Top.Mail.Ru
ƏYALƏT

“Xristian klubu”nun dili ilə danışan İlqar Məmmədov nə istəyir?

AŞPA-nın Azərbaycanla bağlı sərgilədiyi qərəzli, ikili standartlara xidmət edən mövqeyi artıq hər kəsə məlumdur. Biz yaxşı bilirik ki, AŞPA-nı, “xaçlı”ları narahat edən məsələ Azərbaycanın 200 illik erməni proyektlərinə son qoyması, öz əzəli torpaqlarını separatçılardan təmizləməsidir. Bu, Azərbaycan dövlətinin, Ali Baş Komandanının, ordusunun və xalqının qətiyyəti, birliyi nəticəsində əldə edilən Zəfərdir. Heç şübhəsiz ki, azərbaycanlı olan, ruhu milli olan hər kəs bu Zəfərdən yanadır, sevinir. Sevinir, çünki həm indiki, həm gələcək nəsillərimiz böyük bir problemdən xilas oldu. Ancaq içimizdə çatlaq səslər hələ də var.

Məsələn, Real Partiyasının sədri İlqar Məmmədov. İlqar Məmmədovun indiki zamanda, hər kəsin AŞPA-nın qərarı qarşısında milli birlik nümayiş etdirdiyi, bu qərəzli yanaşmaya etiraz etdiyi məqamda yazdığı status çoxumuzu həm məyus edib, həm də təəccübləndirib.

Saytların yığılması Saytların yığılması

“Dünən Strasburqda baş verənlərdə Türkiyə nümayəndə heyətinin davranışı diqqəti cəlb edir. Türklər Azərbaycan nümayəndə heyətini dəstəkləmək üçün ciddi fəallıq göstərmədi: heyətin yarısı iclasa heç gəlmədi (!), gələnlərdən isə bircəsi formal nitqini quru-quru kağızdan oxuyub, guya Azərbaycanın tərəfini tutdu. Ukraynalı jurnalistin yazdığına görə, heç pərdəarxası da fəallıq göstərmirdilər. Türklər bu dəfə öz mövqeyi ilə tək millət olduğumuzu yox, iki ayrı dövlət olduğumuzu önə çəkdilər. Bu ondan xəbər verir ki, Türkiyə dünənki hadisəni “ümummilli” məsələ kimi qəbul etmədi. AŞPA-nı və Azərbaycanı eyni sərtliklə çıxış edib küsüşməyə vadar edən geosiyasi motorların işi haqqında Türkiyə nə bilir ki, bildiyini bu cür qəribə mövqeyi ilə bizə çatdırmaq istəyir? Kaş bir az açıq danışsaydılar. Qəliz susdular”, – bu, İlqar Məmmədovun, partiya rəhbərinin, siyasətçinin indiki həssas məqamda yazdıqlarıdır.

Öncə onu qeyd edək ki, səsvermədən öncə çıxış edən Ukrayna və Türkiyə nümayəndələri Assambleya üzvlərini doğru qərar qəbul edərək təşəbbüsü dəstəkləməməyə çağırıb.

Bu, Türkiyənin Azərbaycana nə ilk, nə də son dəstəyi deyil. Türkiyənin Azərbaycana dəstəyini biz hər zaman hiss etmişik. Xüsusilə də Vətən müharibəsinin ilk günündən qardaş ölkə Azərbaycanın yanında olduğunu bəyan edib və bütün siyasi müstəvilərdə öz yardımını əskik etməyib. Təbii ki, Azərbaycan Ordusu kifayət qədər güclüdür və ermənilərin dərsini lazımınca verməyə qadir idi, verdi də. Azərbaycan döyüş meydanında özü döyüşdü və düşməni darmadağın etdi.

Cənubi Qafqaz hər zaman müxtəlif dövlətlərin marağında olub. İstər Qərb, istər Rusiya buradakı münaqişənin uzanmasını istəyiblər və bu münaqişə vasitəsilə bölgəyə müdaxilə edib, burada varlıqlarını sürdürür, silah satır, nəzarətsiz zonalardan müxtəlif məqsədləri üçün istifadə edirdilər. Azərbaycanın qətiyyəti, Türkiyənin varlığı üçüncü tərəfləri yerində oturtdu. Türkiyənin Azərbaycana dəstəyindən danışanda düz elə 34 il əvvələ də gedə bilərik.  “Yol verin, keçəlim Azərbaycana”! Bu şüar düz 34 il əvvəl, 1990-cı il yanvarın 25-də Naxçıvanla sərhəddə yerləşən İğdır şəhərinin mərkəzi meydanını lərzəyə salmışdı. On minlərlə türk qardaşımız Qarabağa, Sədərəyə hücuma, 20 yanvar qırğınına görə ayağa qalxmışdı. Sərhədlər bağlı olsa da, ürəklər bir və açıq idi!  Dəyişən bir şey yoxdur.

Bunları uşaq da bilir, yaşlı da bilir, cavan da. Bir dənə İlqar Məmmədov bilmir? Düşünmürəm ki, o, bu reallıqları bilməmiş olsun. Sadəcə olaraq indiki həssas məqamda Azərbaycan-Türkiyə münasibətlərinə çomaq soxur, ürək bulandırır.

O, nə istəyir? İlqar Məmmədov bu sualın cavabını illərdir ki, özü də tapa bilmir. Tapa bilsəydi, bir dənə normal fikir ortaya qoyardı. Hər dəfə bu kimi məqamlarda işlətdiyi yanlış, yarım-yamalaq ifadə ilə düşməni sevindirir, xalqı, dövləti çətin duruma salır.

Azərbaycanın bu məsələdə bir dənə “suçu” var – Zəfər qazanmağımız. İndi İlqar Məmmədov da “xristian klubu”nun yanında yer alır. Öz partiyadaşı Erkin Qədirli AŞPA-dakı nümayəndə heyətimizdə yer alıb. Adam bunu da nəzərə almayıb. Bir vaxtlar İlqar Məmmədov həbsdə olduğu zaman çoxları ona ümid bağlayıb, özlərinə qəhrəman seçmişdilər. Həbsdən çıxan kimi bu kimi açıqlamaları ilə sürətlə reytinq itirdi. O zaman onu sevənlərin əksəriyyəti bu cümləni işlətdilər – İlqar Məmmədov, kaş elə sən həbsdə qalardın, bu kimi yazılarını, mövqelərini eşitməz, bilməzdik… Həmin cümlə indi də öz aktuallığını qoruyur…

Qafar Səfərli,
Musavat.com

Bənzər yazılar