Top.Mail.Ru
ƏYALƏT

Ekspert: “Azad olunan ərazilərdə yaşayış yerlərinə tələbat artacaq”

“Özəl sektora mənim tövsiyəm budur ki, bundan istifadə etsinlər. Çünki vaxt gələcək, dediyim o Qarabağı və Zəngəzuru cənnətə çevirəcəyik, bu, reallığa çevriləcəkdir. Mənim heç bir şübhəm yoxdur, çünki şəhərlərin bütün Baş planları təsdiqləndi. Şəhərlərin bütün Baş planları dünyanın, daha doğrusu, Avropanın ən qabaqcıl şirkətləri tərəfindən hazırlanmışdır, o cümlədən Şuşa şəhəri. Şuşa elə bir şəhərə çevriləcək ki, bunun dünyada bənzəri olmayacaq, memarlıq və təbiət bir vəhdət təşkil edəcək. Ona görə bizim özəl sektorumuz Bakıda, Sumqayıtda hər bir tində ev tikməkdənsə, getsinlər orada evlər tiksinlər və görərlər ki, iqtisadi cəhətdən də səmərəli olar və eyni zamanda, biznesin sosial məsuliyyəti nöqteyi-nəzərindən də önəmli olar”.

Bu sözləri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib.

Saytların yığılması Saytların yığılması

Bəs görəsən, özəl şirkətlər Prezidentin bu ismarışından nəticə çıxaracaqlarmı? Qeyd etmək yerinə düşər ki, son illər özəl şirkətlər daha çox paytaxtda və paytaxta yaxın ərazilərdə binaların tikintisinə üstünlük verirlər. Onlar bunu şəhərdə iş yerlərinin daha çox olması və bölgələrdən şəhərə insan axının olması ilə əlaqələndirirlər.  Bəs görəsən, işğaldan azad olunan ərazilərdə necə, bu işi tezləşdirmək mümkün olacaqmı? Bu istiqamətdə hansı addımlar atılacaq?

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev mövzu ilə bağlı Musavat.com-a dedi ki, tikinti şirkətləri harada ev tikirlərsə, orada onların maddi maraqları var: “Vətəndaşlar özləri yaşayış massivlərində infrastruktura yaxın, iş yerlərinə yaxın yerlərdə fərdi yaşayış evi almağa, yaxud torpaq sahəsi alıb onun üzərində ev tikməyə maraqlıdırlar. İşğaldan azad olunan ərazilərmizdə də  abadlıq işləri gedir, insanların rayonlara köçmə prosesləri başlayıb. Bu proses sürətlə gedir. Ərazi olaraq bura çox böyükdür. 2020-ci ildən çox da böyük müddət keçməyib. Bundan əlavə, 2023-cü ilin sentyabrın 19-20-də həmin ərazilərdən erməni silahlı qüvvələri tamamilə çıxarıldı. Antiterror əməliyyatından sonra tikinti işləri daha da sürətləndirildi. Düşünürəm ki, köç prosesi yekunlaşdıqdan sonra artıq həmin ərazilərdə digər əmlaklara da tələbat artacaq. Bunu ona görə əsaslandıra bilərəm ki, azad olunmuş ərazilərimizdə 140 adda təbii sərvət var. Bu təbii sərvətlərin emalına start verilsə, təbii ki, orada yeni iş yerlərinin açılmasına səbəb olacaq. Kütləvi surətdə insan axınına səbəb olacaq. Həmin ərazilərdən vaxtilə didərgin düşmüş əhali də, digər vətəndaşlarımız da iş üçün oraya üz tutacaqlar. Artıq Xankəndi şəhərində Qarabağ Universitetinin açılması ilə bağlı qərar da verildi. Həmin ərazilərdə yeni ali təhsil müəssisələrinin tikilməsi tələbə-müəllim axınına səbəb olacaq və onlara yeni mənzillər lazım olacaq. Bu baxımdan, yaxın gələcəkdə fərdi şəkildə və şirkətlərin tikinti işlərini aparması gözləniləndir. Eyni zamanda, həmin ərazilərdə turizm sektoru inkişaf etdikdən sonra da orada insan sayının çoxalmasına, bununla da yaşayış yerlərinə tələbatın artacağına şahid olacağıq”.

Bənzər yazılar