Top.Mail.Ru
MÜSAHİBƏ

Kitabsız Yardımlı rayon kənd müəllimi: “BÖYÜK EHTİYACIMIZ VAR, rayonumuzu kitabla gözəlləşdirək!”/MÜSAHİBƏ

Bu il 20 000-ə yaxın ibtidai sinif, 8500-dən çox Azərbaycan dili və ədəbiyyat müəllimi sertifikatlaşdırma prosesinə cəlb olunub.

8 sentyabr tarixində keçirilən təkrar sertifikatlaşdırma müsahibələrində 1 376 müəllim uğur qazanaraq sertifikatlaşdırmadan keçmiş hesab olunub. 14 oktyabr tarixinədək təşkil olunan sertifikatlaşdırma prosesinin müsahibə mərhələsində isə 21 883 təhsilverən iştirak edib və onlardan 21 784 nəfəri uğur qazanıb. Müsahibələrdə 99% davamiyyət qeydə alınıb. Sertifikatlaşdırmadan keçmiş 5 246 təhsilverənin vəzifə maaşına 35 faiz, 17 914 təhsilverənə isə 10 faiz artım tətbiq olunacaq.

Saytların yığılması Saytların yığılması

Ümumilikdə 2024-cü ilin dövlət büdcəsinin layihəsində müəllimlərin sertifikasiyası üçün 71,0 milyon manat, məktəb direktorları və müavinlərinin əməkhaqlarına əlavələrin müəyyən edilməsi üçün 22,6 milyon manat (93,6 milyon manat) vəsait proqnozlaşdırılıb. 2022-2026-cı illər ərzində 137 min nəfər müəllim heyətin sertifikatlaşma proqramında iştirakının təmin edilməsinə və 68 min nəfər heyətin diferensial əməkhaqqı sisteminə cəlb olunmasına təşəbbüs göstəriləcək.

Qeyd edək ki, ötən ildən başlayan sertifikasiya prosesi bəzi müəllimlərdə təşviş doğursa da, test mərhələsində uğur qazanan müəllimlərin sayı kifayət qədərdir. Müəllimlər sertifikasiya prosesi ilə bağlı müxtəlif təkliflərlə də çıxış edirlər. Onu da nəzərə alaq ki, yalnız iki fənn üzrə müəllimlər bu prosesə cəlb edilib.

Sertifikasiyada uğur qazanan müəllimlər bu prosesin təhsildə rolu barədə nə düşünürlər? 

KAİM.az bildirir ki, Cebhe.info-nun müsahibi Yardımlı rayon Vərgədüz kənd orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Türkel Tağızadədir.

-Sertifikasiyanın ikinci mərhələsində Azərbaycan dili və ədəbiyyat müəllimləri də iştirak etdi və artıq nəticələr məlumdur. Ümumiyyətlə, sertifikasiya müəllimlərin təkmilləşməsi üçün nə dərəcədə önəmlidir?

– Sertifikatlaşdırılma prosesi olduqca vacib bir prosesdir. Eyni zamanda, müəllimlərimiz üçün bir motivasiyadır. Çünki burada əmək haqqı ilə bağlı 35 faiz artım məsələsi də var. İkinci tərəfdən müəllimlərin təkmilləşməsinə, üzərilərində işləməsinə, ixtisas biliklərinin artırılmasında təbii ki, əhəmiyyəti olan bir prosesdir.

-Öz fənnini yaxşı bilən müəllim sertifikasiyadan niyə qorxmalıdır?

-Ümumiyyətlə, müəllimin bu prosesdən qorxmasına lüzum yoxdur. Hər kəs öz biliyinə bələddir. İmtahanda da öyrətdiklərimizdən daha asan səviyyədə suallarla qarşılaşdıq. Məncə, qorxmaq yox, bir az işimizə məsuliyyətli olmaq, ixtisasımıza dərindən bələd olmaq, imtahan öncəsi də bir az hazırlaşmaq lazımdır. Bu prosesi uğurla keçən bütün həmkarlarımı təbrik edir, iştirak edəcək olanlara isə uğurlar arzulayıram.

-Müsahibə mərhələsini necə qiymətləndirirsiniz? Bəzi müəllimlərin fikrincə, müsahibə mərhələsi çox asan olduğu üçün ona ehtiyac yoxdur. ..

– Mənin fikrimcə, müsahibə mərhələsi daha çox formal xarakter daşıyır. Düzdür, müəllimin nitqinə, özünütəqdiminə, müəyyən situasiyalarda reaksiyalarına münasibətinə bələd olmaq üçün əhəmiyyətlidir. Amma test mərhələsi qədər həyəcanlı və ciddi bir mərhələ deyil. Ümumiyyətlə, mən müəllimlərin imtahanında müsahibə mərhələsinin tərəfdarı deyiləm. Mənə görə başqa bir yararlı metod üzərində düşünmək zamanıdır. Ona görə müsahibə mərhələləri hər zaman daha çox qərəzli yanaşmalarla, mübahisələrlə, narazılıqlarla yadda qalır.

-Bugünlərdə sizin təşəbbüsünüzlə Yardımlıda 3-cü böyük kitab sərgisi keçirildi. Bu sərgi ötən sərgilərdən nə ilə fərqlənirdi? 

– Bizim təşəbbüsümüzlə və tam öz hesabımız, gücümüzlə Yardımlıda təşkil etdiyimiz sayca üçüncü, rayonun özündə də üçüncü sərgi idi. Bizə qədər belə sərgilər keçirilməyib. Ümumiyyətlə, rayonumuz kitabsız bir rayondur. Hər mənada. Kitab evləri, mağazaları yoxdur. Gənclərimiz, məktəblilərimiz kitabdan çox uzaqdır. İstisnalar hər zaman var. Biz də bir yerdən başlamaq istədik. Əvvəlcə öz kəndimizdə ,məktəbimizdə kitabxana qurduq. Açıq kitablıqlar yaratdıq. Kəndin hər sakininə kitabı əlçatan etdik.

Şagirdlərimizlə bir-iki il ərzində 1000-dən çox kitabdan ibarət kitabxanalar qurduq. Kitab oxuyan şagirdlərimin sayı 50-ni keçdi. 300-400 kitab oxuyan şagirdlərim var. Sonra düşündük ki, niyə ragonda sərgi keçirməyək? Bir də baxdıq ki, artıq üçüncü sərgiyə hazırlaşırıq. Nəhayət, bugünlərdə sərgimiz yekunlaşdı. 1000 ədəd test vəsaiti pulsuz paylanıldı. Bütün fənlər üzrə test vəsaitlərimiz var idi və gələn hər məktəbli pulsuz test vəsaiti ilə təmin olundu. Sərgiyə “MİMTA” yayımlarının kitablarından gətirmişdik.

Onlar bizə çox böyük dəstək oldular. Çox gözəl kitabları var. Dizayn, tərtibat, ədəbiyyat, mövzu-hər şeyi ilə gözəl kitablardır. Rayonda böyük oxucu kütləsi qazandı. 2000-ə yaxın bədii kitablarımız var idi. Gələnlər oldular, aldılar. Rayonumuzu kitabla gözəlləşdirdik. Bu cür mədəni tədbirlərə bu rayonda çox böyük ehtiyac var. Həqiqətən rayonumuz, gəncliyimiz adına çox işlər görməliyik. Biz də belə faydalı olmağa çalışırıq. Test vəsaitlərinə görə, “RM” nəşriyyatına başda Muxtar müəllim olmaqla bütün kollektivinə minnətdarıq.

– Növbəti belə sərgiləri başqa bölgələrdə təşkil etməyi nəzərdə tutursuzmu? Yerli icra hakimiyyətləri, yaxud mədəniyyət idarələri bu sərgilərin təşkilində sizə dəstək olurmu?

– Bəli, inşallah, növbəti sərgimizi gələn aylarda Cəlilabadda keçirməyi planlaşdırırıq. Düşünürəm ki, problem olmayacaq. Bu işdə dəstək olacaq gənclərimiz çoxdur. Yerli orqanlar da dəstək olacaqlar. Hesab edirəm faydalı olacağıq. Rayonlarımızda kitaba qapı açacaq çox dəyərli adamlar var. Məkanı və vaxtı danışıb dəqiqləşdirəcəyik. Amma gecikdirmədən daha böyük bir sərgiyə hazırlaşmaqda qərarlıyıq.

Bənzər yazılar