Top.Mail.Ru

ARAŞDIRMA

Azərbaycan-İtaliya enerji əməkdaşlığı: dünən və bu gün – TƏHLİL

Tale elə gətirib ki, Azərbaycan XX əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazanıb. Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirilib, 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşayıb. İkinci dəfə xalqımız bu tarixi imkanı düz 71 il sonra əldə edə bildi. Sovet imperiyasının çöküşü ilə 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu, xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra hökumət dünyanın iri dövlətləri ilə siyasi-iqtisadi əlaqələr yaratmağı qarşıya məqsəd qoydu. İlk olaraq Türkiyə ilə münasibətlər quruldu. 1918-ci il mayın 30-da Nazirlər Şurası tərəfindən İtaliya da daxil olmaqla Türkiyə, Almaniya, Avstriya-Macarıstan, Fransa, Böyük Britaniya, ABŞ, Bolqarıstan, Rumıniya, İran, İspaniya, Hollandiya, Rusiya, İsveç, Ukrayna, Danimarka və Yaponiya xarici işlər nazirliklərinə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması barədə məlumat göndərildi. Bununla Cümhuriyyət müttəfiq dövlətlərin diqqətini Azərbaycana cəlb etmək, ticarət-sənaye dairələri ilə kommersiya əlaqələri yaratmaq istəyirdi. Birinci Dünya müharibəsinin başa çatması ilə Qərb dövlətlərinin Azərbaycana marağı müstəsna dərəcədə artırdı. Bu, ən çox dünya neft istehsalının böyük bir hissəsinin Bakının payına düşməsi ilə bağlı idi. Müharibə ərəfəsində Rusiyada hasil edilən neftin 80 %-dən çoxu Bakıda çıxarılırdı. Cümhiriyyət də, öz növbəsində iqtisadi vəziyyəti yaxşılaşdırmaq üçün neft faktoruna əsaslanan siyasət yürütməyə cəhd göstərirdi. Bu siyasi kursda İtaliya ilə münasibətlər də istisna deyildi. “Xammal axtarışı”nda olan İtaliya Azərbaycan neftinə və Gürcüstan kömürünə böyük maraq göstərirdi.

İtaliyada neftin müxtəlif məqsədlərlə istehlak tarixi qədim idi. Romalılar onun əvəzolunmaz sərvət olduğunu bilir və nefti “oleum petrae” – daş yağı adlandırırdılar. Bu söz “petroleum” şəklində digər dillərə də keçmişdi. Belə ki, neft emalı məhsullarından biri “petroleum efiri” adlanırdı. Romalılar yağlayıcı, kipləndirici və işıqlandırıcı maddə kimi neftdən, həmçinin bitumdan geniş istifadə edirdilər. Dioskorid Pedaniy (təxminən eramızın 40-90-cı illəri) Siciliya adasında çıxan və çıraqlarda işıqlandırıcı kimi tətbiq olunan “siciliya yağı”- neft haqqında bəhs etmişdir. O dövrün mətnlərində yanacaq kimi bitumdan da istifadə olunması göstərilir. Eramızın I əsrində romalı alim Pliniy (ərəb mənbələrində onu Bəlinas, Əbliniyas adlandırırlar) təsdiq edirdi ki, neftin müalicəvi xüsusiyyətləri var. Genuyanın (İtaliya) küçələri Zante (Zakintos və ya Zante İon dənizindəki üçüncü ən böyük yunan adasıdır) adasında çıxarılan neftlə işıqlandırılırdı.

Loading...
Yazının davamı reklamdan sonra

XIX əsrin sonlarında Abşeron yarımadasında neft quyularının sayının kəskin artması, neft bumunun meydana gəlməsi dünyanın bir çox ölkələrində iri kapitalistlərin diqqətini Bakıya cəlb etdi. Doğrudur, o dövrdə Bakıda bilavasitə İtaliya şirkətləri fəaliyyət göstərmirdi. Bununla belə, Nobel qardaşlarının Amerikanın “Standard oil” şirkətinin “Cosyete İtalo-Amerikana del petrolio” (İtaliya) və “Kolonial oyl К°” ortaq şirkətlərilə bağladığı müqavilələrə əsasən, Rusiya neftinin (dolayısı ilə Bakı neftinin) İtaliyaya, Tunisə, İngiltərəyə, Portuqaliyaya və Maltaya daşındığı məlumdur.

Xalq Cümhuriyyətinin 1919-cu ilin dekabr ayında imzaladığı qanunla neft və neft məhsullarının ixracına qoyulan qadağaların qismən aradan qaldırılması Azərbaycanla İtaliya arasında ticarət münasibətlərinə zəmin yarandı. İtaliyadan hərbi və iqtisadi yardım almaq, əvəzində neft və neft məhsulları göndərmək barədə danışıqlar aparıldı. Nəhayət, 1919-cu il dekabrın 1-də Batumi vasitəsi ilə İtaliyaya 590 min pud ağ neft və 660 min ton mazutun göndərilməsi haqqında qərar verildi. Hər pud ağ neftin qiyməti 35 ABŞ dolları, mazutun tonu isə 25 ABŞ dolları müəyyən edilmişdi. 1920-ci ilin əvvəllərində Bakı-Tbilisi dəmir yolu vasitəsi ilə, oradan da Qara dənizə çıxmaqla barter sövdələşmələri həyata keçirildi. İtaliya Azərbaycana manufaktura (ayaqqabı, geyim və s.), gündəlik tələbat malları göndərir, əvəzində isə neft və neft məhsulları alırdı.

1920-ci ildə Azərbaycan Sovet Rusiyası tərəfindən işğal olundu, Bakı neft rayonu ələ keçirildi və Qərb dövlətləri regiondan sıxışdırıldı. SSRİ dünya neft ticarətinin ən böyük iştirakçısına çevrildi. Bolşeviklərin əsas müştəriləri isə İngiltərə, Fransa və İtaliya idi. 1924-1925-ci ilin sənədlərində göstərilir ki, SSRİ-dən ixrac edilənən 80 milyon pud neftin 34 milyon pudunu ingilislər, 14 milyon pudunu İtaliya, 8,5 milyon pudunu Fransa, qalanını isə digər Avropa dövlətləri almışdır. Sovet İttifaqına daxil olduqdan sonra Azərbaycan öz neftinin sahibi deyildi, bu səbəbdən öz məhsulunu müstəqil olaraq dünya bazarlarına çıxara bilmirdi.

SSRİ-nin çöküşü ilə 1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi. Müstəqilliyin ilk illəri ağır iqtisadi problemlər içində keçirdi. Keçmiş müttəfiq respublikalar arasında münasibətlərin kəsilməsi iqtisadi əlaqələrin qırılmasına və postsovet məkanda kəskin iqtisadi böhranın yaranmasına səbəb oldu. Dünya birliyi ilə münasibətlər qurmağa, beynəlxalq əlaqələr yaratmağa başlayan Azərbaycan Respublikası 1991-ci il noyabrın 9-da Türkiyə Cümhuriyyəti, sonra isə Rumıniya (11 dekabr 1991-ci ildə), Pakistan (13 dekabr 1991-ci ildə), İsveçrə (23 dekabr 1991-ci ildə), İran (25 dekabr 1991-ci ildə), İtaliya (1 yanvar 1992-ci ildə), ABŞ (23 yanvar 1992-ci ildə), Rusiya (10 aprel 1992-ci ildə) və başqa dövlətlər tərəfindən tanındı. 2 mart 1992-ci ildə Azərbaycanın BMT-yə üzv qəbul olunması onun beynəlxalq birliyin tam hüquqlu üzvü kimi tanınması demək idi.

İtaliya və Azərbaycan arasında diplomatik əlaqələr 1992-ci il mayın 8-də quruldu. 1997-ci ilin mart ayında İtaliya höküməti Cənubi Qafqaz ölkələri arasında ilk olaraq Azərbaycanda öz səfirliyini təsis etdi. 2003-cü ilin dekabr ayında isə Azərbaycan Respublikasının İtaliyada səfirliyi yaradıldı.

1997-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin İtaliyaya ilk rəsmi səfəri iki ölkə arasında münasibətlərdə dönüş nöqtəsi oldu. Səfər nəticəsində dövlətlər arasında siyasi, iqtisadi, mədəni və texniki əməkdaşlıq üzrə 7 saziş imzalandı. Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci ildə İtaliyaya rəsmi səfəri isə Azərbaycan-İtaliya tərəfdaşlığının daha da genişləndirilməsinə təkan verdi. Bu səfər zamanı İtaliya və Azərbaycan arasında gömrük, informasiya, telekommunikasiya, idman, mədəniyyət, bələdiyyə, ədliyyə sahələrində əməkdaşlıqla bağlı yeni sazişlər imzalandı. Prezident İlham Əliyevin 2006-cı il 20 sentyabr tarixli Sərəncamına əsasən, Azərbaycan və İtaliya arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın təsis edilməsi İtaliyanın Azərbaycanla iqtisadi əlaqələrin inkişafına böyük diqqət yetirdiyinin bariz nümunəsidir. Prezident İlham Əliyevin 2020-ci ilin fevral ayında İtaliyaya dövlət səfəri isə ikitərəfli münasibətləri yeni, daha yüksək səviyyəyə qaldırdı, 30-a yaxın mühüm sənəd imzalandı. Ölkələr arasında ticarət dövriyyəsinin göstəriciləri də bunu sübut edir. Dövlət Gömrük Komitəsinin statistik məlumatına görə, ölkələr arasında ticarət dövriyyəsi 2007-ci ildə 1,1 milyon ABŞ dolları olmuşdusa, 2015-ci ildə 2,84 milyard ABŞ dollara çatdı, 2020-ci ildə təxminən 4,6 milyard ABŞ dollarından, 2021-ci ildə isə 9,6 milyard ABŞ dollarından çox oldu. İtaliyanın Cənubi Qafqaz ölkələri ilə ticarətinin 90 %-dən çoxu Azərbaycanın payına düşür. Artıq neçə ildir ki, İtaliya Azərbaycanın ticarət dövriyyəsində ilk pillələrdə qərarlaşıb. Mübaliğəsiz deyə bilərik ki, qarşılıqlı ticarət dövriyyəsi hazırda 6 milyard ABŞ dollardan çox olan bu ölkə Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir.

Münasibətlərin davamlı inkişafında enerji sahəsindəki əməkdaşlıq mühüm əhəmiyyətə malikdir. Bu sahədə SOCAR və “ENI” şirkətlərinin rolu xüsusi qeyd edilməlidir. “ENİ” hazırda Bakı-Tbilisi-Ceyhan neft boru kəməri konsorsiumunda 5 % paya sahibdir. Cənub Qaz Dəhlizinin nəql marşrutları kontekstində 2013-cü ildə TAP layihəsinin Azərbaycan qazının İtaliyaya daşınması üçün marşrut olaraq seçilməsi isə qarşılıqlı əlaqələrin inkişafında yeni mərhələ açdı. Cənub Qaz Dəhlizinin tikintisi üzrə təchizat və xidmət layihələrinin həyata keçirilməsində İtaliyanın “Saipem”, “ValvItalia”, “Renco S.p.a”, “Bonatti S.p.a”, “Enereco S.p.a.”, “Max Streicher S.p.a”, “Honeywell SRL” və digər şirkətləri də yaxından iştirak etdi.

Bu gün dəhlizlə ötürülən Azərbaycan qazı TANAP-la Türkiyə-Yunanıstan sərhədinə, oradan isə TAP-la birləşərək Yunanıstan, Albaniya ərazilərindən, eləcə də Adriatik dənizindən keçib Cənubi İtaliyaya maneəsiz nəql edilir. Ötən il Cənub Qaz Dəhlizi ilə nəql olunan Azərbaycan qazının 6,8 milyard kubmetri məhz İtaliyaya çatdırılıb. Bundan başqa SOCAR və onun nəzarətində olan şirkətlər tərəfindən İtaliyanın mühəndislik, tikinti və texnologiyalar sahəsində aparıcı şirkətləri arasında bir sıra iri həcmli müqavilələr imzalanaraq icra olunur. Bunlardan “SOCAR Polymer”lə İtaliyanın “Maire Technimont S.p.A.” şirkəti arasında Sumqayıtda Polipropilen Zavodunun inşasına dair müqavilə, “Azərikimya” İstehsalat Birliyinin “Etilen-polietilen” zavodunun yenidənqurulması layihəsi çərçivəsində İtaliyanın “Technip” şirkəti arasında detallı mühəndislik və təchizata dəstək xidmətləri üzrə ilkin işlərə dair müqavilələri qeyd etmək mümkündür.

Azərbaycan İtaliya üçün həm də bir nömrəli xam neft təchizatçısıdır. İtaliyanın xam neft istehlakının təxminən 20 %-ə qədəri Azərbaycanın payına düşür. 15 ildən çoxdur ki, ölkəmiz fasiləsiz və təhlükəsiz olaraq İtaliyaya xam neft ixrac edir. Təkcə 2021-ci il ərzində BTC, Bakı-Supsa və Bakı-Novorossiysk boru kəmərləri ilə 8,8 milyon ton həcmində Azərbaycan mənşəli xam neft İtaliyaya ixrac olunub. Bundan başqa, BTC kəməri ilə ötən il 1,4 milyon tranzit nefti İtaliyaya daşınıb. Göründüyü kimi, Azərbaycan İtaliya ilə enerji əməkdaşlığında özünü etibarlı tərəfdaş kimi təsdiqləmişdir.

Ölkələrimiz arasında iqtisadi əlaqələr əsasən neft-qaz və enerji sektorunu əhatə etsə də, son illərdə qeyri-neft sektoru üzrə də ciddi əməkdaşlıq əlaqələri qurulub. Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və digər sektorlarda İtaliyanın 100-dən çox şirkəti fəaliyyət göstərir. Azərbaycanda yüksək texnologiyalı investisiya layihələrinin həyata keçirilməsində, sənaye zonalarının, aqroparkların, logistik mərkəzlərin yaradılmasında bu şirkətlərin fəal iştirakı əməkdaşlığımıza əlavə stimul verir. 44 günlük Vətən müharibəsi zamanı azad edilmiş torpaqlarımız işğal dövründə dağıdılmış, məhv edilmiş infrastrukturun yenidən qurulması işlərinə İtaliya şirkətlərinin də cəlb olunması da əlamətdar haldır. Azərbaycanda 8 ildən artıqdır ki, fəaliyyət göstərən “Maire Tecnimont Group” ölkəmizin sənayeləşdirilməsi işinə töhfələr verir.

İnanırıq ki, Azərbaycanla İtaliya arasında çoxsaylı biznes anlaşmaları, nəinki neft-qaz sektorunda, eləcə də iqtisadiyyatın digər sahələri üzrə əməkdaşlığın genişləndirilməsinə təkan verəcək.

Vüqar Həsənov

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button