Top.Mail.Ru
ƏYALƏT

Mirşahinlə Misir Mərdanovu öldürmək istəyən İran agentlərindən XƏBƏR VAR

Sabiq təhsil naziri Misir Mərdanovla “Real TV”nin rəhbəri Mirşahin Ağayevə terror planı hazırlamaqda ittiham olunan şəxslərin cinayət işi üzrə məhkəmə araşdırmaları qapalı keçirilən prosesdə baş tutacaq.

Musavat.com xəbər verir ki, bu haqda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə qərar verilib. İş üzrə müttəhimlər kürsüsünə Yusif Mirzəyev, Elvin Cəfərov, Elgün Ağayev, Məhərrəməli Musayev, Hüseyn Hüseynzadə, Savalan Hüseynli, Etibar Məmmədzadə, Mir Vasid Əliyev, İlham Şıxaliyev, Faiq Zeynalov, İlkin Bağırov, Vüqar Mədətov və Ruslan Əliyev çıxarılıb.

Saytların yığılması Saytların yığılması

Yanvarın 24-də keçirilən prosesdə Hüseyn Hüseynzadənin vəkili vəsatətlə çıxış edib.

O bildirib ki, müdafiə etdiyi şəxsə Misir Mərdanov və Mirşahin Ağayevə qarşı sui-qəsd planı hazırlamaq ittihamı verilib. Vəkil həm Misir Mərdanovun, həm də Mirşahin Ağayevin işdə zərərçəkmiş qismində tanınmalarına xitam verilməsini istəyib.

Prosesə sədrlik edən hakim Novruz Kərimov bildirib ki, vəkilin qaldırdığı məsələ sübutların araşdırılması mərhələsinə aiddir: “Hazırkı mərhələdə sübutlar araşdırılmayıb. Buna görə də zərərçəkmiş şəxslərin işdən xaric edilməsi məsələsinə qiymət verilə bilməz. Bu səbəbdən vəkilin vəsatəti hazırkı mərhələdə baxılmamış saxlanılır. Məsələyə sübutların araşdırılması mərhələsində baxıla bilər”.

Daha sonra təqsirləndirilən şəxslər – Mir Vasid Əliyev, Elvin Cəfərov, Yusif Mirzəyev, Vüqar Mədətov, Savalan Hüseynli və Faiq Zeynalovun vəkilləri vəsatətlə çıxış ediblər. Vəkillər müdafiə etdikləri şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi, onların ev dustaqlığına buraxılmasını istəyiblər.

Prokuror vəkillərin vəsatətlərini əsassız sayıb. O, vəsatətlərin təmin olunmamasını istəyib. Prokuror təqsirləndirilən 13 nəfərin barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməməsini deyib. Prokuror cinayət işinin araşdırılması üçün məhkəmə baxışına verilməsini təklif edib.

Daha sonra hakim heyəti hazırlıq iclasının qərarını qəbul etmək üçün müşavirəyə yollanıb. Müşavirədən qayıdan hakimlər qərarı açıqlayıblar.

Qərara görə, təqsirləndirilən şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətlər təmin olunmayıb. Hakimlər cinayət işinin qapalı iclasda araşdırılması barədə qərar qəbul ediblər.

Məhkəmənin baxış iclası yanvarın 31-ə təyin olunub. İttihama görə, iş üzrə zərərçəkmiş şəxs kimi sabiq təhsil naziri Misir Mərdanov və “Real TV”nin rəhbəri Mirşahin Ağayev tanınıb.

İttihama görə, iş üzrə zərərçəkmiş şəxs kimi sabiq təhsil naziri Misir Mərdanov və “Real TV”nin rəhbəri Mirşahin Ağayev tanınıb.

Qeyd edək ki, İran xüsusi xidmət orqanları tərəfindən maddi maraq və dini təbliğat yolu ilə ələ alınmış bir qrup Azərbaycan vətəndaşının respublika ərazisində sabitliyin pozulması məqsədilə törədəcəkləri cinayət əməllərinin qarşısının alınması istiqamətində əməliyyat tədbirləri həyata keçirilib.

Müəyyən edilib ki, İran xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Rufulla Axundzadə və oğlu Əlmürsəl Axundzadə ölkə ərazisində silahlı iğtişaşlar törətməklə Azərbaycanın Konstitusiya quruluşunun zorla dəyişdirilməsi yolu ilə “Kərimə” dövlətinin qurulması, ictimaiyyət arasında tanınan və vəzifəli şəxslərin həyatına sui-qəsdlərin təşkil edilməsi məqsədilə müqavimətçi dəstələr təşkil etmək barədə xüsusi fəaliyyət planı hazırlayıblar.

Həmin planın bir hissəsi kimi Rufulla Axundzadə “whatsapp”, “telegram” və digər ani mesajlaşma sistemlərində məxfi qruplar yaradıb.

Bundan başqa, R.Axundzadə və oğlu Ə.Axundzadə həyatlarına sui-qəsdlərin təşkil edilməsi üçün vəzifəli şəxslərin və ictimai xadimlərin siyahısını, onların anket məlumatları, yaşayış və iş yerlərinin ünvanlarını qrup üzvlərinə təqdim ediblər.

Bu məqsədlə o, odlu silah əldə etmək və “molotov kokteyli” hazırlamaqla bağlı qrup üzvlərinə tapşırıqlar verib. Əməliyyat zamanı “Qisas 313” adlı qrupun 13 nəfər üzvü – Yusif Mirzəyev, Elvin Cəfərov, Elgün Ağayev, Məhərrəməli Musayev, Hüseyn Hüseynzadə, Savalan Hüseynli, Etibar Məmmədzadə, Mir Vasid Əliyev, İlham Şıxaliyev, Faiq Zeynalov, İlkin Bağırov, Vüqar Mədətov və Ruslan Əliyev, eləcə dəst qrupun digər üzvləri saxlanılaraq istintaqa təqdim ediliblər. Rufulla Axundzadə adları sadalanan şəxsləri təlimatlandıraraq onları təsir dairəsində saxlamaq məqsədi ilə davamlı virtual görüşlər keçirib. Bu yolla o, dəstə üzvlərində radikal meyillərin daha da güclənməsinə şərit yaradıb. Qrup üzvləri Rufulla Axundzadənin göstərişi ilə respublika ərazisində “Kərimə” dövlətinin qurulması, müxtəlif pozuculuq, kütləvi iğtişaşlar, sui-qəsdlər və bu kimi qanunsuz fəaliyyətlə məşğul olacaqlarına, sosial şəbəkələrdə radikal dini paylaşımlara müsbət reaksiya göstərən digər şəxsləri də üzv olduqları “müqavimətçi dəstə”yə əlavə edəcəklərinə və bu kimi çirkin əməllərinə müqəddəs Qurani-Kərimi də alət edərək ona and içiblər.

Həmçinin onlar müxtəlif dövlət orqanlarının inzibati binaların yaxınlığındakı küçələrdə radikal dini şüarlar yazaraq vətəndaşlar arasında çaşqınlıq yaratmaq məqsədi ilə şəkillər çəkib sosial şəbəkələrdə paylaşıblar.

R.Axundzadə, həmçinin dəstə üzvlərini dini təhsil almaq adı ilə İrana aparmaqla hərbi təlimlərə və qanunsuz silahlı-ekstremist təşkilatlara cəlb etməyi planlaşdırıb.

R.Axundzadə ölkə ərazisində xarici xüsusi-xidmət orqanları ilə məxfi əməkdaşlığa cəlb edilən şəxslərin “ifşa” olunması istiqamətində keçirilən uğurlu əməliyyatlardan sonra ani mesajlaşma sistemlərində yaratdığı qrupların bağlanması, dəstə üzvlərinin isə bir müddət sosial şəbəkələrdə aktiv olmamaları barədə tapşırıqlar verib.

Dəstə üzvləri eyni zamanda xaricdən onlara göndərilən pul vəsaitlərini Azərbaycanda dini radikalizmin təbliğinə və digər pozuculuq fəaliyyətlərinin maliyyələşməsinə sərf ediblər.

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Yusif Mirzəyev, Elvin Cəfərov, Elgün Ağayev, Məhərrəməli Musayev, Hüseyn Hüseynzadə, Savalan Hüseynli, Etibar Məmmədzadə, Mir Vasid Əliyev, İlham Şıxaliyev, Faiq Zeynalov, İlkin Bağırov, Vüqar Mədətov və Ruslan Əliyev həbs ediliblər.

Bənzər yazılar