Top.Mail.Ru

ARAŞDIRMA

TƏCİLİ! Xankəndidə Azərbaycana qarşı yeni hərəkat YARADILDI – Dəhşətli təxribat planları ELAN EDİLDİ

Rusiyanın sülhməramlı hərbi kontingentinin müvəqqəti nəzarətində olan Xankəndidə separatçılıq əhval-ruhiyyəsi artmaqdadır. Ən azı, informasiya məkanının Ermənistana aid seqmentində yayılan məlumatlardan belə nəticə çıxartmaq olar.

Son zamanlar “Rusiyanın müvəqqəti təsir dairəsində olan ərazidə nə baş verib” sualına elə erməni mənbələrində yer alan məlumatlara istinadən aydınlıq gətirməyə çalışaq. Belə ki, Azərbaycan və Ermənistan arasında intensiv danışıqların getdiyi, sülh anlaşmasına hazırlıq görüldüyü ərəfədə “Artsaxın müdafiəsi uğrunda” adlı yeni qondarma hərəkat yaradılıb. Bu haqda “Hraparak” məlumat yayıb. Bildirilir ki, hərəkat yeni “Qarabağ komitəsi” və ya “Artsax hərəkatı-2″ olmaq və bütün erməniləri yenidən birləşdirmək məqsədi daşıyır. ”Əsas məqsəd istənilən şəraitdə Qarabağın Azərbaycana birləşdirilməsinin qarşısını almaqdır. Hərəkatın yaradılması ideyası partiyasızlara məxsusdur, lakin partiya üzvləri də hərəkata qoşula bilər”, – açıqlamada deyilir. Məlumata görə, qondarma hərəkatın koordinasiya şurasının üzvlərindən biri də separatçı-terrorçu rejimin qanunsuz “təhsil və mədəniyyət nazirliyi”nin nümayəndəsi Armen Petrosyandır. O, hərəkatın genişləndirilməsi işində fəal iştirak edir. İcmalarda fəal görüşlər təşkil edir, mövcud vəziyyətin birlik tələb etdiyini, 1988-ci ildə olduğu kimi siyasi qüvvələr, şəxsiyyətlər ətrafında deyil, bir ideya ətrafında birləşməyin lazım olduğunu vurğulayırlar. “Hərəkatın gündəmində hakimiyyət dəyişikliyi planı yoxdur, lakin onlar xalqın qəzəbi ilə hakimiyyətin qərarlarına təsir göstərməyə çalışacaqlar”, – deyə məlumatda bildirilir.

Loading...
Yazının davamı reklamdan sonra

Ermənistan rəhbərliyi, Qarabağdakı ərazilərimizdə məskunlaşmış köçmən ermənilər, eləcə də erməni lobbisinin havadarları olan dövlət qurumları “artsaxın təhlükəsizliyi” mövzusunu son günlər daha tez-tez gündəmə gətirirlər. Erməni iş adamı Ruben Vardanyanın Rusiya vətəndaşlığından imtina edərək, Qarabağa köçmək qərarından sonra isə “artsaxın təhlükəsizliyi” əsas mövzu kimi gündəmə gəlib. Erməni yazar Ruben Marqaryan “Qolos Armeniya”ya müsahibəsində “xoşumuza gəlsə də, gəlməsə də, amma Artsaxın təhlükəsizliyinin təminatçısı Rusiya sülhməramlı kontingentidir” deyib. O bildirib ki, Vardanyanın əsas vəzifəsi “Artsaxı ermənilərinki kimi saxlamaq üçün mümkün olan hər şeyi etmək” olmalıdır. “Belə ki, insanlar nəinki oradan ayrılmaq istəməsinlər, əksinə, köçməyə çalışsınlar. ”Artsax”ı “cənnət parçası”na çevirmək. Bu, mümkündürmı? Ola bilsin: ərazi kiçikdir, əhali azdır. Rusiyalı milyarderin belə bir vəzifəni həll etməyə gücü çatarmı? Çatar. Üstəlik, “Artsax”dakı, Ermənistan və diasporadakı digər nüfuzlu qüvvələrin potensial dəstəyi ilə…Vardanyanın “Artsax”ın “dirçəliş planları” o halda uğurla həyata keçirilə bilər ki, Ermənistanda müvafiq hökumət olsun. Problem həll olunandır və yaxın vaxtlarda həll olunacağına ümid var”- deyə R.Marqaryan bildirib.

Göründüyü kimi, sərsəm iddialar və planlar tükənmir. Həm son illərdə başlarına dəyən “Dəmir yumruq” hamısına dərs olmayıb.

Proseslərin yenidən 80-ci illərin sonlarına, 90-cı illərin əvvəllərinə qaytarılması cəhdləri müşahidə olunur. O zaman da bənzər ssenarilərə əl atılmışdı və Kremlin dəstəyi, Azərbaycanın əl-qolunun bağlanılması, SSRİ-nin bölgədəki 366-cı alayının hərtərəfli yardımı ilə erməni saqqallılar təşəbbüsü ələ almışdılar. Təbii ki, bugünkü Azərbaycanı o dövrlə müqayisə etmək yersiz olar. Amma ermənilərin dirçəldilməsi planları bir çox dairələrin masasınada varkən ehtiyatı əldən verməməliyik.

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov: “...Rusiya Azərbaycanın cavab zərbəsinə daha mülayim yanaşa bilər" - BBC News Azərbaycanca

Tofiq Zülfüqarov

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun bu barədə açıqlaması da diqqət çəkir. “Ermənistan çalışır ki, Rusiya hərbi kontingentinin müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində bir təmas xətti formalaşdırsın və oradakı ermənilərin partizan hərəkatı şəklində bir müqaviməti təşkil edilsin. Yəni bölgədə yeni silahlı qarşıdurma baş versin ki, nəticədə müəyyən vasitəçilər cəlb edərək hansısa bir siyasi proses başlatsınlar. Və həmin siyasi prosesdə ermənilərə dəstək verən, onlara sponsorluq edən müəyyən dövlətlər birbaşa iştirak edərək Azərbaycana təzyiq göstərsinlər. Yəni ssenari təxminən bu istiqamətdə inkişaf edir. Rusiyada fəaliyyət göstərən erməni milyarder Vardanyanın gəlişi də məhz bu taktikaya işarədir. Burada həm də məqsəd ondan ibarətdir ki, Azərbaycan guya Ermənistanın iştirakı olmadan birbaşa Qarabağdakı ermənilərlə münaqişəyə çəkilsin və gələcəkdə oradakı separatçı-terrorçu qurumla danışıqlara məcbur edilsin. Yekun nəticədə bu yolla Azərbaycan torpaqlarındakı ermənilər üçün hansısa statusa nail olsunlar” deyə, nazir bildirib. Azərbaycanı separatçı-terrorçu qurumla danışıqlara məcbur edilmək taktikası baş tuta bilərmi? Azərbaycan 10 noyabr sənədində nəzərdə tutulduğu kimi, qanunsuz silahlıların Qarabağdan çıxarılmasında israr etdiyi vaxtda, yeni “hərəkat” yaratmaq nə deməkdir? “Partiyasızlaşmış artsaxın müdafiəsi hərəkatı” Azərbaycana qarşı partizan müharibəsinin anonsudurmu? Bakı hansı qəti addımlar atmalıdır?

Üzeyir Cəfərov hərbi xidmətə qayıtdı - "İki sahil"

Üzeyir Cəfərov

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərovun sözlərinə görə, Rusiya Federasiyasının bəzi söz sahibləri başlarını necə itiriblərsə, hələ də nə etdiklərinin fərqində deyillər: “İndi də onlar separatçılara söz veriblər ki, siz səs-küy salın, aranı qatın-qarışdırın, biz sizin arxanızdayıq. Əslində həqiqətən də ruslar ermənilərin hər mənada arxalarındadılar. Əgər onlar reallığı və baş verənləri dərindən dərk etsəydilər, bu cür hoqqabazlığa imkan verməzdilər. Bunların rəsmi sənədlərə imza atan şəxsləri də artıq iki ilə yaxındır ki, var gücləri ilə az qala gündə bir oyun, bir hoqqabazlıq edirlər ki, adam mat-məəttəl qalır. Axı, darmadağın edilmiş erməni ordusu və onların əlaltıları olan separatçılar gözəl başa düşürlər ki, indiyə kimi qondarma ”DQR”-in guya yaşadılması üçün onlarla qurum və təşkilatlar yaradılmışdı. Hanı o təşkilatlar? Və xırda bir dəstə halında qalan separatçılar da son çırpıntılarını etməkdədirlər”. Ü.Cəfərov separatçılar üçün sonun başlanğıcı olduğuna əmindir: “Onlar dərk edirlər ki, ən sərt formada cəzalandırılacaqlar. Özü də yaxın aylarda. Vaxt əsla onların xeyrinə işləmir. Qeyri-qanuni fəaliyyətlə, separatçılıqla məşğul olan qüvvələr və onların ətrafında birləşən başıpozuq dəstələr ləğv ediləcək və qanunlara tabe olmayanlar isə zərərsizləşdiriləcəklər. Bu istiqamətdə işlər gedir. Sadəcə, sözü və əməli düz olmayan Rusiya rəsmiləri çalışırlar ki, bölgədə gərginlik yaransın və guya onların varlığına çox güclü ehtiyac olduğunu göstərsinlər”. Polkovnik hesab edir ki, biz qətiyyətli və sərt tələblərimizi davamlı şəkildə səsləndirməli və tez bir zamanda belə qeyri-ciddi addımlara son qoyulmasına nail olmalıyıq.

Akif Nağı Prezident Administrasiyasına ÇAĞIRILDI

Akif Nağı

Azad Vətən Partiyasının sədri Akif Nağı isə “Yeni Müsavat”a bildirdi ki, bəzi xarici dövlətlər, ilk növbədə Rusiya regionda “istinad” nöqtələri saxlamağa çalışır: “Bununla istəyirlər ki, Azərbaycana təsir edə bilsinlər. Proseslər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına doğru gedir, hər halda belə görünür. Ona görə də xarici qüvvələr ”Dağlıq Qarabağ” dedikləri ərazini özləri üçün bir təzyiq vasitəsi kimi saxlamağa çalışırlar. Rusiyadan Vardanyanın oraya göndərilməsi, orada “müdafiə hərəkatı”nın yaradılması bu məqsədə xidmət edir. Ola bilsin ki, yaxın vaxtlarda digər məsələlər də ortaya çıxsın”. A.Nağı şübhə etmir ki, proses Moskva və İrəvan tərəfindən idarə olunur: “1988-ci ildə də belə olmuşdu, hadisələr xaricdə ssenariləşdirilərək, idarə olunurdu. O vaxt Ermənistan da alət rolunda idi, indi Xankəndini həmin rolda saxlamağa çalışırlar. İkinci Qarabağ müharibəsi ilə biz Ermənistanın alət rolunu heçə endirdik, ona görə də yeni alət hazırlamaq zorundadırlar. Lakin indiki şəraitdə ermənilərin və onların arxasında dayananların geniş manevr imkanları yoxdur. Kiçik bir ərazidə hansısa ”partizan” və ya başqa hərəkat yaratmaq mümkün deyil. Ermənilər yanlış yollarını davam etdirirlər, hələ də düzgün qərar qəbul edib realist mövqe tuta bilmirlər”. Bununla yanaşı, AVP rəhbəri ehtiyatlı olmağı zəruri sayır: “Azərbaycan məsələnin böyüməsinə imkan verməməli, Fərrux yüksəkliyinə, Laçına, Zabuxa bayraq sancdığı kimi hərəkət etməli, Xankəndiyə daxil olub, ermənilərin və havadarlarının oyunlarına birdəfəlik son qoymalıdır”.

Ermənistanın sərhəd boyunca Azərbaycana qarşı təxribatlarının davamlı xarakter alması bir tərəfdən sülh prosesinin pozulmasının bariz nümunəsidirsə, digər tərəfdən istisna deyil ki, bu, diqqəti Qarabağdakı separatçı-terrorçu dəstələrin fəaliyyətindən yayındırmaq niyyəti güdür. Diqqət edirsinizsə, uzun müddətdir Qarabağdakı qanunsuz erməni silahlı birləşmələri açıq şəkildə təxribatlara əl atmırlar. Amma onların səngərlər qazması, minalar basdırması ilə bağlı məlumatlar davamlı şəkildə yayılır. Deməli, quldur dəstələr də hazırlanan növbəti planlarda rol alırlar. Odur ki, üçtərəfli bəyanatlara uyğun şəkildə erməni tərəfindən öhdəliyi yerinə yetirməsi tələb olunmalı, Qarabağın ermənilər yaşayan hissəsi təcili silahsızlaşdırılmalıdır. Əks halda, növbəti gərginlik və lokal hərbi əməliyyatlar istisna deyil. Xankəndidə ermənilərin mitinq keçirməsi də 1988-ci il hadisələrini xatırlatdı. Heç bir halda bu kimi özbaşınalıqlara, ultimatum səsləndirmələrinə imkan vermək olmaz. Vardanyanın bu günlərdə baş separatçı Araik Arutyunyanla görüşməsi də konkret planın tərkib hissəsidir. Rusiya rəhbərliyinin və sülhməramlı kontingentin komandanlığının öz leksikonuna yenidən baxması da zəruridir. “Dağlıq Qarabağ” ifadəsi birdəfəlik yasaq edilməlidir, nəinki “artsax”. Əgər bölgədə sülh və birgəyaşayış tərəfdarıdırlarsa…

Bənzər yazılar

Back to top button