Top.Mail.Ru
ƏYALƏT

İrəvandan sülhə “operativ” zərbə – əsgərimizi tutdular

XİN başçılarının Berlin görüşü başlayan saatlarda yolu azaraq şərti sərhədi keçən hərbçimizə cinayət işinin qaldırılması Ermənistanın məkrli siyasətinin növbəti göstəricisidir; ekspert: “Azərbaycan konkret 3 ay vaxt verməlidir və … ”

28 fevralda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan Almaniyanın paytaxtında görüşüb. Yazı çapa hazırlanarkən danışıqların detalları barədə hansısa məlumat açıqlanmamışdı. Amma danışıqlar bu gün, fevralın 29-da da davam etdiriləcək, yalnız ondan sonra hansısa məlumatların açıqlanacağı gözlənilir.

Ümumilikdə Berlin görüşünün baş tutması müsbət hadisədir. Azərbaycan bütün dönəmlərdə əməlləri, davranışları ilə sübut edib ki, sülh üçün əlindən gələni edir və edəcək. Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyev keçirdiyi görüşlərdə, verdiyi açıqlamalarda bir daha sülhə sadiqliyimizi bəyan etdi. Münxen konfransından sonra Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Berlində görüşməsi bu baxımdan pozitiv hadisədir. Azərbaycan təbii ki, sülh gündəliyinə sadiqdir. Ancaq öncədən də bəllidir ki, indiki – mövcud reallıqlar çərçivəsində Ermənistan tərəfi Berlin görüşünə də hansısa nəticə üçün yox, sırf beynəlxalq aləmin gözündən pərdə asmaq, imitasiya üçün gedir. Çünki Fransa, Qərb İrəvanı sülhdən yayındırmağa çalışır. Belə durumda təbii ki, Ermənistan Berlində sülhlə bağlı müzakirələrdə səmimi olmayacaq, hər hansı bir öhdəliyi yerinə yetirməyə razılıq verməyəcək. Təbiidir ki, İrəvan xarici təsir dairələrinin boyunduruğunda qaldıqca onu sülh sazişi imzalamağa imkan verməyəcəklər. Ermənistan ilk növbədə doğru siyasi kursunu müəyyənləşdirməli və Azərbaycanın təklif etdiyi birbaşa danışıqlara razı olmalıdır. Nəticə yalnız bu zaman ola bilər…

Saytların yığılması Saytların yığılması

Ermənistandakı ayrı-ayrı dairələr hətta indiki, sülh danışıqlarının getdiyi saatlarda belə, qeyri-konstruktiv davranmaqdadırlar. “Sülh müqaviləsinin mətni üzərində iş aparılarkən müəyyən maddələr razılaşdırılsa da, sonrakı mərhələlərdə Azərbaycan bundan yayınıb”. Musavat.com xəbər verir ki, belə bir əsassız suçlama və böhtan Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komissiyasının sədri, hakim “Vətəndaş sazişi” partiyasından olan deputat Sarkis Xandanyan tərəfindən gəlib.

Laçında azan əsgərimiz son telefon danışığında anasına NƏ DEYİB? - VİDEO

Göründüyü kimi, Ermənistanda sülhü pozmaq istəyən qüvvələr yalnız revanşistlər, yəni Qarabağ klanı, kilsə, yaxud daşnaklar deyil, hətta hakim partiya üzvləri də sülhə “daş” atırlar.

Digər bir fakt: Fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Ermənistan isə bununla bağlı açıqlamasında bildirib ki, hərbçimizi tutub saxlayıblar, hadisə ilə bağlı cinayət işi açıblar… 

Ermənistanın sülh danışıqları gedən gündə belə bir açıqlama ilə çıxış etməsi, sadəcə, yolu azan hərbçiyə qarşı ittihamlar irəli sürməsi onun məkrli məqsədlərindən xəbər verir. Kəsəsi, bu fakt Ermənistandan sülh prosesinə “operativ” zərbə-yolu azaraq şərti sərhədi keçən hərbçimizə cinayət işinin qaldırılması  rəsmi İrəvanın məkrli siyasətinin növbəti göstəricisidir. Bütün bu davranışlar isə sülhü yaxınlaşdırmır. Azərbaycan bir çox hallarda erməni hərbçiləri ilə bağlı anoloji faktlara humanizm prinsiplərindən yanaşıb, hər hansı tələb irəli sürmədən onları geri təhvil verib. Keçən ilin sonlarında iki azərbaycanlı əsgərin geri alınmasının qarşılığında isə 32 erməni əsir İrəvana təhvil verilmişdi. Görünür, Ermənistan bu dəfə də Bakıdakı əsirləri almaqdan ötrü bu faktdan istifadə etmək istəyir. Bəs indiki halda Berlin görüşündən nələr gözləmək olar? Avropa İttifaqının bir aparıcı üzvü sülh prosesində moderatorluq edir, Fransa isə gərginliyi tətikləyir. Bu vəziyyət nə vəd edir?

Akif Nağı: “Əsas meyar din deyil, milliyətçilikdir”

Akif Nağı 

Azad Vətən Partiyasının sədri Akif Nağı bildirdi ki, “Berlin prosesi” Qərbin Rusiyanı regiondan, bütün proseslərdən sıxışdırıb çıxarmaq siyasətinin tərkib hissəsidir: “Bu günə qədər bu cür “Praqa prosesi” tipli təşəbbüslər dəfələrlə olub. Lakin nəticə əldə olunmayıb. Çünki bu proseslər hər dəfə Azərbaycanla Ermənistan üçün vacib olan məsələlərin həllinə deyil, təşəbbüsçülərin öz hədəflərinin əldə olunmasına yönəlib. Bu dəfə də fərqli nəticənin olacağı ehtimalı azdır. Qərb “Qranada iflası”ndan sonra mövqelərini bərpa etmək istəyirdi. Azərbaycan onların gözləmədiyi sərt reaksiyanı verərək, faktiki olaraq prosesdən çıxmışdı. Azərbaycanı geri qaytarmaq üçün Almaniya platformasına üstünlük verdilər. Azərbaycan da, məncə, özünü böyük ümidlərlə aldatmır. Hər halda, müəyyən nəticələrə ümid etmək olar”.

A.Nağı bildirdi ki, tərəflər iki əsas məsələ, sülh müqaviləsi və sərhədlərin delimitasiyasının müzakirəsinə razılaşıblar: “Bu mövzuların konkret seçilməsi də müsbət hal kimi dəyərləndirilə bilər. Münxen görüşündən dərhal sonra xarici işlər nazirlərinin Berlində görüşünün təşkili də praktiki addımların atılacağına ümidlər artırır. Adətən sözlə iş arasında xeyli vaxt keçirdi. İndi isə sanki təşəbbüskarlar nəticəyə nail olmaq istəyindədirlər. Ancaq razılığa gəlmək çətin olacaq. Azərbaycan sülh müqaviləsi ilə bağlı əsas prinsipləri təqdim edib, amma Ermənistan sözdə razılığını bildirir, əməldə isə ziddiyyətli addımlar atır. Delimitasiya məsələsində də İrəvan konstruktiv mövqe tutmur, anklav, eksklav, hətta mifik “31-32 kənd” iddialarını ortaya atır. Bu şəraitdə nəticəyə nail olmaq mümkün deyil. Üstəlik, Ermənistan sürətlə silahlanır, müharibə ritorikası ilə çıxış edir. Azərbaycan Prezidenti prinsipial mövqeyini son günlərdə bir daha nümayiş etdirdi: əks tərəf təklif etdiyimiz şərtləri qəbul etməlidir. Beləliklə, təklif olunan variantlara yox demirik, amma öz yolumuzla gedirik”.

Azərbaycan dünyanın enerji mərkəzinə çevrilib”- Tural İsmayılov | 1news.az  | Xəbərlər

Tural İsmayılov

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Tural İsmayılov “Yeni Müsavat”a bildirdi ki, Ermənistan hakimiyyətinin Azərbaycanla sülh müqaviləsi imzalamaq və sülhə gəlmək niyyətləri yoxdur: “Ermənistanın son addımları, Zəngilanda sərhədimizə qarşı keçirdiyi təxribat və bu fonda Alen Simonyanın açıqlamaları Azərbaycan və Ermənistan arasındakı hərbi eskalasiya riskini artırır. Ümumiyyətlə, sülhlə bağlı tendensiyaların tükənmək üzrə olduğunu göstərir. Azərbaycan və Ermənistan arasında münasibətlərdə yeni bir mərhələyə ehtiyac var”.

Bununla belə, T.İsmayılov hesab edir ki, Berlin görüşü münasibətlərin irəliləməsi baxımından müstəsna əhəmiyyətə malikdir: “Nəzərə almaq lazımdır ki, Azərbaycan Ermənistan arasındakı münasibətlərdə müsbət tendensiyaların əldə edilməsi üçün ikitərəfli əlaqələr inkişaf etdirilməlidir və həmçinin bu əlaqələrin daha da yaxşılaşdırılması üçün tərəflərarası görüşlər vacibdir. Amma Berlin görüşündə konkret nəticələrin əldə edilməsini gözləmirəm. Çünki daha əvvəldə Qərbin vasitəçiliyi ilə keçirilən görüşlərdə elə də bir müsbət tendensiya olmamışdır. Bu görüşlər iki ölkə arasındaki münasibətlərdə müəyyən problemli məqamların müzakirə edilməsi, eyni zamanda əlaqələrin daha da inkişaf etdirilməsi baxımından vacib əhəmiyyətə malikdir”.

Məhəmməd Əsədullazadə: “Azərbaycan Brüsselin vasitəçiliyindən...”

Məhəmməd Əsədullazadə

Politoloq Məhəmməd Əsədullazadə isə bu fikirdədir ki, sülh danışıqlarının uzanması ilk növbədə rəsmi İrəvanın müstəqil siyasi iradəsinin olmamasından irəli gəlir: “Azərbaycan sülhə sadiqdir. Burada bir çox detalların razılaşdırılması şansı var. Amma Ermənistanın baş naziri Nikol Paşinyan Parisin təlimatı ilə hərəkət edir. Çünki silahı o ölkədən alır. Ona görə də burada Fransanın sülhə mane olması mümkündür. Əgər Paşinyan öz siyasətində müstəqil olarsa və ölkəsini blokdadan çıxarmağa maraqlıdırsa, sülh tezliklə gəlməlidir. Düşünürəm ki, Berlin görüşündə bir çox detallar müzakirə edilib. Amma Ermənistan tərəfinin prosesi bu dəfə də pozmayacağına və öhdəlikləri yerinə yetirməyəcəyinə zəmanət yoxdur. Ona görə də Ermənistana etimad sual doğurur. Almaniyanın Ermənistana təzyiq siyasəti yoxdur. Fransada sülhün əleyhinədir. Ona görə də Paşinyanın Azərbaycanla bağlı siyasəti, sadəcə, manipulyasiyadır”. Ekspert hesab edir ki, Berlin görüşündə Ermənistan özünü “sülhpərvər” kimi göstərməyə çalışdı: “Faktiki olaraq Ermənistan sülhə gəlmir. Berlin görüşü qarşılıqlı etimadı inkişaf etdirə bilər. Bu görüşdən də müsbət nəticə gözləmək sadəlövhlükdür. Ermənistan öz konstitusiyasını qəbul etməlidir. Kosmetik danışıqlardan imtina etməlidir. 30 il Ermənistan Azərbaycanla imitasiya danışıqları apardı. Nəticə Azərbaycanın lehinə dəyişdi. Nikol Paşinyan da sələfləri kimi kosmetik danışıqlar aparsa, Azərbaycan danışıqlardan geri çəkilə bilər. Ermənistan sülhdə maraqlı deyilsə, biz də geri çəkilək. Sülh Ermənistana daha çox lazımdır. Bizim üçün Ermənistanın heç bir nə siyasi, nə də iqtisadi perspektivi yoxdur. Kəsəsi, Azərbaycan Ermənistana konkret olaraq 3 ay vaxt verməlidir”.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

Bənzər yazılar