Top.Mail.Ru

ARAŞDIRMA

TƏCİLİ! Bir dəfəyə ÜÇ BİTİRİŞ: Müharibənin, Putinin və Rusiyanın sonu… – ŞOK HƏMLƏ

Əlbəttə, hamımız istəyirik ki, Ukraynadakı müharibə tezliklə başa çatsın. Eyni zamanda, kimsə Rusiya-Ukrayna müharibəsinin tezliklə bitəcəyini gözləmir. Təbii ki, bütün savaşlar kimi bu savaş da nə vaxtsa bitəcək, amma nə vaxt?..

Zelenskinin böyük dəstəkçisi Conson bu günlərdə Putinin müharibəni necə tezliklə bitirə və bu zaman hakimiyyətdə necə qala biləcəyi barədə danışıb. Böyük Brutaniyanın baş naziri qeyd edir ki, Rusiya lideri rusiyalılar arasında böyük etimad kreditinə sahibdir. Yəni, Consona görə, müharibəni dayandırması və bunun Rusiya üçün məğlubiyyət sayılması Kreml sahibinin kreslosunu laxlatmayacaq.

Rusiyanın yürütdüyü ekspansiya siyasətinə qarşı mübarizədə və Ukraynaya hərtərəfli dəstək verilməsində Conson Qərbin ən parlaq siması olsa da, belə görünür ki, Birləşmiş Krallığın hökumət başçısı Putinin kimliyini, qorxunc mahiyyətini sonadək anlamayıb. Hər halda, indiki situasiyada və şərtlər daxilində Putinin savaşdan çəkiləcəyini güman etmək sadəlövhlükdür.

Loading...
Yazının davamı reklamdan sonra

Putin son 20 ildə özünü və Rusiyanı elə bir hala, çərçivəyə salıb ki, onların hər ikisinin mövcudluğu yalnız müharibə situasiyasında mümkündür. Putin özü üçün də, Rusiya üçün də körpüləri yandıraraq Ukraynaya soxulub. O, ölkəsində elə zombiləşmiş cəmiyyət və quruluş yaradıb ki, əgər müharibəni dayandırsa, Rusiyanın indiki halda mövcudluğunun özü-özlüyündə anlamını itirməsi deməkdir. Bu ölkədə kimsə Rusiyanın uduzulmuş müharibədən sonrakı perspektivini görə bilmir. Ukraynanın itirilməsi Rusiyanın total məğlubiyyəti kimi qəbul edilir və bu ehtimalın özü belə Rusiya elitasını isteriyaya salır: batarlarsa, dünyanı da batıracaqları ilə hədələyirlər…

Dördaylıq müharibədə Putinin hədəflərini dəyişdirməsi də Rusiya liderinin savaşdan çıxmağa və ya onu bitirməyə qabil olmadığını göstərir. Guya rus qoşunları 3 günə Kiyevə girəcəkdi, Ukraynada hakimiyyəti dəyişdirəcəkdi, denasifikasiya, demilitarizasiya olacaqdı. Bu hədəflərin hamısı qeybə çəkildi, indi yalnız Donbasın rusdilli əhalisinin müdafiəsindən danışılır. Amma Ukraynanın Donetsk və Luqansk vilayətlərini ruslara hədiyyə etmək niyyəti yoxdur…

Consondan fərqli olaraq Zelenskinin şübhə ilə yanaşdığı Şolts Putin rejiminin mahiyyətini daha real qiymətləndirir. Almaniya kansleri hesab edir ki, Ukrayna-Rusiya müharibəsi uzun sürəcək, çünki Putin uzun müddət məhz bu müharibəyə hazırlaşıb. Bu, başqa məsələdir ki, Conson müharibənin bitməsi, Ukraynanın qələbəsi üçünsituasiyanı daha real qiymətləndirən Şoltsdan daha çox fəallıq göstərir…

Yeri gəlmişkən, Henri Kissincer də valı dəyişdi və belə çıxdı ki, “diplomatiya patriarxı”nı “düzgün” anlamamışıq. ABŞ-ın keçmiş dövlət katibi mayda Davos forumunda Ukraynanı təcili danışıqlara və Rusiyaya ərazi güzəştinə getməyə çağırırdı. Bu günlərdə Böyük Britaniyanın “The Spectator” jurnalına müsahibəsində isə Kissincer Ukraynada savaşın bitməsinin 3 ssenarisindən bəhs edib:

1-ci. Rusiyanın qələbəsi. Rusiya tutduğu ərazilərdə qalır. Yəni, Ukraynanın 20%-ni və Donbasın böyük bir hissəsini, həmçinin Qara dəniz boyu torpaq zolağını zəbt edir. Əgər Rusiya buna nail olarsa, Putin qələbəsini bayram edə bilər. Bu zaman NATO-nun rolu güman edildiyi qədər həlledici olmayacaq. Bu ssenari Rusiya liderinin hədəfləri ilə aşağı-yuxarı üst-üstə düşür.

2-ci. Rusiya ilə müharibə. Kissincer güman edir ki, Rusiyanın Donbas ərazisindən 2014-cü il sərhədlərinə qədər və Krım ərazisindən sıxışdırılması variantı mümkündür. Onun fikrincə, bu, artıq Ukrayna və Qərbin Rusiya ilə birbaşa savaşı məsələsi, faktiki olaraq dünya konflikti deməkdir.

3-cü. Rusiyanın məğlubiyyəti. Əgər ukraynalılar Rusiyanı fevralın 24-dən əvvəlki sərhəd vəziyyətinədək geri ata bilsə, o zaman “Ukrayna bərpa olunacaq”. Ən başlıcası isə, Ukrayna “NATO-nun tərkib hissəsi olmasa belə, NATO ilə sıx bağlı olacaq və onun tərəfindən silahlandırılacaq”. Bundan sonra “ qalan məsələləri danışıqların öhdəsinə buraxmaq olar”. Başqa sözlə, münaqişə dondurulur və Kissincerə görə, belə situasiya “müttəfiqlər üçün əhəmiyyətli nailiyyət olar”. NATO Finlandiya və İsveçin qoşulması ilə güclənir və bu, Baltikyanı ölkələrin müdafiəsi üçün imkanlar açır. Ukrayna NATO ilə bağlı ölkə və ya onun üzvü kimi Avropada ən iri adi quru qoşunlarına sahib ölkələrdən biri olur. “Rusiyaya göstərilir ki, İkinci Dünya müharibəsindən bəri rus qoşunlarının hücumu qarşısında Avropanın üzərində asılan qorxu NATO-nun belə adi hərəkətləri ilə alına bilər”, – Kissincer belə təxmin edir…

Aydındır ki, Kissincerin fərqli təxminləri və Almaniya kanslerinin praqmatikliyi Qərb dünyasında Ukrayna-Rusiya müharibəsinə münasibətdə fərqli mövqelərin olmasından qaynaqlanır. Aparıcı mövqeyi Pentaqonun şefi Lloyd Ostin aprelin 4-də Kiyevdə olarkən təsbit etmişdi: Müharibədə hədəf Ukraynanın qələbəsi, onun ərazi bütövlüyünün tam bərpası və Rusiyanı belə aqressiyaları bir daha təkrarlamayacaq dərəcədə zəiflətməkdir. Ostinin konsepsiyasına qarşı çıxanlar – Şolts, Makron və Draqi isə bəyan edirdilər ki, Rusiyanı alçaltmaq olmaz, Putinə simasını saxlamaqda kömək etmək lazımdır, Ukrayna heç vaxt Rusiyaya qalib gələ bilməz, müharibə ukraynalıların iztirablarını daha da artıracaq və s. Və Almaniya, Fransa və İtaliya liderləri Ukraynanı ərazi güzəşti müqabilində sülhə razı salmaq üçün iyunun 16-da Kiyevdə oldular. Lakin köhnə Avropanın bu “kapitulyant”ları Zelenskini razı sala bilmədilər və Kiyevdən əliboş döndülər. Bununla da, “Putinin dostları”nın mövqeləri sarsıldı.

İyunun son 7 günündə keçirilən üç tarixi sammit – Avropa İttifaqı, G7 və NATO-nun zirvə görüşləri Bayden-Conson tandeminin və ya Ostin tezislərinin təntənəsini ortaya qoydu. “Böyük Yeddilik” və NATO sammitlərində özəlliklə Consonun fəallığı fonunda Şolts, Makron və Draqi kölgədə qaldı…

Beləliklə də, NATO-nun strateji konsepsiyasında Rusiya bir nömrəli düşmən -“qitədə əsas təhdid” statusunda təqdim edilir və həmçinin qeyd edilir ki, “nüvə silahı aqressora qarşı əsas çəkindirici faktor olaraq qalır”. Yəni, Putinə yalnız onun “nüvə dəyənəyi”nə sahib olmadığı xatırladılır və Qərbin Rusiyanın nüvə şantajı qarşısında geri çəkilməyəcəyi vurğulanır…

Hərbi ekspertlərə görə, Rusiya hərbi-strateji və taktiki baxımdan müharibənin 1-ci və 2-ci fazalarını uduzub. Amma müharibə davam edir və kimsə onun nə zaman bitəcəyini təxmin etməyə cəsarət etməz. Qərbin dəstəklədiyi Ukraynanın güclənməsi, yeni silahlar alması fonunda dünyadan təcrid olunan Rusiyanın perspektivləri gün keçdikcə qaranlıqlara qərq olur. Trend belədir ki, Ukraynanın Rusiyanın hücumlarını dayandırıb uğurlu hücumlara keçməsi şansı daha yüksəkdir. Rusiyanın indiki hərbi-siyasi elitasının isə yaxın perspektivdə situasiyanı real qiymətləndirə biləcəyi sual altındadır.

Belə görünür ki, Putin heç vaxt reallıqla barışmayacaq və ya barışmaq istəməyəcək. Çünki bu, de-fakto onun siyasi, hətta fiziki sonu deməkdir. Odur ki, Kreml sahibi indiyədək nə edibsə, onu da etməkdə, bildiyi oyunu oynamaqda davam edəcək. Putin 4 aydır fiasko yaşasa da, hələ də qalib görkəmdə özünü təqdim edir. Hətta İlan adasından qaçmalarını da “xoş məram” kimi təqdim etdilər. Sabah, məsələn, Ukrayna ordusu Xersonu geri alsa, o, bunkerdən hansı pozada rusiyalıların önünə çıxacaq?

Beləliklə, Putin rejimi nə qədər qalacaqsa, müharibə o qədər davam edəcək və yaxud əksinə… Və Ukrayna qoşunları Donbasda əks-hücuma keçdiyi gün bunker, Kreml, Moskva və Rusiya gerçək dramını yaşamağa başlayacaq. Heç bir diktator istər siyasi, istərsə də hərbi məğlubiyyəti aşa, həzm edə bilməz…

Qəzənfər Həmidoğlu

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button