Top.Mail.Ru

ARAŞDIRMA

Azərbaycan-Türkiyə: Liderlərin və xalqların sarsılmaz birliyinin növbəti nümayişi – ŞƏRH

Azərbaycan-Türkiyə münasibətləri yüksələn xətlə inkişafına davam edir. Ölkələrimiz arasındakı qardaşlıq, müttəfiqlik münasibətlərinin inkişafında sözsüz ki, hər iki dövlətin liderlərinin Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rolu misilsizdir.

Bu gün Dənizin üzərində inşa edilən nəhəng layihə – Rize-Artvin Hava Limanının iki qardaş ölkə rəhbərinin iştirakı ilə açılışı Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək səviyyədə olduğunu və buna baxmayaraq durmadan inkişafa davam etdiyini göstərir.

Azərbaycan hər bir uğurunda Türkiyəni öz yanında görmək istədiyi kimi qardaş ölkədə də bu tendensiya müşahidə olunur.

Odur ki, liderlərin iştirakı ilə baş tutan açılış mərasimi həm də dövlətlərin və xalqlarımızın bir-birinə bağlılığının növbəti əyani təzahürüdür.

Üstəlik, siyasi və strateji münasibətləri nəzərə almasaq belə, bu cür hadisələrin xalqlarımız arasında xüsusi mənəvi dəyərə sahib olduğunu da vurğulamaq gərəklidir.

Məsələn, ötən ilin oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimini yadımıza salaq. Uzun illər sonra tarixi ədaləti bərpa edib Zəfər qazanan Azərbaycan üçün işğaldan azad edilmiş torpaqlarda bu cür böyük bir layihəni icra etmək və bunu reallığa çevirmək olduqca mühüm əhəmiyyətə malik idi.

Məhz belə bir məqamda isə Türkiyə lideri açılış mərasimində iştirakı ilə bir daha Azərbaycana olan böyük dəstəyi və dövlətlərimizin, xalqlarımızın sarsılmaz bağlarla bir-birinə bağlandığını bütün dünyaya göstərmiş oldu.

Azərbaycan-Türkiyə münasibətlərinin ən önəmli ifadə tərzlərindən biri, sözsüz ki, Şuşa bəyannaməsidir.

2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamə imzalandı. Qars müqaviləsi, “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə”, “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokol”, eləcə də 16 avqust 2010-cu il tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə”yə əsaslanan bu bəyannamə Azərbaycan-Türkiyə münasibətlərini daha da möhkəmləndirdi, iki xalqın tarix, soykökü, din, dil, mədəniyyət birliyinə söykəndiyini bir daha təsdiqləmiş oldu. İki dövlət arasındakı münasibətlər bununla keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Bu müqavilə həm də postmüharibə dövründə də Azərbaycan-Türkiyə münasibətlərinin region üçün təhlükəsizlik və sabitliyin təminatçısı olacağının elanına çevrildi.

Azərbaycan İlham Əliyevin liderliyi ilə qarşısında duran olduqca mürəkkəb və taleyüklü məsələlərin həllinə nail olub. Ölkəmiz bu dövrdə öz tarixinin ən yüksək inkişaf səviyyəsinə çata bilib. İlham Əliyevin rəhbərliyində Azərbaycan özünün iqtisadi qüdrətini artırıb, ölkəmizdə hərtərəfli inkişaf, xüsusən ordu quruculuğu sahəsində böyük uğurlar əldə olunub. Məhz bu uğurlar və ortaya qoyulan siyasi iradə yekunda 44 günlük müharibədə tarixi Zəfərin qazanılmasına gətirib çıxardı. Təbii ki, bu işdə Azərbaycan dövlətinin və onun liderinin getdikcə artan nüfuzu, beynəlxalq arenada dövlətimizin qazandığı yüksək etimad müstəsna rol oynadı.

Müasir tarixə nəzər saldıqda oxşar xüsusiyyətləri qardaş ölkəyə də aid edə bilərik. Məhz Rəcəb Tayyib Ərdoğanın liderliyində Türkiyə dünyanın aparıcı ölkələrindən birinə çevrildi. Qardaş ölkənin getdikcə artan beynəlxalq nüfuzu, ölkənin bütün sahələrdə nümayiş etdirdiyi yüksək tərəqqi məhz uğurlu siyasi xəttin tətbiqi nəticəsində mümkün oldu. Türkiyə bütün dünyada ədalətli mövqeyi ilə seçilən, hər zaman haqqın tərəfində dayanan etibarlı tərəfdaş, müttəfiq kimi aparıcı dövlətlər arasında söz sahibinə çevrildi.

Azərbaycan və Türkiyənin bütün dünya üçün örnək təşkil edən münasibətləri, dövlətlərin “bir millət, iki dövlət” prinsipinə sadiqliyi eyni zamanda liderlər arasındakı möhkəm dostluq münasibətlərindən qaynaqlanır. Öz dövlətinin tərəqqi və inkişafı üçün yorulmadan çalışan hər iki liderin qətiyyəti və səyləri sayəsində ölkələrimizin müasir tarixi hər birimiz üçün qürur mənbəyinə çevrilməkdədir.

Üstəlik, liderlərin möhkəm dostluğu, dövlətlərimizin bütün sahələrdəki sıx əməkdaşlığı təkcə iki dövlət arasındakı münasibətlərin inkişafına deyil, bütün Türk dünyasında əlaqələrin möhkəmlənməsinə xidmət edir. Azərbaycan-Türkiyə əməkdaşlığı, siyasət kurslarının harmoniyası, dövlətlərin bir-birinə sarsılmaz etimadı və təbii ki, dövlət başçılarının isti münasibətləri Türk dünyası üçün tarixi əhəmiyyətə malik təşəbbüslərin reallaşmasına zəmin yaradır.

Azərbaycan-Türkiyə dostluğu Türk dünyası ilə yanaşı həm də beynəlxalq əməkdaşlıq, qlobal təhlükəsizlik və sabitlik üçün də olduqca önəmli yer tutur. Hər iki dövlət regiondakı sabitliyin birbaşa təminatçıları rolunu uğurla icra edir və mümkün təhlükələrə qarşı birgə addımlar atır.

Bütün bunların fonunda İlham Əliyevin bu gün Türkiyə üçün önəmli bir gündə qardaş ölkədə olması olduqca əlamətdar bir hadisədir. Sözügedən tədbir bir daha onu göstərir ki, Azərbaycan və Türkiyə dövlətləri, liderləri və xalqlarımız arasındakı münasibətlər müqayisə olunmaz bir birliyə söykənir. Bu birlik isə hər iki dövlətin bu günü ilə yanaşı, sözsüz ki, işıqlı gələcəyini də təmin edir!

Orxan Tağıyev

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button