Top.Mail.Ru
ƏYALƏT

Təhlükəli ərazilərdəki icazəsiz tikililər: “Kompensasiya ödənilməlidir”

İcazəsiz tikililərlə bağlı qanun layihəsi hazırlanır. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev jurnalistlərə açıqlamasında bildirib ki, problemin əhatə dairəsinin mürəkkəbliyi nəzərə alınaraq həllinin mərhələli şəkildə görülməsi planlaşdırılır:

“Bakı və Bakıətrafı ərazilərdə sənədsiz evlərin sayı yüz minlərlədir. Özbaşına tikililərlə bağlı problemi köklü surətdə həll etmək üçün İqtisadiyyat Nazirliyinin təşəbbüsü aidiyyəti dövlət orqanlarının əlaqələndirilmiş fəaliyyəti çərçivəsində müvafiq layihələrin hazırlanması üçün işçi qrupu yaradılıb. Öncədən konsepsiyanı işləyib hökumətə təqdim etmişdik. Konsepsiya bəyənilmişdi və onun icrası ilə bağlı işçi qrupunun yaradılması barədə tapşırıq verilmişdi. Biz bu barədə müzakirələr aparmışıq, bir neçə iclas olub. Hazırda məsələnin həlli istiqamətində qanun layihəsi üzərində iş aparılır”, – deyə o qeyd edib.

Saytların yığılması Saytların yığılması

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevin sözlərinə görə, bu gün təkcə Bakı və Abşeronda yüz minlərlə həyət evi, torpaq sahəsi, ümumilikdə ölkə ərazisində çıxarış alına bilməyən xeyli sayda əmlak var.

Ekspert Demokrat.az-a açıqlamasında qeyd edib ki, onların böyük bir hissəsi on illər əvvəl tikilib:

“Bunlar bir vaxtlar “kolxoz” və “sovxoz”lar tərəfindən ayrılmış torpaq sahələri, rayon icra hakimiyyətləri və ya müvafiq qurumların sərəncamları əsasında verilmiş və bələdiyyələr tərəfindən ayrılmış torpaq sahələridir. Təyinatlarında və sənədlərində müəyyən problemlər səbəbindən çıxarışla təmin oluna bilmir. Lakin vətəndaş istənilən halda haqlıdır, məsələyə bu cür yanaşmalıyıq. Əgər vətəndaşın əlində hər hansı dövlət qurumunun verdiyi müvafiq sənəd varsa, o sənədə əsasən vətəndaş torpaq üzərində hansısa əmlak tikibsə, onun əmlakı sənədləşdirilməlidir. Əgər həmin ərazi təhlükəli zonadadırsa və ya qanuna əsasən çıxarışla təmin oluna bilməzsə, o zaman vətəndaşa kompensasiya ödənilərək həmin torpaqlar geri alınmalıdır”.

Ekspert onu da bildirib ki, yüksək gərginlik xətti keçən, neft buruqları olan və insan həyatı üçün təhlükəli digər ərazilər qadağan olunmuş ərazilərdir:

“Buradakı tikililərə birmənalı olaraq çıxarış verilə bilməz. Amma digər tikililərə çıxarış verilməlidir. Əgər bu mümkün deyilsə, ən azından vətəndaşlara ilkin sənəd olaraq həmin mülkiyyətin sahibi olduğuna dair hər hansı yeni sənəd növü verilməlidir. Belə olduğu halda həm dövlət büdcəsinə vergi və ödənişlər hesabına xeyir gələcək, həm də vətəndaşın əmlak üzərində hüquqları rəsmiləşəcək. Əksər hallarda sərəncam sahibi ilə əmlakın faktiki sahibi ayrı-ayrı şəxslər olur. Şəxs sərəncamla torpaq alır, daha sonra etibarnamə ilə onu bölüb digərlərinə satır. Hazırda sərəncamla ayrılmış torpaq sahələrində tikilmiş əmlaklar gələcəkdə ciddi mübahisələrə yol aça bilər. Əmlakın faktiki sahibi müəyyənləşdirilməli və onlara sənəd verilməlidir. Daşınmaz əmlak sahəsi Azərbaycanda qeyri-neft sektorunda ən çox gəlir gətirən sahədir. Nəzərə almalıyıq ki, artıq paytaxtın yeni Baş planı təsdiqlənib və müəyyən tikinti-söküntü işləri aparılacaq. Gələcəkdə mübahisələrin yaranmaması üçün əmlakların tanınması vacibdir”.

Bənzər yazılar