Top.Mail.Ru
ƏYALƏT

Rəisinin yerini tutmaq istəyənlərin ADLARI! İranın 9-cu prezidenti olmağa kim daha çox şanslıdır – TƏHLİL

İranda növbədənkənar prezident seçkiləri iyunun 28-də keçiriləcək. Elan olunmuş seçki təqviminə əsasən, mayın 30-dan namizədlərin qeydiyyatı prosesi başlayacaq. Bu proses 5 gün davam edəcək və iyunun 3-dən 12-dək “Keşikçilər Şurası” namizədliyini irəli sürmüş şəxslərin sənədlərini araşdıracaq və uyğun şəxslərin namizədliyini qeydə alacaq. İyunun 12-də isə namizədlərin yekun siyahısı elan olunacaq və bundan sonra 15 günlük seçki kampaniyası başlanacaq.

İranda prezident seçkiləri İbrahim Rəisi dünyasını dəyişdikdən dərhal sonra elan olunub və ötən müddətdə çoxlu sayda şəxs və ya ətrafı prezidentliyə iddiasını elan edib. Ancaq ilk günlərdən fərqli olaraq indi bir qədər sabitlik yaranıb və “iddiaçıların” bir qismi artıq seçkilərdə iştirak etməyəcəyini elan edib.

Saytların yığılması Saytların yığılması

secki-iran.jpg (200 KB)

İranda bir qayda olaraq prezident seçkilərində həddən artıq iddiaçı ortaya çıxır. Məsələn, ötən 2021-ci il seçkilərində ilkin mərhələdə 590 nəfərdən çox insan prezidentliyə namizədliyini irəli sürmüşdü. Ancaq təbii ki, bu iddiaların əksəriyyəti 12 nəfərlik “Keşikçilər Şurası” və ya “Şurayi Negahban” adı verilən ilahiyyatçılar və hüquqçulardan ibarət heyət tərəfindən baxılıb rədd edilir. Ümumiyyətlə, “Keşikçilər Şurası” İranda qəbul olunan qərarların, prezident və parlament seçkilərinə qatılan namizədlərin təsdiqlənməsini həyata keçirir. Bu səbəbdən də minlərlə iddiaçının sənədləri Şuradan keçə bilmir və yalnız İslam Respublikası qanunlarına, sistemin nizamına uyğun şəxslər seçkilərə buraxılır.

Məhz İrandakı mürəkkəb seçki sisteminə görə, “Keşikçilər Şurası” təsdiq etmədiyi namizədlərin seçki şansı haqda danışmaq mümkün deyil. Çünki təcrübə göstərir ki, hətta çox ciddi siyasətçi və nüfuzlu şəxslər belə bəzən “Keşikçiləri Şurasının” “ələyindən” keçə bilmir. Məsələn, bu ilin əvvəlində keçmiş prezident Həsən Ruhani “Ekspertlər Məclisinə” namizədliyini irəli sürsə də, “şura” tərəfindən namizədliyi qəbul olunmadı. O cümlədən, İranda xarici işlər naziri, parlamentin spikeri postunu tutmuş Əli Laricani – (yeri gəlmişkən, Laricaninin adı indi də iddialılar arasında hallanır – K.R.) sonuncu prezident seçkilərində iştirak etmək istəsə də, “şura” tərəfindən rədd edilmişdi.

1495274172-5595.jpg (48 KB)

Həsən Ruhani

Bu səbəbdən də iyunun 12-dək İranda prezidentliyə namizədlər haqqında nəsə demək tələsik addım hesab oluna bilər. İndiki mərhələdə yalnız namizədliyini irəli sürəcəyi və ya sürməsi haqda xəbərlər yayılmış şəxslər barədə yazmaq mümkündür.

Qanunvericiliyə əsasən növbədənkənar seçkilərə qədər ölkə prezidentinin səlahiyyətlərini vitse-prezident Məhəmməd Möhbər icra edəcək. İran qanunlarına əsasən növbədənkənar prezident seçkilərini təşkil edən 3 nəfərlik şurada prezident səlahiyyətlərini icra edən vitse-prezident, parlamentin spikeri və ali məhkəmə sədri təmsil olunur.

Bu həm də ona görə mühümdür ki, seçkiləri təşkil edəcək 3 nəfərlik şura üzvündən 2-sinin – vitse-prezident Məhəmməd Möhbər və spiker Qalibafın adı prezidentliyə iddialılar arasında hallanır. İran qanunlarına əsasən, şura üzvləri yalnız istefa verdikdən sonra prezidentliyə namizədliyini irəli sürə bilər. Bu mənada Qalibaf və Möhbər namizəd olmaq üçün şuradan və tutduqları postdan istefa verməlidirlər.

Məhəmməd Möhbər daha əvvəl kölgədə olub, İranın ən böyük vəqflərindən (bonyad) olan “Setad” – İmamın Fərmanlarının İcrası – Fonduna rəhbərlik edib, bir sıra sosial-iqtisadi layihələr, o cümlədən Koronavirus peyvəndinin hazırlanması proqramına rəhbərlik edib. Ancaq heç zaman üzdə olmayıb və siyasi populyarlığı yoxdur. 68 yaşlı Möhbərin bir sıra açıqlamaları onun prezidentliyə iddiasına işarə sayılsa da, güman ki, dini rəhbərliyə sadiq şəxslər kimi Möhbər də “yuxarıların” razılığı olmadan namizədliyini irəli sürməyəcək.

1716184478_111.jpg (101 KB)

Məhəmməd Möhbər 

Sepah generalı, İran polis qüvvələrinin rəisi, Tehranın meri işləmiş 63 yaşlı Qalibaf daha əvvəl bir neçə dəfə prezidentlik yarışına qatılsa da, qalib gələ bilməyib. İbrahim Rəisinin ölümündən sonra Qalibafa yaxın adamlar onun namizədliyi haqda danışmağa başlayıb. Ancaq mühafizəkar qanada bağlı, Sepahın kadrı olan Qalibafın ölkədə siyasi nüfuzu azdır, bir qədər əvvəl ailə üzvlərinin Türkiyədə bahalı mülklər alması xəbərləri ciddi qalmaqala səbəb olub.

qalibaf.jpg (45 KB)

Məhəmməd Bağır Qalibaf

İranda prezidentliyə namizədlər arasında adı hallanan daha bir şəxs parlamentin keçmiş spikeri, eks xarici işlər naziri və Sepah generalı Əli Laricanidir. Əslən Mazandaran vilayətindən olan Laricani 1958-ci ildə İraqın Nəcəf şəhərində dünyaya gəlib. Atası dövrünün nüfuzlu din alimi olub.

İran siyasətində bir dövr ulduzu parlayan Laricani qardaşlar son illərdə kölgəyə çəkilib. Əli Laricaninin qardaşı Sadiq Laricani ali məhkəməyə rəhbərlik edib, hazırda “Sistemin Məsləhətini Müəyyən edən” Şurasının sədridir. Bu dəfə “yaşıl işıq” yandırılsa iddialı namizədlərdən biri də Əli Laricani ola bilər.

14611495802124436587_1200x630.jpg (100 KB)

Əli Laricani 

Daha bir potensial namizəd Təhlükəsizlik Şurasının keçmiş katibi, nüvə danışıqları qrupunun rəhbəri Səid Cəlilidir. Mühafizəkar qanadın parlaq simalarından olan Cəlili 1965-ci ildə Məşhəd şəhərində anadan olub. İran-İraq müharibəsində bir ayağını itirib. Müxtəlif dövlət postları tutub, dini liderin ən yaxınında yer alıb, hazırda Sistemin Məsləhətini Müəyyən edən Şuranın üzvüdür.

Cəlili bir neçə dəfə prezidentliyə namizəd olsa da, o da heç zaman qalib gələ bilməyib. Rəisi kimi Cəlili də Məşhəd şəhərindəndir, əgər bu dəfə “yaşıl işıq” yandırılsa ən iddialı namizədlərdən biri Cəlili ola bilər.

Eks-prezident Mahmud Əhmədinejadın da adı potensial namizədlər sırasında çəkilir. Ancaq keçən seçkilərdə Əhmədinejadın namizədliyinin qeydə alınmaması bu dəfə ona şans tanınması ehtimalını aşağı salır.

702019.jpg (62 KB)

Mahmud Əhmədinejad

Yuxarıda da qeyd etdiyim kimi, məlum səbəblərdən iyunun 12-dək İranda namizədlər siyahısı “şişə” bilər. İran seçkilərində real namizədlər haqqında yalnız iyunun 12-dən sonra danışmaq olar. Eyni zamanda islahat cəbhəsindən çox ciddi rəqiblərin olacağı gözlənilmir. Digər tərəfdən, İranın hazırkı dini lideri bu posta prezidentlikdən gəldiyi üçün ölkədə və xaricdə geniş yayılmış qənaət budur ki, prezident həm də potensial dini liderdir. Bu qənaəti hazırkı dini liderin yaşı və səhhəti də gücləndirir. Bu səbəbdən də növbəti prezidentə həm də gələcək dini lider kimi baxılır. Ancaq bu sadəcə bir ehtimaldır. Üstəlik hələlik nüfuzlu din xadimlərinin prezidentliyə iddialarını ortaya qoymaması göstərir ki, siyasi-dini elitada bu mövzu əsas gündəm deyil.

n00895041-b.jpg (62 KB)

Ayətullah Ərafi

Bu arada, ilk günlərdə Qum elmi hövzəsinin nüfuzlu lideri, əl-Mustafa universitet şəbəkəsinin rəhbəri Ayətullah Ərafinin və Ayətullah Mirbaqirinin adı namizədlər siyahısında hallansa da, sonradan hər iki şəxs təkzib bəyanatı yayıb. Bu da o deməkdir ki, nüfuzlu din xadimləri yalnız dini elitanın tövsiyəsi əsasında seçkilərə qatılacaqlar.

Yuxarıda qeyd olunan səbəblərə görə, seçkilərə nüfuzlu “islahatçı” namizədlərin buraxılması ehtimalı azdır. Ən azı ona görə ki, mühafizəkar elita indiki mərhələdə çox ciddi risk almaq istəməyəcək.

Kənan Rövşənoğlu, xüsusi olaraq Musavat.com üçün

Bənzər yazılar