Top.Mail.Ru

ARAŞDIRMA

Rusiyanın yadına qəfil düşən helikopter HADİSƏSİ – Bakıya ŞOK MESAJ

Moskvanın İrəvandakı baş elçisi 44 günlük müharibə bitən ərəfədə yanlışlıqla vurulmuş Rusiyaya aid “Mi-24″ hərbi helikopterinin ekipaj üzvlərinə qoyulmuş abidəni ilk dəfə yad edib; ekspertlərin fikrincə, ezop dilində çatdırılan bu addımlar delimitasiya işini poza bilməyəcək…

KAİM.az-ın məlumatına görə, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Sünikə (Zəngəzur) səfər edib. “Yeni Müsavat” bildirir ki, Kopırkin Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistandakı Sərhəd İdarəsinin rəhbərliyinin müşayiəti ilə 2020-ci ildə Yerasx (Arazdəyən) qəsəbəsi yaxınlığında döyüş tapşırığını yerinə yetirərkən həlak olmuş “Mi-24″ helikopterinin ekipaj üzvlərini yad edib. Diplomatik nümayəndəliyin rəhbəri Ermənistanla sərhədin (Laçın və Qubadlı rayonları ilə) ”Tex” və “Paruyr Sevak” sərhəd-keçid məntəqələrində də olub.

Rəsmi məlumata görə, İkinci Qarabağ müharibəsi artıq bitən ərəfədə – 9 noyabr 2020-ci il tarixində Naxçıvan-Ermənistan sərhədinin Arazdəyən kəndi yaxınlığından keçən hissəsində Azərbaycan tərəfindən yanlışlıqla Rusiyaya məxsus “Mi-24″ hərbi helikopteri vurulub. Ermənistan tərəfi həmin Rusiya helikopterinin həlak olmuş şəxsi heyətinin xatirəsinə abidə qoyub. Rusiya səfirinin helikopter qəzasını məhz indi yada salması diqqət çəkir.

Loading...
Yazının davamı reklamdan sonra

Brüsseldə ötən həftəsonu keçirilən üçtərəfli görüşdən sonra Azərbaycan və Ermənistan birgə komissiyasının tərkibinin elan olunması və dərhal da ilk görüşün keçirilməsi, bu hadisənin Avropa Birliyinin aktivinə yazılması Moskvanı qıcıqlandırmaya bilməz. Hələ də Brüssel görüşünə Rusiya rəsmilərinin münasibət bildirməməsi də Moskvanın narazılığının göstəricisi hesab oluna bilər. Rusiya səfirinin Ermənistanla həssas sərhəd bölgəsinə getməsi, Sünik administrasiyasının nümayəndələrinin  şəhər sakinləri adından “sosial-iqtisadi inkişaf proqramlarının həyata keçirilməsində göstərdiyi köməyə, o cümlədən regionda təhlükəsizliyin təmin edilməsində sərhədçilərin iştirakına görə Rusiyaya minnətdarlıqlarını bildirməsi” bir mesaj kimi də yorumlana bilər. Bizim ekspertlər necə düşünürlər? Rus səfir məqsədli şəkildə gedərək Bakıya ismarış verib?

Erməni xalqı Azərbaycanla qonşu olmaq istəyir - Xəyal Bəşirov - VİDEO

Xəyal Bəşirov

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirovun “Yeni Müsavat”a bildirdiyinə görə, Brüssel platformasında gerçəkləşən prosesə mane olmaq istəyən qüvvələr mövcuddur. Onun fikrincə, zaman-zaman bəzi ölkələrin Ermənistanda fəaliyyət göstərən səfirlərinin İrəvanın təsiri altına düşdüyünü müşahidə edirik: “Rusiyanın Ermənistanda olan səfirinin də erməni mövqeyindən çıxış etdiyini görmüşük. Onun helikopter qəzasında ölənlərin abidəsini ziyarət etməsi də təsadüf deyil. Bunu təşkil edənlər bilirlər ki, xüsusən diplomatlar belə addım atanda daha çox rezonans doğurur. Görünür, ermənilərin təkidi ilə səfir həmin yeri yad edib. Bu cür addımlar revanşist və erməni diasporunun maraqlarına xidmət edir. Çünki biz bu şəkildə bilmirdik ki, ekipaj üzvü üçün orada abidə qoyulub. Amma səfirin getməsi ilə daha çox nəzərlər həmin yerə yönəldildi”.

Ekspertin fikrincə, Ermənistanda olan qüvvələrin hesablanmış addımıdır: “Artıq baş nazirlərin müavinləri səviyyəsində sərhəddə görüş keçirilib. İlk dəfə real addım atılır, həmişə sənəd imzalanırdı, amma praktik iş olmurdu. Amma həmin qüvvələr istəmir ki, delimitasiya prosesi irəliləsin. Bütün bunlara baxmayaraq, Rusiya rəhbərliyi də artıq yol qalmadığını anlayır. Hər bir halda sülh sazişi imzalanacaq. Ona görə kənarda dayanıb mane olmaqdansa, Moskva töhfə versə, daha yaxşı olardı. Çünki geniş miqyasda bu işin qarşısını ala bilməyəcək”.

Ramiyə Məmmədova: “Türkiyə ABŞ-la problemi həll edib”

 Ramiyə Məmmədova 

Siyasi şərhçi Ramiyə Məmmədova söyləyir ki, diplomatiyada üstüörtülü replikalar, ezop dilində mesajlar olur. Onun fikrincə, ya rus diplomat öz ayağı ilə həmin yerə getmək təşəbbüsü göstərib, ya da onu yönləndiriblər: “Mən daha çox birinci versiyanın üzərində dayanıram. Səfir deyə bilər ki, rus pilotlara abidə qoyulub, o da ziyarət edib. Amma burada ermənilərin yaltaqlığı da diqqət çəkir. Sadəcə, səfirin bu davranışı təəccüblü deyil. Ermənistanda olan Rusiya və Amerika səfirləri hər zaman Azərbaycanın xoşuna gəlməyən addımlar atır, açıqlamalar verirlər. Ümumiyyətlə, özlərini bir dövlətin təmsilçisi kimi aparmırlar, tərəfkeşlik nümayiş etdirirlər. Təəssüf ki, Rusiya bütün parametrlər üzrə, hər bir addımında Brüsselin vasitəçiliyindən narazı qalmasını diqqətə çatdırmağa çalışır”.

Təhlilçi hesab edir ki, səfir son iki ilə yaxın müddətdə ilk dəfə helikopter hadisəsini yada salır: “Maraqlıdır ki, indiyə qədər onun həmin yerə getməsi xəbərini eşitməmişdik. Deməli, məqsədli addımdır və Azərbaycana çatdırılan siqnaldır. Bu giley-güzarına rəğmən, biz öz işimizi davam etdiririk. Rusiya moderatorluğun Avropa Birliyinə keçməsindən narazılıq etməkdənsə, Soçidə yaradılmış İşçi Qrupu formatında real addımlar ataydı. Moskva sülh müqaviləsinin imzalanması üçün bu müddətdə heç bir əməli iş görməyib, hələ azmış kimi, Zaxarova Avropa İttifaqının hərəkətlərini həyasızlıq adlandırır. Ona görə istər helikopterdə ölənləri yad eləsinlər, istər Qarabağ ermənilərinə qahmar çıxsınlar, sərhədlər çəkiləcək, bu işi pozmaq mümkün olmayacaq”.

“Yeni Müsavat”

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button