Top.Mail.Ru

ARAŞDIRMA

TƏCİLİ! Bakıdan Qarabağla bağlı ŞOK ADDIM – Toxunulmazlıq təmin edildi, ABŞ və NATO ilə…

Avropa Birliyi ilə enerji sazişinin imzalanması Azərbaycan üçün yeni “təhlükəsizlik çətiri” rolunu oynayır… ABŞ və NATO ilə yaxınlaşma isə Azərbaycanı tədricən Rusiya üçün əlçatmaz ölkəyə çevirir…

ABŞ-ın Cənubi Qafqaz siyasəti dəqiqləşməyə başlayıb. Ağ Ev ABŞ-ın bu regiondakı maraqlarına və hədəflərinə ciddi düzəlişlər etməyə cəhd göztərir. Və bu, onu göstərir ki, ABŞ-ın son vaxtlara qədər yürütdüyü Cənubi Qafqaz siyasəti qətiyyən effektiv xarakter daşımayıb, strateji hədəflərdən uzaq olub.

Əslində, son dövrlərə qədər ABŞ-ın bu regiona yönəlik siyasəti qeyri- müəyyən xarakter daşıyırdı. Hətta bəzi hallarda Ağ Evin Cənubi Qafqaz siyasətinin həqiqətən mövcud olub-olmadığı da ciddi şübhələr doğurmaqdaydı. Hər halda, Ağ Ev son illərdə “Soros” Fondu üzərindən Ermənistanda indiki baş nazir Nikol Paşinyanın siyasi komandasını hakimiyyətə gətirməkdən başqa elə bir ciddi uğura nail olmamışdı. Və ABŞ-ın Cənubi Qafqaz siyasətində durğunluq dövrünün yaşandığını da düşünmək olar.

Loading...
Yazının davamı reklamdan sonra

Ancaq prezident Co Baydenin hakimiyyətə gəlişi və Ukrayna savaşının başlanması bir çox şeyləri ciddi şəkildə dəyişməyə başladı. Hazırda ABŞ diplomatiyası bu regionda əvvəlki dövrlərlə müqayisədə daha fəal təsir bağışlayır. Hətta Ağ Evin Avropa qurumlarını da öz arxasına alaraq, Cənubi Qafqaz uğrunda Rusiya ilə amansız mübarizəyə başladığını təsdiqləyən məqamlar da diqqəti çəkir.

Hazırda ABŞ-ın Cənubi Qafqazdakı əsas hədəfinin Rusiyanı bu bölgədən sıxışdırmaq olduğu qətiyyən şübhə doğurmur. Rusiyanın bu regiondakı əsas dayaqları isə məhz “münaqişə ocaqları”dır. Xüsusilə də, Azərbaycan və Ermənistan arasında mövcud olan 30 illik hərbi-siyasi qarşıdurma Kremlin Cənubi Qafqazdakı hegemoniyasını təmin edən əsas faktor sayılır.

sulh-muqavile.jpg (293 KB) Ona görə də, Ağ Ev ilk növbədə Cənubi Qafqazda regional müqaişələrin nizamlanmasına cəhd göstərir. Çünki buna nail olunacağı təqdirdə, Kreml Cənubi Qafqaz dövlətlərinə əsas təsir mexanizmlərini itirmiş olacaq və Rusiyanın regionada qalmasına da elə bir ciddi ehtiyac qalmayacaq. Bu baxımdan, ABŞ və Qərbin əsas strategiyası Rusiyanı regional təsir mexanizmlərindən məhrum etməkdədir.

Ancaq bu məsələdə Ağ Evin qarşısına müəyyən çətinliklər çıxmaqdadır. Belə ki, regional münaqişələrin nizamlanması, xüsusilə də, Azərbaycan-Ermənistan mansibətlərinin normallaşdırılması prosesinə vasitəçilik missiyası məhz Rusiyanın əlində cəmləşib. Kreml bundan istifadə edərək, Azərbaycan və Ermənistan arasında tez bir zamanda sülh sazişinin imzalanmasına imkan vermir, müxtəlif vasitələrlə vəziyyəti gərginləşdirməklə, əngəl törədir.

Təbii ki, bu səbəbdən də, ABŞ və Qərb Rusiyanın vasitəçilik missiyasını bloklamağa can atır. Ağ Ev çalışır ki, Azərbaycan və Ermənistan təmsilçiləri ikitərəfli formatda görüşərək, mövcud problemləri birbaşa həll etməyə çalışsınlar. Və bu halda, Azərbaycan-Ermənistan münasibətləri daha tez nizamlana bilər.

Təbii ki, bütün bunları nəzərə aldıqda, ABŞ və Qərbin Azərbaycan və Ermənistanı Rusiyanın iştirakı olmadan ikitərəfli diplomatik təmaslara yönəltməyə çalışması qətiyyən təəccüblü deyil. Belə ki, həm ABŞ, həm də Avropa Birliyi bu iki ölkə arasında keçirilən bütün ikitərəfli müzakirələri dəstəklədiklərini birmənalı şəkildə vurğulayırlar. Və belə görüşlərin Cənubi Qafqazda sülhə, əmin-amanlığa, eləcə də sürətli inkişafa apara biləcəyini qabardırlar.

Ancaq hələlik ABŞ və Qərbin bu cəhdlərini tam uğurlu hesab etmək qətiyyən mümkün deyil. Çünki, Ermənistan Rusiyanın regional for-postu olduğundan Kremlin təlimatlarına dərhal riayət etmək məcburiyyətindədir. Ermənistanın mövcudluq şərtləri Rusiyadan birbaşa asılı olduöundan, rəsmi İrəvan Kremlə müqavimət göstərmək şansına malik deyil. Və buna cəhd Ermənistanın təhlükəsizliyini birbaşa təhdid edən səbəbə çevrilə bilər.

Ona görə də, hazırda ABŞ və Qərbin Cənubi Qafqaz olan maraqları qarşısındakı əsas problemlər də məhz Ermənistanın bütün sahələr üzrə Rusiyadan tamamilə asılı vəziyyətdə olması ilə bağlıdır. Ağ Evin indiki regional şərtlər daxilində Ermənistanı Rusiyanın təsir dairəsindən çıxartma ehtimalı isə o qədər də real görünmür. Və bu baxımdan, ABŞ-ın Ermənistana yönəlik mövqeyində son vaxtlar müəyyən sərtləşmənin müşahidə olunması da qətiyyən gözlənilməz deyil.

Azərbaycanla bağlı situasiya isə tamamilə fərqlidir. Kremlin hərbi təhdid ehtimalı nəzərə alınmazsa, Azərbaycanın Rusiyadan demək olar ki, heç bir asılılığı mövcud deyil. Rəsmi Bakı öz xarici siyasətində Kremlin mövqeyini nəzərə almaq məcburiyyəti hiss etmədiyindən, yalnız Azərbaycanın milli maraqlarını ön plana keçirtməyə üstünlük verir. Bu isə ABŞ və Qərbin Azərbaycanla müxtəlif məsələlər üzrə anlaşma imkanlarını genişləndirir.

62d5657cc90e5.jpg (140 KB) Maraqlıdır ki, son vaxtlar rəsmi Bakının ABŞ və Qərblə münasibətlərində strateji tərəfdaşlıq əlamətləri müşahidə olunur. Azərbaycan Avropanın enerji təhlükəsizliyi maraqlarının təmin olunmasında əsas qarantor ölkəyə çevrilməkdədir. Belə ki, bir müddət öncə rəsmi Bakı Avropa Birliyi ilə enerji təchizatı sahəsində önəmli müqaviləyə imza atıb. Kreml bundan ciddi şəkildə qıcıqlansa da, rəsmi Bakı hətta Orta Asiyanın enerji resurslarının Avropa bazarına çıxarılması ilə bağlı müəyyən öhdəliklər götürməkdən də qətiyyən çəkinmir.

Digər tərəfdən, son vaxtlara qədər Azərbaycanın təhlükəsizlik maraqlarının təmin olunasında NATO ölkəsi olan Türkiyə ilə hərbi-strateji müttəfiqlik böyük önəm daşıyırdı. İndi rəsmi Bakı bu məsələdə daha da irəli gedərək, Azərbaycanın NATO ilə tərəfdaşlığına da nail olmaq üzrədir. NATO Azərbaycan ordusunun modernləşdirilərək, Türkiyə modelinə keçilməsini tam dəstəkləyir. Və bu, rəsmi Bakının Azərbaycanın milli təhlükəsizliyinin daha effektiv təmin edilməsi istiqamətində planlı fəaliyyət göstərdiyini təsdiqləyir.

Anlaşılan odur ki, rəsmi Bakı vaxtilə “Əsrin Müqaviləsi”nə imza atmaqla, Azərbaycanı Rusiyanın təhdidlərindən qorumaq təcribəsinə yenidən müraciət etməkdədir. Bu dəfə Avropa Birliyi ilə enerji sazişinin imzalanması Azərbaycan üçün yeni “təhlükəsizlik çətiri” rolunu oynayır. Bu sıraya ABŞ və NATO ilə yaxınlaşmanı da əlavə etdikdə, Azərbaycanın tədricən Rusiya üçün əlçatmaz ölkəyə çevrilməkdə olduğu qətiyyən şübhə doğurmur.

“Yeni Müsavat”

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button