Top.Mail.Ru
ƏYALƏT

“İnşaat vandalizmi”nə qurban gedən Bakı

Amerikalı kriminal psixoloq Filip Zimbardo 1969-cu ildə antisosial davranışlar və digər cinayətlərdə vandalizm simptomları ilə bağlı təcrübədən ilhamlanaraq, “Sınmış pəncərələr” nəzəriyyəsi irəli sürüb.

Psixoloq Zimbardo Kaliforniyanın oğru-quldur yuvası olan Bronks massivində və elitar adamların yaşadığı Palo Alto məhəllələrində dövlət nömrə nişanı olmayan avtomobillər qoyub. Bronksda “tərk edilmiş avtomobil” bir neçə dəqiqə sonra vandalların hücumuna məruz qalıb. Öncə maşının radiatoru və akkumulyatoru ata, ana və azyaşlı oğuldan ibarət ailə tərəfindən oğurlanıb. Daha sonra avtomobilin şüşələri sındırılıb, üzlükləri cırılıb, təkərləri çıxarılıb 24 saatın içində avtomobil uşaqların oyun alətinə çevrilib. Zimbardo bir kənardan maşının başına açılan oyunları qeydə alıb.

Saytların yığılması Saytların yığılması

Palo Altodakı avtomobilə isə bir həftədən çox müddətdə heç kim toxunmayıb. Daha sonra Zimbardo çəkiclə nəqliyyat vasitəsinə yaxınlaşıb və qəsdən maşının pəncərələrini sındırıb. Qısa müddətdən sonra avtomobilin parçalanması işinə başqa insanlar da qoşulub. Zimbardo qeydə alıb ki, hər iki halda avtomobillərə zərər verən vandalların əksəriyyəti ləyaqətli və hörmətli görünən ağ adamlardır.

Bronks kimi məhəllələrdə yiyəsiz əmlakın daha tez məhv ediləcəyi və ya oğurlanacağına dair cəmiyyətdəki inamın əksinə olaraq, düşünülürmüş ki, eyni şey nəzakətli, mədəni insanların çox olduğu yerlərdə heç kim “yiyəsiz mal”a toxunmayacaq. Amma bir çəkic zərbəsi və sınmış pəncərələr ətrafdakıları bu cür antisosial davranışlara həvəsləndirib.

Psixoloqun təcrübəsindən çıxan nəticə odur ki, heç vaxt heç nə insanların vicdan və qanacaqlarına, mədəniyyət və mərhəmətlərinə buraxıla bilməz. Lap 100 adamın 95-i mədəni, nəzakətli olsa da, mütləq 5 zərərverici tapılacaq ki, ümumi ahəngi, düzəni pozacaq, daha sonra xaos mühiti yaranacaq.

Əgər sınmış pəncərələr təmir olunmasa, vandalların daha bir neçə pəncərəni sındırması ehtimalı böyükdür. Bir bina boşdur və yiyəsizdirsə, tezliklə bütün pəncərələri sındırılacaq, xarabaya çevriləcək. Bir səliqəli və təmiz səkiyə ilk qoyulan zibil torbası götürülmürsə, ora tezliklə zibilxanaya çevriləcək. İnsanlara bu yerə zibil tökmək vərdişini tərgitmək uzun çəkəcək – ta “buraya zibiı atanın atasına, var-yoxuna nəhlət”, yaxud “ay eşşək, bura zibil atma” kimi “qraffitilər” yazılana qədər.

Yeni alınmış avtobusların oturacaqlarının qısa müddətdən sonra kəsik-kəsik edildiyini hamı görüb. Bir vandal ilk olaraq bu işi edir, sonra ardı gəlir.

İnsanların özbaşına saldıqları yaşayış məhəllələrindəki xaosdan hər kəsin xəbər var. Heç bir plandan əsər-əlamət yoxdur; bir maşının zorla hərəkət edə biləcəyi dar-düdük küçələr, bir-birinə söykək evlər, kanalizasiya xətlərinin bərbadlığı və s. Baxırsan, Kəlküttənin kasıb məhəllələrinə oxşayır. Çünki tikililər özbaşına salınıb. Özbaşına buraxılmış hər şey belə olur: yöndəmsiz, səliqəsiz, əlverişsiz.

425321464_2042040119505084_6736352970440439698_n.jpg (228 KB)

Tez-tez internet resurslarında Barselona şəhərinin quş baxışı rakursdan çəkilmiş bir şəkili payıaşılır. Şəhərin ideal dizaynı, paralel və perpendikulyar küçələrin səliqə-sahmanı, on minlərlə binanın kvadrat şəkilli muxtar yaşayış kompleksləri şəklində inşa edilməsi göstərir ki, adamlar hələ yüz il öncə hər şeyi planla görüblər, yaşayacaqları şəhərə öncədən sahibləniblər və heç bir özbaşınalığa yol verməyiblər. Eyni mənzərəni Avropanın digər qədim şəhərlərində də görmək olar. Müasir yaşayış massivlərindəki səliqədən danışmaq isə artıq olar.

Bizim inşaatçılar son 20 ildə paytaxtımızda saysız-hesabsız çoxmərtəbəli binalar tikiblər – kasıblar gecəqonduları necə tikirlərsə, milyonçu sahibkarlar da çoxmərtəbəli binaları eyni düşüncə tərzi ilə ərsəyə gətiriblər, əsl inşaat vandalizmi törədiblər. Kənardan baxırsan ki, bu, sadəcə, “göydələn meşəliyi”dir, o hündürlükdə binalar bir-birinin ağzının içindədir, eyvanlar bir-birinə söykənib, hətta iki qonşu binanın bir-birinə yaxın eyvanlarının arasında nərdttaxta açıb “şeş-beş” atmaq olar.

Bütün bunlar ona görə baş verib ki, vaxtında şəhərin normal düşünən, gələcəyi görən, xalqın mənafeyini fikirləşən sahibi, yiyəsi olmayıb. O vəzifəni tutanların başı şəhərdəki boş sahələri sot-sot satmağa qarışıb. Nəticədə Bakı indi 3+ milyonluq meqapolisə çevrilib, paytaxtda əndazəsini aşımış insan və maşın sıxlığı var, sərbəst hərəkət etmək, mənzil başına rahat çatmaq olmur.

Hər şeyi yenidən başlamaq isə mümkün deyil, gecdir. Abad ölkələrin təcrübəsindən yararlanmaq xasiyyətimiz yoxdur. Biz hər dəfə velosipedi özümüz icad etmək istəyirik, o da alınmır.

 

Bənzər yazılar