Top.Mail.Ru

ARAŞDIRMA

TƏCİLİ! Putinə ümid edən Ermənistan varlığını TƏHLÜKƏYƏ ATDI – ABŞ-dan KRİTİK İTTİHAM

Rəsmi İrəvan Kremlə yaxınlaşdıqca, ABŞ Ermənistana himayəsini ittiham mesajları ilə əvəzləyir… Rusiyanın Ermənistana veriləcək hərbi texnikası, rəsmi İrəvanın isə müasir silahlar alacaq maliyyə vəsaiti yoxdur…

Ukrayna savaşının ən ağır duruma saldığı ölkələrin arasında Ermənistan ön sıralarda yer alır. Bu savaş Ermənistanı dərin tərəddüdlər içərisində buraxıb. Rəsmi İrəvan istənilən halda, prinsipial seçim etmək məcburiyyətindədir. Ancaq hər hansı istiqamət üzrə seçim edə bilmir.

Paşinyan hakimiyyəti ABŞ və Qərb ilə Rusiya arasında məcburi balans siyasəti yürütməyə məhkum duruma düşüb. Halbuki, rəsmi İrəvan üçün balans siyasətinin etibarlılıq müddəti bitir, limit sona çatır. Hər hansı tərəfin xeyrinə edilən prinsipial seçim isə mütləq əks istiqamətdən zərbə vəd edir.

Loading...
Yazının davamı reklamdan sonra

Onu da qeyd etmək lazımdır ki, Ukrayna savaşı Ermənistanın beynəlxalq himayədarlarının da mövqeyini dəyişməyə başlayıb. Hazırda Qərb siyasi dairələri, xüsusilə də, ABŞ üçün “erməni kartı” artıq cəlbedici deyil. Əksinə, indi “erməni faktoru” ABŞ-ın regional maraqlarına ciddi problemlər yarada bilər.

Paşinyan hakimiyyətinin son vaxtlar Rusiyaya daha çox yaxınlaşmağa çalışması isə Ağ Evin diqqətindən qətiyyən yayınmayıb. Belə ki, ABŞ artıq Ermənistana ilk xəbərdarlıq mesajını verib. ABŞ Dövlət Departamentinin son hesabatında Ermənistan və ermənilər konkret ittihamlara məruz qoyulub. Hətta Ermənistan Azərbaycanın 30 il yaxın bir müddətdə işğal altında saxladığı ərazilərində tarixi abidələri dağıtmaqda, məscidləri təhqir etməkdə suçlanır.

ade012ed-5500-4e6d-844e-ce5f1444d60d.jpg (236 KB)

Buna paralel olaraq, ABŞ prezidenti Co Bayden Azərbaycan lideri İlham Əliyevə müraciətində rəsmi Bakının Ukrayna savaşına yönəlik mövqeyindən məmnunluq ifadə olunur. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində önəmli rol oynadığı vurğulanır. Və rəsmi Bakı əmin edilir ki, ABŞ Azərbaycanın etibarlı strateji tərəfdaşıdır.

Göründüyü kimi, zaman və proseslər Azərbaycanın xeyrinədir. Bundan sonra Ermənistanın Azərbaycanla geopolitik rəqabətə girmək cəhdləri sadəcə, mənasız məşğuluyyət xarakteri daşıyacaq. ABŞ və Qərbin hədəfləri baxımından, Azərbaycanın strateji əhəmiyyəti artıb. Avropa Birliyi isə Azərbaycan enerji resurslarının dünya bazarında həcminin artırılmasına ciddi ehtiyac duyur. Və bu, rəsmi İrəvanın öhdəsindən gələ bilməyəcəyi önəmli faktordur.

Paşinyan hakimiyyəti isə həm ABŞ və Qərblə, həm də Rusiya ilə eyni səviyyədə münasibətlər qurmağa çalışmaqla, əslində, hər iki tərəfin etimadından məhrum qalır. İndi hər iki tərəf Ermənistanın geopolitik ssenarilər üçün faydasız ölkə olduğunu qəbul etməkdədir. Və bu, rəsmi İrəvanı Cənubi Qafqazda rəqabətdən kənar vəziyyətə salır.

Ermənistanda hakimiyyət uğrunda mübarizənin küçə və meydanlara daşındığı bir şəraitdə bu situasiyanın rəsmi İrəvan üçün nə qədər təhlükəli olduğunu Paşinyan hakimiyyəti də anlamamış deyil. Paşinyan hakimiyyəti hazırda daha çox revanşist müxalifətin kütləvi etiraz aksiyalarının təsiri altında hərəkət etmək məcburiyyətində qalıb. Ermənistan baş naziri Nikol Paşinyan revanşirtlərin Rusiyanın “sehirli çubuğu” ilə küçə və meydanlara çıxdığını başa düşür.

4fd8985b-35a7-4386-8332-e3e8bbbf984e.jpg (208 KB)

Ona görə də, rəsmi İrəvanın son vaxtlar Kremllə anlaşmağa çalışdığı barədə məlumatlar mövcuddur. Həmin məlumatlara görə, Paşinyan hakimiyyəti Rusiya xarici işlər naziri Sergey Lavrovdan Ermənistana səfəri çərçivəsində açıq dəstək gözləyir. Əvəzindəsə, Ermənistanda olan və Rusiyanın vaxtaşırı gündəmə gətirdiyi ABŞ-ın gizli biolaboratoriyalarla bağlı Kremlə prinsipial güzəştlər təklif edir.

Ancaq Kreml Paşinyan hakimiyyətinə qətiyyən güvənmir. Ona görə də, əvvəlcə ABŞ-ın gizli biolaboratoriyalara nəzarət hüququ istəyir. Yalnız bundan sonra Paşinyan hakimiyyətinə Rusiyanın açıq siyasi dəstəyini vəd edir. Rusiya və Ermənistan arasındakı bu “siyasi bazarlıq” ABŞ və Qərb tərəfindən də diqqətlə izlənilir. Ağ Evin ABŞ Dövlət Departamentinin son hesabatının Ermənistan əleyhinə məzmunu ilə rəsmi İrəvana xəbərdarlıq mesajı verməsinin səbəblərindən biri də məhz budur.

Nəhayət, rəsmi İrəvanın Ermənistanı uzaqlaşa bilmədiyi Rusiyanın orbitində tutmaq niyyətinin arxasında hərbi xarakterli hədəflər də olmamış deyil. Belə ki, Ermənistan ordusu Azərbaycanla 44 günlük savaş nəticəsində darmadağın edilib. Rəsmi İrəvanın isə Ermənistana yeni ordu qurmaq imkanları demək olar ki, yoxdur. Çünki, yeni ordu üçün ilk növbədə müasir hərbi texnika almaq lazımdır.

Ermənistan iqtisadiyyatı isə çökmüş vəziyyətdə olduğundan, rəsmi İrəvan maliyyə qaynaqlarına möhtac qaldığından Qərb ölkələrindən müasir hərbi texnika almaq mümkün görünmür. Ermənistan əslində, müstəqillik illərində heç vaxt maliyyə vəsaiti sərf etməklə hərbi texnika və silah ala bilməyib. Ermənistan ordusunun hərbi ehtiyacları Rusiyanın hədiyyə etdiyi silahlar hesabına təmin olunurdu.

1512123282_ermeni_3475675645645_1513170653.jpg (66 KB)

Maraqlıdır ki, rəsmi İrəvan bu ənənəni davam etdirməyə can atır. Rusiyadan Ermənistan ordusunun yenidən qurulması üçün ödənişsiz hərbi texnika və silahlar ala biləcəyinə ümid bəsləyir. Halbuki, Paşinyan hakimiyyətinin bütün ümidlərinə baxmayaraq, Rusiyanın məlum ənənəni davam etdirəcəyi inandırıcı görünmür.

Məsələ ondadır ki, hazırda Rusiyanın özünün hərbi texnikaya kəskin ehtiyacı yaranıb. Kreml ehtiyatında olan bütün müasir hərbi texnikanı Ukrayna savaş poliqonuna yeridib. Bu ehtiyatlar artıq tükənmək üzrə olduğundan, Kreml hətta Rusiya ordusunu ötən əsrin 70-ci illərində arsenaldan çıxarılmış T-62 tankları ilə təchiz etmək məcburiyyətində qalıb. Belə davam edərsə, Rusiya yaxın aylarda II Dünya Müharibəsində istifadə etdiyi “Katyuşa”lara da möhtac qala bilər.

Belə vəziyyətdə Rusiyanın Ermənistana hərbi texnika hədiyyə edə biləcəyinə yalnız sadəlövhlər inana bilər. Hətta möcüzə baş verib, Kreml Ermənistana silah versə belə, bu, yalnız müasir savaş texnologiyalarından 50-60 il geri qalan köhnə və yararsız hərbi texnikadan başqa bir şey olmayacaq. Yəni, hazırda Rusiyanın Ermənistana vermək üçün hərbi texnikası yoxdur.

Ermənistanın isə ödəniş edib, müasir hərbi texnika almaq üçün maliyyə vəsaiti mövcud deyil. Belə anlaşılır ki, rəsmi İrəvan nə qədər ümid etsə də, cəhdlər göstərsə də, Ermənistan ordusunu yenidən qurmaq şansları qətiyyən yoxdur. Böyük ehtimalla rəsmi İrəvan indiki siyasi kursuna sadiq qalarsa, Ermənistan hələ bir neçə onillik ərzində ordusuz qalacaq. Və bu, o deməkdir ki, Qərbdəki himayədarlarını da tədricən itirməkdə olan, Rusiyadan da gözlədiyi hərbi dəstəyi ala bilməyən Ermənistan gələcək mövcudluğunu belə, real təhlükə altına atır.

“Yeni Müsavat”

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button