Top.Mail.Ru
ƏYALƏT

Din sahəsindəki sabitliyi DİN-ə borcluyuq: Komitə sədrlərinin davası nəyin üstündədir?- TƏHLİL

Bir neçə gündən sonra müqəddəs Ramazan ayı başlayır. Bilindiyi kimi, müsəlmanlar bu ay boyunca oruc tutur, dini vəzifələrini yerinə yetirirlər. Eyni zamanda Azərbaycanda artıq “ənənə” halını almış din müzakirələri Ramazan ayında baş verir.

Bu il artıq Ramazan ayı gəlməmişdən din müzakirələri başladı, özü də necə deyərlər, “yuxarılardan”. Bu həftənin əsas gündəm mövzusu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədrləri Rafiq Əliyev və Hidayət Orucovun bir-birini ittiham edən müsahibələri oldu.

Saytların yığılması Saytların yığılması

rafiq-eliyev.jpg (68 KB)

Rafiq Əliyev

Əlbəttə, bu yazıda keçmiş sədrlərin söz atışmasını müzakirə etmək istəmirəm. Buna gərək də yoxdur, çünki özləri lazım olan bir çox mətləblərə toxunublar. Bilindiyi kimi, Rafiq Əliyev DQİDK-nin qurucu sədridir, 5 il – 2001-2006-cı illərdə – komitəyə rəhbərlik edib. Hidayət Orucov isə R.Əliyevdən sonra bu vəzifəyə təyin olunub və 6 il – 2006-2012-ci illər ərzində – bu postda qalıb.

Etiraf edim ki, hər iki keçmiş sədrin müsahibələrini oxudum və diqqətimi bir neçə məqam cəlb elədi. Üstəlik, DQİDK-nin yarandığı gündən bu yana fəaliyyətini izləmiş, necə deyərlər o dövrün canlı şahidi və ən əsası ölkədə hazırkı dini vəziyyətdən və din siyasətinin gələcəyi ilə bağlı narahat olan biri kimi bu qeydləri yazmağa qərar verdim.

hidayet.jpg (143 KB)

Hidayət Orucov

Maraqlıdır ki, hər iki şəxs qarşılıqlı olaraq bir-birini ittiham edib və vəzifənin öhdəsindən gələ bilməməkdə ittiham edib. Hər iki keçmiş sədrin sözlərindən məlum olur ki, hələ o illərdən dini idarəçilik sahəsində vəziyyət yaxşı olmayıb. Daha dəqiqi, dövlətin din siyasətini aparan qurumun rəhbərləri, yəni faktiki olaraq Azərbaycan dövlətinin din siyasətini formalaşdırıb həyata keçirməyə məsul olan şəxslər yerində olmayıblar və bu sahədə ciddi problemlər olub. Yeri gəlmişkən, hazırda DQİDK sədri postu faktiki olaraq boşdur, son 10 ildə bu vəzifəni icra etmiş Mübariz Qurbanlı prezident İlham Əliyev tərəfindən seçkilərdən sonra vəzifəyə təsdiq edilmədi. Bu səbəbdən də hazırda sədr vəzifəsini müvəqqəti olaraq Səyyad Aran icra edir.

eg.jpg (39 KB)

Səyyad Aran

O da maraqlıdır ki, həm Rafiq Əliyev, həm də Hidayət Orucov Mübariz Qurbanlının sədrlik fəaliyyətini müsbət qiymətləndirib. Bu, doğrudanmı belədir? Əlbəttə, Azərbaycanda din sahəsində sabitlik var. Amma bu sabitliyin əsasında DQİDK sədrlərinin fəaliyyəti və ya Komitənin din siyasəti dayanmır. Azərbaycanda dini sabitlik varsa buna görə təşəkkür Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinə düşür. Çünki din sahəsində sabitliyin qarantı məhz bu qurumlardır, nəinki DİQDK. Din sahəsində, xüsusən də son illərdə müvafiq dövlət qurumunun apardığı siyasət heç də barışıq və birgə yaşayışa xidmət etməyib. Halbuki, artıq ortada Qafqaz Müsəlmanları İdarəsi də yoxdur.

Məsələ ondadır ki, DQİDK-nin yarandığı ilk illərdə bu qurumla QMİ arasında səlahiyyət bölgüsündə anlaşılmazlıqlar olub. Bu da təbii idi, çünki dövlət qurumu yeni yaranmışdı və səlahiyyət sərhədləri konkret deyildi. O da sirr deyil ki, Komitə sədrləri ilə QMİ arasında daim münaqişə olub. Dövlət rəhbərliyi isə iki qurum arasında balans yaratmaqla münaqişədə tərəf tutmayıb.

Ancaq M.Qurbanlının dövründə bu vəziyyət dəyişdi, dövlət komitəsinin səlahiyyətləri və imkanları genişləndi. Dini maarifçilik (Mənəvi Dəyərlərin Təbliği Fondu), dini təhsil (Azərbaycan İlahiyyat İnstitutu və yeni yaradılan İlahiyyat kolleci), icmaların maliyyələşməsi, nəhayət son olaraq məscidlərə din xadimi təyinatı QMİ-dən alınaraq DQİDK-ə verildi.

üedüdüed.jpg (369 KB)

  Mübariz Qurbanlı

Ancaq faktiki olaraq böyük bir nazirliyə çevrilmiş DQİDK iş prinsiplərində ciddi dəyişiklik etmədi, 23 il əvvəl olduğu kimi, adminstrativ nəzarət qurumu kimi fəaliyyət göstərdi. Dövlətin din siyasətini həyata keçirməli olan qurum faktiki olaraq cəza qurumu kimi fəaliyyət göstərdi. Paytaxtda və regionlarda çoxlu sayda nüfuzlu din xadimi müxtəlif ittihamlarla, o cümlədən diplom və attestasiya adı ilə məscidlərdən uzaqlaşdırıldı, onları isə daha çox məmur seçimi formasında yeni ruhanilər əvəz etdi.

Əlbəttə, hər kəs anlayır ki, din xadimlərini məsciddən qovmaq heç də onun fəaliyyətini məhdudlaşdırmaq demək deyil, xüsusən də indiki kommunikasiya əsrində. Əksinə, illərlə eyni məsciddə xidmət etmiş, yerli əhalinin rəğbətini qazanmış ruhanilərin uzaqlaşdırılması dindar və dövlət arasında uçurum yaradırdı. Ən pisi isə məsciddən uzaqlaşdırılmış din xadimlərinin evlərdə, “yeraltı” camaatlar yaratması təhlükəsi ortaya çıxır. Hansı ki, çox uzaq olmayan keçmişdə Türkiyə və İran bunun acı təcrübəsini yaşayıb. Nüfuzlu din xadimlərinin məscidlərə buraxılmaması siyasəti alternativ icmalar və camaatların ortaya çıxması ilə nəticələnib. Onların da acı nəticələri ortadadır. Halbuki, daha sağlam və qarşılıqlı anlaşmaya xidmət edən yollar tapmaq olardı. Çünki son nəticədə ortada Azərbaycan vətəndaşlarından söhbət gedir.

Bu mərhələdə bir çox işləri isə güc orqanları həll etməli oldu. Ancaq bunu DQİDK edə bilərdi. Özü də dövlətin ona verdiyi səlahiyyət və imkanlar çərçivəsində, yumşaq güc və anlaşma şəraitində. Bunun ən bariz nümunəsi bir il əvvəl Bakıda Məşədi Dadaş məscidində oldu. Hacı Şahin Həsənlinin imamlıq etdiyi bu məscid Bakıda ən qələbəlik camaatlardan biri idi.

279416231_1512528892483261_150241115020770046_n.jpg (115 KB)

 Hacı Şahin

Hər cümə günü bir neçə min insan bu məscidə gəlirdi. Ancaq martın 2-də Hacı Şahinin dünyasını dəyişməsindən sonra DQİDK rəhbərliyi bu icma ilə dil tapa bilmədi. Əvvəlcə icma üzvləri ilə danışığa gedib məscidin öz ruhanilərindən birini imam təyin etməyə razılaşsa da, sonradan gözlənilmədən kənardan ruhani təyin etməklə camaatın məscidi tərk etməsinə səbəb oldu. Artıq bir ildir ki, Məşədi Dadaş məscidi faktiki olaraq boşdur, hətta Komitənin bu məsciddə siyasətçilər vasitəsilə süni qələbəlik yaratmaq cəhdləri, tədbirləri nəticə vermədi. Halbuki DQİDK rəhbərliyi mövzuya daha təşəbbüskar və milli-dini maraqlardan yanaşsaydı indi Bakının ən izdihamlı və milli dəyərlərə bağlı icmasının olduğu məscid indi boş qalmazdı. Və daha da pisi odur ki, dövlətin ali dini idarəsi bir ildir ki, etdiyi yanlışı aradan qaldırmaq, səhv qərarını düzəltmək istəmir. Halbuki məscidi əvvəlki vəziyyətinə qaytarmaq, icmanı yerinə bərpa etmək üçün çox çətin bir proses deyil.

Məşədi Dadaş ətrafında baş verənlər Azərbaycanda son illərdə din sahəsində baş verən çoxlu sayda hadisələrdən bir “nümunədir”. Maraqlıdır ki, keçmiş komitə sədri Rafiq Əliyev Hidayət Orucovu dini və siyasəti zəif bilməkdə, Hidayət Orucov isə Rafiq Əliyevi dövlət idarəçiliyində təcrübəsiz olmaqda ittiham edib. Mən isə düşünürəm ki, ölkənin din siyasətini aparmaq, dövlət və din münasibətlərini qurmaq üçün dərin dini savad və dövlət işi təcrübəsi lazım olsa da, bunlar yetərli deyil. Uğurlu din-dövlət modeli qurmaq üçün həm də Azərbaycanın milli maraqlarını düşünmək və qorumaq, bunun üçün sistemli iş qurmaq lazımdır. Ümid və arzu edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin növbəti sədr seçimində bu kriteriyalar əsas götürüləcək. Əks halda çoxillik oturuşmuş din siyasətindən danışmaq hələ uzun zaman arzu olaraq qalacaq.

Kənan Rövşənoğlu,
Xüsusi olaraq Musavat.com üçün

Bənzər yazılar