Top.Mail.Ru

ARAŞDIRMA

TƏCİLİ! Paşinyan da, revanşistlər də TƏSLİM OLUR: Sülh sazişinin imzalanacağı vaxt da DƏQİQLƏŞİR

Bəzi məlumatlara görə, Ermənistan baş naziri Nikol Paşinyan iki ölkəin rəsmi təmsilçiləri arasında artıq müzakirə edilmiş sülh sazişinin ilkin variantını qovluğunda Praqaya aparacaq, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə lideri Ərdoğanla yekun anlaşmaya cəhd göstərəcək… Paşinyan hakimiyyəti və erməni müxalifəti, hətta dövlətçiliyin itirilmə təhlükəsindən qorxuya düşən radikal-revanşistlər belə, Ermənistan cəmiyyətini imzalanma mərasiminə hazırlamağa başlayıblar…

Cənubi Qafqazda hərbi-siyasi proseslər böyük sürətlə dəyişməkdə davam edir. Bu proseslər əsasən Azərbaycan və Ermənistan arasında baş verən silahlı toqquşmalar ətrafında cərəyan edir. Və regionda “sülh, yoxsa savaş” seçimi baxımından, həlledici mərhələ rolunu oynayır.

Ermənistan növbəti müharibəyə tab gətirmək imkanında deyil. Paşinyan hakimiyyəti tam dəqiqliyi ilə anlayır ki, bu dəfə müharibə Ermənistan dövlətçiliyinin sonunu gətirə bilər. Və bu səbəbdən də, sərhəd bölgəsində hərbi təxribatlar törətsə də, genişmiqyaslı savaş təhlükəsindən də yayınmağa çalışır.

Ancaq rəsmi İrəvan Azərbaycanla sülh sazişinin imzalanmasında da hələlik maraqlı görünmür. Çünki sülh sazişinin məhz rəsmi Bakının elan etdiyi beş baza prinsipi əsasında imzalanacağını bilir. Hər halda, Ermənistan savaşda məğlub ölkə olduğundan, rəsmi Bakının şərtlərini qəbul etmək məcburiyyətində qalıb.

2f4715ed-c7cd-45d9-9e98-7d83707ae469.jpg (126 KB)

Təbii ki, Paşinyan hakimiyyəti bu vəziyyəti Ermənistanın xeyrinə dəyişməyə cəhd etdi. Ermənistanın sərhəd bölgəsində törətdiyi hərbi təxribatlar da məhz situasiyanın dəyişdirilməsinə cəhd idi. Bu hərbi təxribatlarla rəsmi İrəvan Ermənistanın beynəlxalq himayədarlarını öz arxasına çəkə biləcəyinə ümid bəsləyirdi. Və baş nazir Nikol Paşinyan Ermənistanın hərbi təxribatlarından dərhal sonra ABŞ-a və Fransaya səfərlər etməklə, bu variantı sınaqdan çıxartdı.

Ancaq Paşinyan hakimiyyətinin ümidləri doğrulmadı. Ermənistanın beynəlxalq himayədarları rəsmi İrəvanın ənənəvi “şikayətlər”inə baş verənlərdən narahatlıqlarını ifadə etməklə, kifayətləndilər. Azərbaycanla hərbi qarşıdurmada Ermənistana real hərbi dəstək verməyə isə qətiyyən həvəs göstərmədilər.

Nəticədə həm Paşinyan hakimiyyətinin, həm də Ermənistan cəmiyyətinin ümidləri qırıldı. Belə vəziyyətdə dərhal sülh sazişinin imzalanmasının vacibliyi ilə bağlı mülahizələr ictimai müzakirələrdə ön plana çıxmağa başladı. Və hazırda Ermənistan cəmiyyətində məhz bu mövzu ətrafında fikir mübadiləsi aparılır.

Onu da qeyd etmək lazımdır ki, həm 5 avqust, həm də 13-14 sentyabr sərhəd toqquşmalarından sonra baş nazir Nikol Paşinyan Azərbaycanla sülh sazişini imzalaya biləcəyinin anonsunu vermişdi. Son məlumatlar isə bu istiqamətdə konkret addımların atılmasına hazırlıq olduğundan xəbər verir.

Məsələ ondadır ki, Ermənistan mətbuatı 6 oktyabrda Praqa səfərinə qovluğunda sülh sazişinin ilkin mətni ilə gedəcyini iddia edir. Həmin səfər çərçivəsində erməni baş nazirin Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşə biləcəyinə ümid bəslədiyi vurğulanır. Və o, iki Türk dövlərinin liderləri ilə görüşə əli boş getmək istəmir.

773d40c9a6f3823070ba7d8e0045c74e9a.jpg (167 KB)

Ermənistanda nəşr olunan “Past” qəzeti yazır ki, 27 sentyabrda ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanın vasitəçiliyi ilə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev arasında önəmli görüş olub. Həmin görüşdə əsasən, iki ölkə arasında imzalanacaq sülh sazişinin ilkin variantları müzakirə edilib. H.Hacıyev və A.Qriqoryan təmsil etdikləri ölkələrin mövqeləri ətrafına fikir mübadiləsi aparıblar. Və ABŞ rəsmisinin vasitəçiliyi ilə sülh sazişinin konsensus variantını razılaşdırmağa çalışıblar.

Bəzi ehtimallara görə, ABŞ-da aparılan müzakirələr müəyyən mənada, məhsuldar olub və tərəflərin mövqelərində yaxınlaşma meyilləri nəzərə çarpıb. Ermənistanın son hərbi təxribatlarına reaksiya verən Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatının mətninə diqqət etdikdə, bu barədə müəyyən nəticələr çıxartmaq mümkündür. Çünki, Azərbaycan XİN vurğulamışdı ki, hər dəfə yüksəksəviyyəli görüşlər ərəfəsində Ermənistan hərbi təxribatlar törədir.

Bütün bunlar onu göstərir ki, Cənubi Qafqazda sülh və sabitlik dönəminin başlaya biləcəyi qətiyyən istisna deyil. Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanma ehtimalı da artıq daha inandırıcı görünür. Və bunu Ermənistanın siyasi elitasına daxil olan siyasətçilərin son açıqlamalarına diqqət etməklə, müəyyən etmək mümkündür.

Məsələ ondadır ki, baş nazir Nikol Paşinyan Ermənistan ordusunun yenidən bərpa olunması mövzusunda pessimist mesajlar verib. O, vurğulayıb ki, bəzi ölkələr Ermənistana ıazım olan silahları satmaq istəmirlər. Buna hazır olan ölkələrin (Rusiya) isə satacaq silahları yoxdur. Və bu, o deməkdir ki, Ermənistan ordusunun silah-sursatla təchizatı böhranlı mərhələdədir.

727a7900-750d-46f4-83c3-e44561c2f561.jpg (227 KB)

Digər tərəfdən, erməni baş nazir Ermənistan ordusunda islahatlar aparılmasına Azərbaycanın imkan vermədiyinə də eyham vurub. O, bildirib ki, hər dəfə Ermənistan ordusunda yenidənqurma cəhdi göstəriləndə Azərbaycan hərbi zərbələr endirir və görülən işləri heçə endirir. Bu baxımdan, baş nazir N.Paşinyan erməni toplumunun Ermənistan ordusuna olan ümidlərini “dəfn” etmiş olur.

Nəhayət, Ermənistanın keçmiş prezidentlərinin son açıqlamaları da rəsmi İrəvanın süıh sazişini imzalamaqdan başqa elə bir yolunun qalmadığını göstərir. Keçmiş prezident, hərbi cinayətkar və erməni revanşizminin aparıcı qüvvəsi sayılan Qarabağ klanının rəhbərlərindən biri Robert Köçəryan vurğulayıb ki, ABŞ və Fransa Ermənistana dəstək verməyəcək, Rusiya isə hazırda belə bir imkanı yoxdur, üstəlik, Kremlin rəsmi Bakı ilə müttəfiqlik münasibətləri mövcuddur. Yəni, belə anlaşılır ki, Paşinyan hakimiyyətinin devrilməsində hələ də israrlı olsalar da, hətta erməni revanşistləri də Ermənistan cəmiyyətinə optimist vədlər vermək məsuliyyətinin altına girməkdən yayınmağa çalışırlar.

Əslində, bunun əsas səbəblərini Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan erməni tolumuna açıq mətnlə izah edib. O, bildirib ki, Paşinyan hakimiyyəti devrilsə belə, onu əvəz edəcək siyasi qüvvələr daha ağır şərtlər altında Azərbaycanla sülh sazişi imzalamağa məcbur olacaqlar. Ona görə də, bu məsələnin uzadılması Ermənistana yalnız ziyan vura bilər.

L.Ter-Petrosyan Ermənistan cəmiyyətinə ən qısa zaman içərisində sülh sazişinin imzalanmasının dövlətçilik üçün yeganə xilas yolu olduğuna bildirib. Onun fikrincə, rəsmi İrəvan mümkün qədər cəld hərəkət etməlidir: “Belə davaş edərsə və sülh sazişi də imzalanmazsa, altı aydan sonra biz Ermənistanı da bir dövlət kimi itirə bilərik”.

sulh-muqavile.jpg (293 KB)

Göründüyü kimi, Paşinyan hakimiyyəti və Ermənistan cəmiyyəti olduqca ciddi dilemma qarşısında qalıb. Rəsmi İrəvanın Ermənistanın beynəlxalq müdafiəsini təşkil etmək cəhdləri iflasa uğrayıb. Heç bir dövlət Ermənistan naminə Azərbaycan-Türkiyə İttifaqı ilə qarşıdurmaya həvəsli deyil. Üstəlik, R.Köçəryanın da dediyi kimi, ABŞ, Fransa və Rusiyanın Azərbaycan-Türkiyə İttifaqına təsir mexanizmləri mövcud deyil.

Digər tərəfdən, Ermənistan ordusu ölkəni qorumaq imkanlarından çox-çox uzaqdır. Belə vəziyyətdə Ermənistan Azərbaycanla müharibə olacağı təqdirdə, savaş meydanında tək qalmaq təhlükəsi üzləşib. Ona görə də, Paşinyan hakimiyyəti növbəti savaş başlamadan, tez-tələsik Azərbaycanla sülh sazişi imzalamağa məhkumdur. Və erməni baş nazir hazırda sülh sazişinin dərhal imzalaması üçün rəsmi Bakının Ermənistanın 28900 kv. km-lik ərazisini tanımasını tələb edir.

Təbii ki, rəsmi Bakının baş nazir N.Paşinyanın bu təklifinə necə reaksiya verəcəyi hələlik məlum deyil. Çünki, rəsmi Bakının delimitasiya prosesi üçün gündəmə gətirdiyi xəritələr erməni baş nazirin istəyi ilə ziddiyyət də təşkil edə bilər. Yəni, Azərbaycan özünə aid bütün əraziləri geri almaq məsələsində qətiyyətli mövqe tutur.

Ona görə də indiki situasiyada rəsmi İrəvan məhz Azərbaycanın şərtləri daxilində sülh sazişini imzalamalı olacaq. Müşahidələrə əsasən demək olar ki, Paşinyan hakimiyyəti artıq Ermənistanın cəmiyyətini buna hazırlamağa da başlayıb. Üstəlik, Ermənistanın geopolitik xəritədən silinmə təhlükəsinin real olduğunu anlayan erməni müxalifəti, hətta radikal-revanşistlər belə, öz açıqlamaları ilə bu məsələdə Paşinyan hakimiyyətinə dolayısı ilə dəstək vermiş olur. Bu baxımdan, ehtimal etmək olar ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin bu ilin sonuna qədər, hətta noyabr ayında imzalana biləcəyi də qətiyyən istisna deyil.

Elçin XALİDBƏYLİ

Bənzər yazılar

Back to top button