Top.Mail.Ru
MÜSAHİBƏ

Yerlan Sairov: Türk dünyası ölkələrinin əsas vəzifəsi kompleks təhlükəsizlik sisteminin yaradılmasıdır – MÜSAHİBƏ

Getdikcə daha mürəkkəb hal alan beynəlxalq münasibətlər fonunda ortaq tarixi və mədəni kökləri olan ölkələrimizin əməkdaşlığı xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında hazırda strateji tərəfdaşlıq səviyyəsinə yüksələn münasibətlər bunun əyani nümunəsidir.

Bu yaxınlarda Azərbaycan Prezidentinin də iştirakı ilə Mərkəzi Asiya Dövlət Başçılarının görüşü keçirildi. Qazaxıstan Respublikası Parlament Məclisinin (aşağı palata) deputatı Yerlan Sairov Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın perspektivlərini, həmçinin onların qarşılıqlı fəaliyyətinin əsas istiqamətlərini AZƏRTAC-ın müxbiri ilə söhbətində şərh edib.

Saytların yığılması Saytların yığılması

-Sizcə, bu kontekstdə Azərbaycan Prezidentinin Mərkəzi Asiya Dövlət Başçılarının görüşündə iştirakı hansı rolu oynadı?

-Mərkəzi Asiya ölkələri kimi, Azərbaycan da Türk dünyasının bir hissəsidir. Hamımız vahid dil, din və mədəni məkanı təmsil edirik. Son 5-6 ildə dünyada artan geosiyasi gərginlik, habelə qeyri-sabit iqtisadi və sosial proseslər fonunda ortaq tarixi köklərə malik olan xalqların daha çox konsolidasiyası zərurəti yaranıb. Bu kontekstdə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının görüşündə iştirakı xüsusi əhəmiyyət kəsb edir. Bu, həmçinin bizim gələcək inteqrasiya və birlik səylərimizdən xəbər verir.

– Görüşün hansı nəticələri Azərbaycan və Mərkəzi Asiya ölkələri üçün daha çox əhəmiyyətlidir?

– Son vaxtlar Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın liderləri qlobal siyasət, dost və mənşəcə yaxın dövlətlərimizin regional inteqrasiyası məsələlərini müzakirə etmək üçün tez-tez görüşürlər. Bu görüşlər iqtisadi, sosial və digər sahələrdə ölkələrin daha sıx inteqrasiyasına təkan verən real nəticələr verir. Bunun sayəsində Türk dünyası ölkələri böyük beynəlxalq layihələrdə iştirak etmək imkanı əldə edirlər. Hər bir görüş iştirakçılara müsbət enerji verməklə yanaşı, konkret nailiyyətlərə, xüsusən də vahid nəqliyyat qovşağının yaradılmasına gətirib çıxarır. Bu sammitlər dövlətlərimiz arasında əməkdaşlığın inkişafında əsas rol oynayır.

– Azərbaycan Prezidenti İlham Əliyev görüş əsnasında qeyd etdi ki, dünyada getdikcə artan təhdidlər və çağırışlar ölkələrimiz arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsini zəruri edir. Bu bəyanatı necə şərh edərdiniz?

– Mərkəzi Asiya ölkələri Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. Qohum xalqlar təkcə bir-birinə güvənmir, həm də əməkdaşlıq üçün qarşılıqlı faydalı iqtisadi, maliyyə və digər şərtlər təklif edə bilərlər. Qlobal qeyri-sabitlik şəraitində ümumi təhlükəsizlik sisteminin formalaşdırılması xüsusi əhəmiyyətə malikdir. Ölkələrin liderlərinin mütəmadi görüşləri həm iqtisadi inteqrasiyanın, həm də bir-biri ilə sıx bağlı olan vahid təhlükəsizlik sisteminin inkişafında əsas rol oynayır.

Beləliklə, bu görüşlərin gündəliyi iqtisadi və mədəni məsələlərin müzakirəsindən kənara çıxmalıdır. Əsas vəzifə Türk dünyasının bütün ölkələri üçün hərtərəfli təhlükəsizlik sistemi yaratmaqdır.

-Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında nəqliyyat-tranzit sektorunda əməkdaşlıq haqqında nə deyə bilərsiniz?

– Azərbaycan Mərkəzi Asiya ölkələrindən Avropaya, Yaxın və Orta Şərq ölkələrinə mal və xidmətlərin çatdırılmasını təmin etmək üçün unikal nəqliyyat qovşağıdır. Bu gün Qazaxıstan nefti və Mərkəzi Asiya ölkələrindən gələn digər mal və xidmətlərin Azərbaycanın nəqliyyat qovşaqlarından keçə bilməsi üçün nəqliyyat məsələləri əsas prioritetdir. Bizə rəqəmsallaşma, sənaye, neft emalı və digər sahələrdə inteqrasiya sistemləri lazımdır. Bütün bu məsələlər gələcəkdə öz həllini tapacaq və ölkələrimizin iqtisadi qüdrətini artıracaq.

Bənzər yazılar