün önəmli olan Zəngəzurdan maneəsiz keçiddir və mən əminəm ki, bu, gerçəkləşəcək. Beynəlxalq hüquq da buna imkan verir, yəni bu, zidd bir şey deyil. Ermənilər 1991-ci ildən bəhs edirlər, o zaman da o maneəsiz keçid var idi, Zəngəzur dəmir yolları Azərbaycana bağlı idi, mərkəzi də Naxçıvanda idi və orada çalışan erməni vətəndaşların maaşını da Azərbaycan dəmiryolları ödəyirdi. Dünya praktikasında da belə nümunələr var. Rusiya Kalininqrada necə keçir? Qatarla, avtomobillə. Yaxud Amerika Alyaskaya necə keçir, sadəcə təyyarə iləmi? Zənn etmirəm. Məsafə çox böyükdür, əlbəttə, orada gömrük istifadə edə bilirlər. Amma Zəngəzurda məsafə çox qısadır. Qısa olduğu üçün də Azərbaycanın bütün torpaqları bir-birinə manesiz keçidə sahib olsun deyə, məncə, maneəsiz keçidin də gerçəkləşmək ehtimalı çox yüksəkdir. Hesab edirəm ki, Zəngəzur dəhlizi Azərbaycan üçün “olmazsa, olmaz” deyil, İran ərazisindən də keçə bilərik. O ki qaldı bizim dəmir yolu bağlantımıza, Bakı-Tiflis-Qars dəmir yolu xətti də işləyir. Burada iki məsələ var: lokal xarakterli, Azərbaycan torpaqları birləşəcək, ikincisi, bölgə üçün inteqrasiya xarakteri beynəlxalq xarakter daşıyan nəqliyyat vasitələri içərisində alternativ yol açılacaq”.

E.Paşasoy,
Musavat.com

Bənzər yazılar