Top.Mail.Ru

ARAŞDIRMA

Əli Kərimli İran agentlərini niyə “milli demokrat”a çevirir?

“Tale Bağırzadəni xilas edək”, yaxud “Müsəlman Birliyi” Hərəkatına “İran agenti” damğası vurmaq bəraəti olmayan əməldir” deyir AXCP sədri Əli Kərimli. Və bəlkə də Bağırzadəni, “Müsəlman Birliyi”ni, elə Əli Kərimlinin özünü tanımayanlar, Nardaran, Gəncə hadisələrinin pərdəarxasını bilməyənlər üçün bu çağırış “demokratik dəyərlərin müdafiəçisi” “siyasi məhbusa” azadlıq tələbi kimi görünə bilər. Amma və lakin…

– Azərbaycanda şəriət rejimi qurmaq istəyənlərlə “liberal demokratları” nə bağlayır?
– Tale Bağırzadə, onun rəhbərlik etdiyi “Müsəlman Birliyi” hərəkatı niyə yenidən gündəmdədir?
– AXCP niyə “İran agentlərini” bu qədər həvəslə dəstəkləyir və onları “vətənpərvər” kimi qələmə verir?
– İran Azərbaycana qarşı klassik planını yenidən dövrəyə daxil edib?

İranın nüfuz agentləri ilə Qərbin dəstəklədiyi AXCP arasındakı bağlar suallar yaradır. Axı bir tərəfdə Azərbaycanda “demokratik sistem” qurmaq istədiyini iddia edən qüvvələr, digər tərəfdə “şəriət rejimi” qurmaq istəyənlər var və daban-dabana zidd iki ideoloji cərəyanın birləşməsi siyasi ambisiyaların nələr olduğu müəmmasına da cavab axtarışını zərurətə çevirib.

Loading...
Yazının davamı reklamdan sonra

Bu müəmmanı anlamaq üçün prosesə 2005-ci ildən – radikal müxalifətin “rəngli inqilab” sevdasına qovuşa bilmədiyi dövrdən baxmaq lazımdır.

2003-cü il fiaskosundan sonra AXCP-nin rayon təşkilatları dağılır, sosial baza sürətlə sıfıra yaxınlaşırdı. 2005-ci ildən etibarən AXCP dindar kəsim üzərindən hərəkət etməyə başladı. Artıq həmin ərəfədə dindar kəsimin siyasiləşməsi müşahidə olunurdu. Bunu fürsət bilən cəbhəçilər Azərbaycanda yeni məşhurluq qazanan “Facebook”da Əhli-Beyti tərənnüm edən fikirlər paylaşır, dini kəsimə “bacı və qardaşlarımız” deyə müraciət edirdilər. Bu işi ən çox hazırda xaricdə olan, həmin dövrdə AXCP-nin ictimaiyyətlə əlaqələr işini həyata keçirən Natiq Ədilov aparırdı. Məqsəd dağılan sosial bazanı dini ibadət üçün icmalaşan kəsimin hesabına doldurmaq idi.

2013-cü il prezident seçkiləri öncəsi yaranan Milli Şura dini kəsimi öz qanadı altına keçirmək məqsədilə Azərbaycan İslam Partiyasına (AİP) yaxınlaşmağa başladı. Şura həbsdə olan partiya sədri Mövsüm Səmədovun müdafiəsinə start verdi. Lakin iqtidarın manevrləri AİP-in Milli Şuranın kölgəsi altına keçməsinin qarşısını aldı. Partiya iqtidar partiyası ilə olmasa da, Milli Şura ilə deyil, Ədalət Partiyası ilə ittifaqa getdi. Cəhdləri boşa çıxmış Milli Şura AİP-ə qarşı hücuma başladı, partiyanın bəzi üzvlərini öz tərəfinə çəkərək, parçalamaq gedişi etdi.

Bu cəhdlər istənilən effekti verməyəndə Əli Kərimli B planına keçdi: radikal dini kəsimdən istifadə etmək. Bu plan hələ Tale Bağırzadə həbsdən Milli Şuraya üzv olmaq üçün müraciət edəndə alternativ olaraq seçilmişdi. Həmin vaxt Bağırzadə siyasi müstəvidə gözə dəymirdi. Amma o, həbsdə olarkən “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatı yaratdı, həbsdən çıxan kimi dövlət əleyhinə hücumlarını genişləndirdi və diqqətçəkən məqam odur ki, dövlətin əleyhinə fəaliyyətini davam etdirərkən, Milli Şuranın üzvü olaraq qalırdı. Ardınca Nardaran hadisələri baş verdi, Bağırzadə həbs olundu. Əli Kərimli bu həbsə qarşı çıxdığını bəyan etsə də, Bağırzadənin neytrallaşdırılması ona radikal dindarların yeni lideri olmaq imkanını yaratdı. Nardaran hadisələrindən 10 ay sonra – 2016-cı ilin sentyabr ayında Milli Şuranın keçirdiyi mitinqlərdə əsas iştirakçıların radikal dini kəsimdən ibarət olması və dini şüarların səslənməsi də bunu təsdiqləyirdi. Sonrakı mitinqlərdə də radikal dini kəsimin əsas iştirakçı payına sahiblənməsi müşahidə olundu. Bu, Əli Kərimlinin planlarının tam şəkildə baş tutması demək olmasa da, sosial bazanın sıfıra düşməsinin qarşısını müəyyən qədər aldı.

Lakin Kərimlinin radikal dindarlara “stavka” etməsi və Tale Bağırzadənin müdafiəsindən bu gün də əl çəkməməsi “hakimiyyəti ələ keçirmək” planının tərkib hissəsidir. Və belə görünür ki, “avroatlantik məkana inteqrasiya” platforması ilə Qərbin dəstəyinə bel bağlayan AXCP sədri dini kəsim üzərindən İrandan da mədəd umur.

AXCP Bağırzadə və təşkilatını “milliləşdirməyə” çalışsa da, onların kimliyi ortadadır və bu gün də hədəflərindən əl çəkmirlər.

T.Bağırzadə Nardaranda tərəfdarları ilə görüşündə deyirdi:

– Azərbaycanda İranda, Livanda və başqa yerlərdəkindən islamçılıq zəifdir. Ona görə milli kimlik məsələsindən istifadə etməliyik. Müxalifətlə münasibətlərə gəldikdə isə onlara demişik ki, Ayətullah Xamneyi ağamızdır, “qırmızı xətt”imizdir, ona toxunmasınlar… Biz onlara deməmişik ki, demokratıq, filanıq, Qərbə meylliyik. Əsla! Bunu bilirlər və şərtlərimizi qəbul ediblər. Mediaya çıxışımız zəif idi, bizə imkanlar yaradıblar. Tribuna veriblər ki, sözümüzü deyək. Nəyi pisdir?! İstifadə edin onlardan, yararlanın… Əslində onlar bizə yox, biz onlara lazımıq. Bundan faydalanırıq və gələcəkdə də istifadə etməliyik. Azərbaycanda müsəlman dövləti qurmalıyıq, bölücülüyə son qoymalıyıq.

Bağırzadə və qruplaşması ölkədə “şəriət dövləti” qurmaq istəyir. Onun ayətullahların önündə əyilməsi, İranın siyasi-dini təbliğatına uyğun olaraq “Azərbaycanda sionizmə ölüm” şüarları üzərindən apardığı təbliğat da uzaq keçmişin tarixi deyil.

Dövlət konstitusiya quruluşunu devirmək istəyən qruplaşmanı zərəsizləşdirdi və bununla İranın ölkə daxilindəki təsir şəbəkəsini zəiflətdi. Lakin cənubdan Azərbaycana qarşı planlar rəfə qaldırılmadı və növbəti dəfə daha radikal addım atdılar: “Hüseyniyyun” qruplaşmasının Gəncədə törətdiyi terror aktı Nardaranda baş tutmayan ssenarinin növbəti cəhdi idi.

AXCP Gəncə hadisələrində də eyni mövqeyi sərgilədi və bununla cənubdan gələn göstərişləri icra etdiyini etiraf etmiş oldu.

İndi “Bağırzadə planı” yenidən aktivləşdirilir və təlimatın İrandan gəldiyi bəllidir:

– İran klassik planını yenidən dövrəyə salır, bununla Qarabağ münaqişəsinin həllindən sonra bölgədə zəifləyən mövqelərini bərpa etmək, təzyiq rıçaqlarını saxlamaq niyyətindədir. Tale Bağırzadənin aclıq aksiyasına başlaması və Əli Kərimli tərəfindən “milli demokrat” obrazının yaradılması da buna hesablanıb.

– AXCP Azərbaycana qarşı əməkdaşlıq etdiyi dairələrin sifarişini yerinə yetirir, eyni zamanda, siyasiləşmiş dini kəsimin dəstəyini əldə etməklə bloqer səviyyəsinə qədər kiçilən fəaliyyətini gücləndirmək niyyətindədir.

Bunun bir adı var: siyasi ambisiyalar naminə milli maraqların qurban verilməsi;

AXCP bir daha sübut edir ki, hakimiyyətə gəlmək, siyasi divident əldə etmək naminə hər kəslə, hətta Azərbaycanda “şəriət rejimi” qurmaq istətəyənlərlə belə işbirliyinə hazırdır. Təəccüblü deyil, çünki bu gün Qərb istədiyi üçün Putini “xoxan” kimi göstərən Əli Kərimli cəmi 9 il öncə – 2013-cü ildə elə Putinin layihəsi olan “Milyarderlər ittifaqı”nın Azərbaycandakı rəsmi nümayəndəsi idi. AXCP açıq şəkildə “kim gəlirsə, gəlsin, təki bu hakimiyyət getsin” prinsipini irəli sürürdü.

2013-cü ilin 24 avqust tarixində keçirilən Milli Şuranın iclasında bu çağırış edilmişdi. Cəmil Həsənlinin Milli Şuranın prezidentliyə vahid namizədi seçildiyi həmin iclasda AXCP sədrinin müavinlərindən biri elan etdi ki, “kim gəlirsə, gəlsin, təki bu iqtidar hakimiyyətdən getsin”. Məqsəd Azərbaycanda hakimiyyətin dəyişilməsi idi və AXCP bunun üçün Rusiyanı ölkəyə dəvət edirdi.

Plan baş tutmasa da, bu gün belə Milli Şuranın fəaliyyət göstərməsi Rusiya ilə müəyyən əlaqələrin qalmasına işarədir. Buna paralel şəkildə İranla da əlaqələr var və Qərblə təmaslar da kəsilmir. Hər üç mərkəzin niyyəti Azərbaycanda milli maraqlarımızdan üstün olan öz maraqlarını həyata keçirilməkdir. AXCP və onun sədri Əli Kərimli isə hakimiyyətə gəlmək naminə bütün qüvvələrin planında baş iştirakçı olmağa həvəslə can atır.

“Publika.az Analitik Qrup”

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button