Top.Mail.Ru
ƏYALƏT

Qalib Azərbaycanın inkişaf xəritəsi

Dövlətin iqtisadi, mədəni, siyasi inkişafı onun gələcəyinə təminat verir. Qalib Azərbaycan dövləti də günü – gündən inkişaf edir.  Azərbaycanda yeni və çevik iqtisadi yanaşmalar, iqtisadiyyatın şaxələndirilməsi, əlverişli biznes mühitinin yaradılması, investisiya cəlbediciliyinin daha da artırılması dayanıqlı və inklüziv sosial-iqtisadi inkişafını təmin edib. Dünya Bankının qiymətləndirmələrinə görə, Azərbaycan 2002-2022-ci illərdə yuxarı orta gəlirli ölkələr qrupuna daxil olub. Son 20 il ərzində ümumi daxili məhsul (ÜDM) 6,2 milyard ABŞ dollarından 78,7 milyard ABŞ dollarına çatıb, ÜDM-in real həcmi 4 dəfə artıb. Ölkənin strateji valyuta ehtiyatları 1,4 milyard ABŞ dollarından 58,5 milyard ABŞ dollarına yüksəlib. 2002-ci il ilə müqayisədə 2022-ci ildə yoxsulluq səviyyəsi 46,7%-dən 5,5%-ə enib. Azərbaycan dövləti gələcəkdi iqtisadi inkişafı təmin etmək üçün 2030-cu ilədək Milli Prioritetlərində və 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyasında hədəflənən nəticələrə və sağlam prinsiplərə əsaslanmaqla gələcəkdə qeyri-neft iqtisadiyyatını daha da inkişaf etdirmək, insan kapitalının inkişafı nəticəsində dünya iqtisadiyyatında ölkənin mövqeyini gücləndirmək, daha yuxarı gəlirli ölkələr qrupuna daxil olmaq hədəflənir. Son 20 il ərzində sənayedə məhsul istehsalının həcmi 4,0 milyard manatdan 86,4 milyard manata çatıb. Sənaye məhsulunun ümumi həcmində özəl sektorun payı 2002-ci ildə 54,9% olduğu halda, 2022-ci ildə 87,6% təşkil edib. Sənayenin inkişafına yönəlmiş əhəmiyyətli mexanizmlərdən biri  – sənaye parkları və məhəllələrinin yaradılmasıdır. Ölkədə 7 sənaye parkı – Sumqayıt Kimya, Balaxanı, Mingəçevir, Qaradağ, Pirallahı, Ağdam və Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları, 5 sənaye məhəlləsi – Neftçala, Masallı, Hacıqabul, Sabirabad və Şərur sənaye məhəllələri yaradılıb. 

Paytaxtla regionlar arasında inkişaf fərqini aradan qaldırmağa hesablanmış Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları bölgələrdə infrastrukturun yenilənməsi, rayonların simasının əhəmiyyətli dərəcədə müasirləşməsində mühüm rol oynayıb.  2004-2022-ci illərdə ölkədə 60-dan çox yeni elektrik stansiyası istismara verilib. Elektrik enerjisinin 76%-i regionlarda istehsal edilir. Bu illər ərzində Azərbaycan elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib. Regionlarda qazlaşdırmanın səviyyəsi 94%-i ötüb, fasiləsiz içməli su alan əhali üzrə göstərici 9%-dən 73%-ə çatıb. Bu illərdə 9 hava limanı tikilib və yenidən qurulub. Laçın hava limanının tikintisi isə davam edir. Həmin müddətdə əsas hissəsi bölgələrə aid olmaqla 3.600-dən çox məktəb, 760-a yaxın tibb müəssisəsi tikilib və ya təmir olunub, 43 Olimpiya İdman Kompleksi tikilib, çoxlu sayda körpü və tunellər, yollar istifadəyə verilib. İstehsal və sənaye müəssisələrinin çoxu bölgələrə aiddir.

Saytların yığılması Saytların yığılması

Son 20 ildə Azərbaycanda rabitə, nəqliyyat və yüksək texnologiyalar sahəsində də böyük irəliləyişlər olub. Avropa və Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini təmin edən Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci ildə istifadəyə verilib. Şərq-Qərb dəhlizinin əsas alternativi olan Bakı-Tbilisi-Qars dəmir yolu marşrutu hesabına Azərbaycan ərazisindən yük daşımaların həcmi artıb. Regionun müasir və təhlükəsiz limanı hesab edilən Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı 2018-ci ildə istifadəyə verilib. İşğaldan azad olunmuş ərazilərdə aparılan işlər üzrə, Füzuli (rəsmi açılış 26.10.2021) və Zəngilan (20.10.2022) hava limanları inşa edilib, Laçın (Qorçu) Hava Limanında tikinti işləri davam edir. Horadiz-Ağbənd (110,4 km) və Bərdə-Ağdam (47,1 km) dəmir yollarında tikinti işləri aparılır, Füzuli-Şuşa (79 km) dəmir yolunun layihələndirilməsi işləri başa çatdırılıb. Ümumi uzunluğu 177,9 km avtomobil yollarının inşası başa çatdırılıb, 666,1 km yollarda isə tikinti işləri davam etdirilir. Ağdam və Füzuli şəhərlərində tikiləcək avtovağzal komplekslərinin layihələndirmə işləri aparılır.

Müharibədən qısa müddət keçməsinə baxmayaraq, bu gün bərpa işləri sürətlə həyata keçirilir. Bölgədə genişmiqyaslı infrastruktur layihələri reallaşdırılır, bütövlükdə yol infrastrukturu yenidən qurulur, regionu elektrik enerjisi ilə təchiz etmək üçün kompleks tədbirlər görülür. Rayonların baş planları işlənib-hazırlanır və artıq bir çox rayonlarda bərpa işlərinə başlanılıb. Pilot layihə kimi Zəngilan rayonunun Ağalı kəndi “Ağıllı kənd” konsepsiyası əsasında yenidən qurulmuşdur. Ağalı kəndinin sakinləri öz doğma yurdlarına köçərək, hal-hazırda orada yaşayırlar. Kənddə müasir şəhərsalma standartları tətbiq olunub. Küçələrin “ağıllı” işıqlandırılması, isti və soyuğa davamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, Günəş panellərinin quraşdırılması kimi amillər yüksək səviyyədə reallaşdırılıb. Kənddə innovativ tikinti materiallarından istifadə olunmaqla tam izolyasiya olunmuş 200 fərdi ekoloji ev, ikimərtəbəli 4 qeyri-yaşayış binası, 360 şagird yerlik məktəb və 60 yerlik uşaq bağçası tikilib.  Bu göstərilən inkişafa dəlalətdir. Biz inanırıq ki, ölkəmizin inkişafı günü-gündən artacaq və dayanmadan davam edəcəkdir.

Esmira Məmmədşirin qızı Babaşirinova
UNEC, RİM dosenti

Bənzər yazılar