Top.Mail.Ru

ARAŞDIRMA

İran və Rusiyanın QORXULARI: Türkiyənin geopolitik planlarına MƏĞLUB OLURLAR – TƏHLİL

Siyasi ekspert Kamal Əliyev

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani İrəvan səfərində maraqlı açıqlamalar verib. Xüsusilə, keçmiş admiral Şəmxaninin Cənubi Qafqazda “geopolitik konfiqurasiyahaqqında dedikləri diqqətimi çəkdi.

Şəmxani deyir ki, onlar Cənubi Qafqazın geopolitik mənzərəsini dəyişə bilən cəhdlərə qarşıdırlar.

Hərçənd, İran İslam Respublikasının siyasi elitası ikinci Qarabağ müharibəsindən sonra Türkiyə prezidenti R. T. Ərdoğanın təklif etdiyi “3+3″(Azərbaycan, İran, Türkiyə, Ermənistan, Rusiya Federasiyası, Gürcüstan) geoiqtisadi layihəyə tərəfdar olduğunu bəyan edir. Maraqlı olan detal budur ki, İran Cənubi Qafqazda geopolitik dəyişikliklərə qarşı olduğunu bəyan edərkən nəyi nəzərdə tutur…

Məsələ çox sadədir:

Tehran lap əvvəldən Zəngəzur dəhlizi ideyasına qarşı çıxır. Doğrudur, İ. Rəisi hökuməti Zəngəzur dəhlizinə qarşı olduğunu deməsə də, anlaşılan odur ki, Tehran Azərbaycanla Naxçıvan Muxtar Respublikasını birləşdirən koridora qarşıdır.

Rəsmi Tehran Ermənistanın Syünik (Zəngəzur) ərazisindən keçəcək xəttin “koridor” olmasında maraqlı deyil. Yəni, Tehran Azərbaycan və Naxçıvan arasında ən yaxşı halda “nəqliyyat xətti” marşurutunun olmasında maraqlıdır. Bu, o demək olur ki, Ermənistan tərəfi öz gömrük xidməti vasitəsi ilə daşımalara nəzarət edə bilsin. “Zəngəzur dəhlizi” mövzusunda Tehran və İrəvanın baxışları tam üst-üstə düşür.

Üstəlik, son 30 ildə İran ilk dəfədir ki, Syünik icmasının mərkəzi Qafanda Konsulluq açıb.

Tehran indiyədək Qafanda niyə diplomatik nümayəndəlik açmırdı?

Digər tərəfdən, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması, siyasi-diplomatik münasibətlərin qurulması ehtimalı da Tehranın ürəyincə deyil.

Əslində, bu, heç Rusiyanı da qane etmir. Rusiyanı o səbəbdən qane etmir ki, bir sonrakı etapda Gümrüdəki rus hərbi bazasının mövcudluğuna ehtiyac qalmır.

İran isə ona görə narahatdır ki, Türkiyənin yumşaq gücü (soft power), sərmayəsi, biznes elitası Ermənistana daxil olacaq.

İranın indiyədək Cənubi Qafqazda geosiyasi doktrinası Qarabağ probleminin həll olunmaması, Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşmaması olub.

Lakin bunlar demək olar ki, geridə qalıb. İran 44 günlük müharibədən sonra yaranmış geopolitik status-kvonu qəbul etməlidir ki, özləri demişkən, məntəqədə davamlı sülh bərqərar olsun.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button