Top.Mail.Ru
ƏYALƏT

Rusiya səfiri postuna SENSASİON NAMİZƏD – Bülbüloğlunun yerinə…

Deputatlığa hazırlaşan Polad Bülbüloğlunun yerinə üç namizədin adı hallanır; ekspert: “Yeni səfir güclü kadr olmalıdır ki…”

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirakı dəqiqləşdikdən sonra onun yerinə göndəriləcək namizədlər haqqında müzakirələr davam edir. Bəllidir ki, Polad Bülbüloğlunun 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən namizədliyi təsdiqlənib. Hakim Yeni Azərbaycan Partiyasının (YAP) 124 saylı seçki dairəsindən namizədi Leyla Babışovadır. O, YAP Şuşa rayon təşkilatının sədr müavinidir. Adıçəkilən seçki dairəsindən Azad Vətən Partiyasının sədri Akif Nağı da mandat uğrunda yarışacaq.

Saytların yığılması Saytların yığılması

1945-ci ildə anadan olan P.Bülbüloğlu 1995-ci ildə 45 saylı Şuşa-Cəbrayıl-Xocavənd seçki dairəsindən deputat olub. 2006-cı ildən Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiridir. P.Bülbüloğlunun deputat seçiləcəyi təqdirdə bəllidir ki, səfir postundan geri çağırılmalıdır.

Azərbaycanın Qarabağda suverenliyini tam bərpasından və Rusiya sülhməramlıları ölkəmizi tərk etdikdən sonra Bakı-Moskva münasibətləri siyasi baxımdan stabillik dövrünü yaşayır. Şuşada keçirilən Beynəlxalq Media Forumda Prezident İlham Əliyev Rusiya ilə əlaqələrin indiki vəziyyəti və gələcək perspektivi barədə də suala cavab verib. Prezident deyib ki, ikitərəfli münasibətlərdə həll oluna bilməyən məsələ mövcud deyil və uzun müddətdir ki, belədir. Avqustun 6-da Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşdə də Prezident bir daha iki ölkə arasında münasibətləri yüksək qiymətləndirib. Azərbaycan-Rusiya münasibətlərinin bəzi qonşu dövlətlər üçün də bir nümunə olduğunu deyən Prezident İlham Əliyev bunu Cənubi Qafqazda və daha geniş məkanda mühüm təhlükəsizlik faktoru kimi dəyərləndirib. Prezident deyib ki, ilk növbədə geosiyasi vəziyyətlə bağlı əməkdaşlıq son dərəcə zəruridir.

Rusiyaya səfir postuna göndəriləcək şəxs isə iki ölkə arasında münasibətlərin spesifikliyini nəzərə almalıdır. Yəni Rusiyada səfir olmaq asan iş deyil və başqa dövlətlərdən fərqlənir. Çünki həm Rusiyada 3 milyondan çox azərbaycanlının yaşadığını nəzərə almaq lazımdır, həm regionda gedən proseslər fonunda Bakı-Moskva əlaqələrinin əhəmiyyəti diqqətə alınmalıdır. O baxımdan, namizədlər haqqında müzakirə aparıldığı deyilir.

Bir müddət əvvəl bu strateji posta YAP-ın seçki siyahısında olmayan deputat Elnur Allahverdiyevin adı hallanıb. Bundan başqa, Prezidentin köməkçilərindən birinin də Rusiyaya səfir göndəriləcəyi haqda iddialar dolaşmaqdadır. Etibarlı mənbə “Yeni Müsavat”a Rusiyaya göndərilə biləcək şəxslər arasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun da adının hallandığını deyib.

Qeyd edək ki, Eldar Əzizov 1957-ci ildə Bakıda anadan olub. İxtisasca tarixçidir. O, Bakı şəhəri Səbayel (2015-2018), Sumqayıt (2011-2015), Gəncə (2003-2011) və Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 2018-ci ilin noyabr ayından Bakı Şəhər İcra Hakimiyyətinin başçısıdır. Eldar Əzizovun 2 övladı var. Qızının uşaq bağçasının müdiri, oğlunun isə Heydər Əliyev Mərkəzinin direktorunun köməkçisi işlədiyi deyilir. E.Əzizovun Prezidentin etimad etdiyi məmurlardan olduğu söylənilir. Ümumiyyətlə, Rusiya ilə əlaqələrin indiki səviyyəsi diplomatik korpusda hansı dəyişiklikləri zəruri edir? E.Əzizovun səfir olmaq şansı varmı?

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayevin “Yeni Müsavat”a bildirdiyinə görə, yeni səfir Rusiyanı yaxşı tanımalıdır. R.Nurullayevin fikrincə, səfir olacaq həmin diplomat ilk növbədə Rusiya-Azərbaycan münasibətlərini bilməlidir: “Eyni zamanda tanınmış bir şəxs olmalıdır ki, Rusiya cəmiyyətində və siyasi kluarlarında qəbul edilsin. Çünki Rusiya ilə münasibətlər xüsusidir və yeni səfirimiz güclü kadr olmalıdır ki, bu əlaqələrin ağırlığını çəkə bilsin”. Deputat hesab edir ki, Rusiya-Azərbaycan əlaqələri inkişafdadır, dövlət başçısı bu münasibətlərin yaxşı olduğunu və region üçün müsbət tərəflərini də açıqlayıb. R.Nurullayevin sözlərinə görə, iki ölkə arasında siyasi-iqtisadi əlaqələr güclənir, ticarət dövriyyəsi artır, tərəfləri bir-birindən narazı salacaq addımlara yol verilmir.

Sabiq dövlət müşaviri, professor Qabil Hüseynli hesab edir ki, səfir ölkənin rəsmi siyasətini ifadə edir. Onun sözlərinə görə, Rusiya-Azərbaycan münasibətləri iki ölkənin ali rəhbərləri səviyyəsində müəyyən olunur və səfirin buradakı rolu özəl bir missiya daşımır. Q.Hüseynli səfir təyinatının Prezidentin səlahiyyətində olan məsələ adlandıraraq hər hansı ad çəkməyi doğru saymır: “Yalnız onu deyə bilərəm ki, təcrübəli, Rusiya siyasətini, Rusiyadakı ictimai-siyasi mühiti yaxşı bilən diplomata üstünlük verilməsi yaxşı olardı. Polad Bülbüloğlu Rusiyada tanınmış və sevilən bir insan idi. İndi sanballı, çəkisi olan və diplomatik təcrübəyə malik şəxsin təyin olunmasına diqqət yetiriləcək. Hər halda, hazırda Bakı-Moskva əlaqələri rəvandır, yaxşı dövrünü yaşayır, tərəflər bir çox sahələrdə əməkdaşlığı inkişaf etdirirlər, strateji müttəfiqlik bəyannaməsinin ruhuna uyğun addımlar atmağa çalışırlar. Ona görə də sülhməramlı kontingentin regionu vaxtından tez tərk etməsi prosesi ağrısız oldu. Həmçinin Ukrayna münaqişəsində Azərbaycanın mövqeyi kifayət qədər ayıq-sayıq davranışdır”./“Yeni Müsavat”

Bənzər yazılar