Top.Mail.Ru
ƏYALƏT

Deputatdan xəbərdarlıq: “Bundan sonra regionumuzda baş verə biləcək gərginliklərin məsuliyyəti…”

Milli Məclisin yaz sessiyasının ilk iclasında cari məsələlərin müzakirəsi zamanı çıxış edən deputat Musa Qasımlı Avropa Şurası Parlament Assambleyasında (AŞPA) ölkəmizə qarşı yürüdülən açıq-aşkar böhtan, qarayaxma, ədalətsiz siyasətə etiraz olaraq nümayəndə heyətimizin fəaliyyətini qeyri-müəyyən müddətə dayandırmasını yaranmış şəraitdə atılmış düzgün addım hesab etdiyini bildirdi:

“Çünki təkcə AŞPA deyil, heç bir təşkilat özünü dövlətlərin suverenliyinin fövqündə tuta və hökm dili ilə danışa bilməz. Dövlətlər olmasa, həmin təşkilatlar da yaranmaz və fəaliyyət göstərməzlər. AŞPA-nın belə davranışları özünə qarşı yönələcək, ən çox ziyanı da özü çəkəcəkdir. Hamıya aydındır ki, bu təşkilat yaradılarkən elan etdiyi dəyərləri artıq ayaq altına atıb. Azərbaycan əleyhinə fəaliyyət göstərənlər bilməlidirlər ki, demokratik inkişaf yolunu millətimiz hər hansı xarici təsirlərin, mərkəzlərin, dövlətlərin göstərişi deyil, özünün iradəsi ilə seçib”.

Saytların yığılması Saytların yığılması

M.Qasımlının sözlərinə görə, AŞPA-da ölkəmizin əleyhinə belə fəaliyyətlərin əsl səbəbi Azərbaycan dövlətinin ərazilərini bu qurumdakı bir sıra ölkələrin də müdafiə etdikləri təcavüzkar Ermənistanın işğalından azad etməsi və onu məğlub etməsi ilə bağlıdır:

“Azərbaycanın 44 günlük Vətən müharibəsində və lokal xarakterli antiterror tədbirləri nəticəsində təkcə təcavüzkar Ermənistanın deyil, həmin ölkələrin də üzərində qələbə qazanmasını və dövlət suverenliyini tam bərqərar etməsini bir çoxları həzm edə bilmirlər. Gələcəkdə hər hansı təşkilatda və ölkədə əleyhimizə qərar qəbul ediləcəksə bu o deməkdir ki, Azərbaycan onları da məğlub edib. Qəbul edilən belə qərarlar Azərbaycan və Ermənistan arasında sülhə deyil, gərginliyin yaradılmasına xidmət edir. Bundan sonra regionumuzda baş verə biləcək gərginliklərin məsuliyyəti bu təşkilatın və bənzər fəaliyyətlər göstərənlərin üzərinə düşəcək”.

Bənzər yazılar