Top.Mail.Ru
ƏYALƏT

Gürcüstan-Türkiyə-Azərbaycan XİN rəhbərlərinin üçtərəfli görüşü keçiriləcək

Türkiyədə səfərdə olan Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili fevralın 15-də Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb.

Trend xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Saytların yığılması Saytların yığılması

Bildirilir ki, Gürcüstan və Türkiyənin xarici işlər nazirləri iki ölkə arasında strateji tərəfdaşlığın gündəliyinə daxil olan mühüm məsələləri, o cümlədən ticarət, iqtisadiyyat, enerji, nəqliyyat, strateji regional layihələr, mədəni-humanitar sahələrdə əməkdaşlıq məsələlərini müzakirə ediblər. Nazirlər ikitərəfli ticarət-iqtisadi əlaqələrin dinamikasını yüksək qiymətləndiriblər.

Strateji tranzit və enerji layihələrinin həyata keçirilməsi məsələləri də müzakirə olunub, Gürcüstan, Azərbaycan və Türkiyənin tranzit potensialı nəzərdən keçirilib. Bu kontekstdə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, eləcə də Orta Dəhlizin inkişafının vacibliyi vurğulanıb.

Görüşdə yüksək səviyyəli səfərlərin həyata keçirilməsinin önəmi qeyd edilib. Həmçinin Gürcüstan-Türkiyə yüksək səviyyəli strateji əməkdaşlıq şurasının əhəmiyyətindən də söz açılıb. Regionda gedən proseslərə və təhlükəsizlik çağırışlarına xüsusi diqqət yetirilib, Türkiyənin Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə davamlı dəstəyi bir daha təsdiqlənib.

Söhbət zamanı Cənubi Qafqazın çox uzun müddətdir davam edən qalıcı problemlərindən biri olan Azərbaycan və Ermənistan arasındakı sülh prosesi məsələsi müzakirə olunub. Nazirlər regionun davamlı və sabit inkişafının zəruriliyini, eləcə də regionda sülhün təşviqi baxımından Gürcüstan və Türkiyənin rolunun artırılmasının vacibliyini vurğulayıblar.

Görüşdə Gürcüstan-Türkiyə-Azərbaycan üçtərəfli əməkdaşlığının uğurlu formatından danışılıb, bu format çərçivəsində yaxın vaxtlarda Gürcüstan-Türkiyə-Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli görüşünün keçiriləcəyi bildirilib.

Gürcüstan və Türkiyənin xarici işlər nazirləri, həmçinin aktual beynəlxalq problemlərə dair məlumat mübadiləsi aparıb, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər.

Bənzər yazılar