Top.Mail.Ru

ARAŞDIRMA

TƏCİLİ! Ermənistanın növbəti QARABAĞ YALNIŞI – Türkiyə ordusu hərəkətə KEÇİR

20ebca45-5c47-3aac-93ac-78fefb31f00c_850.jpg (92 KB)

Rubinyanın açıqlamaları fonunda Musavat.com-un suallarını Ankara Universitetinin professoru Toğrul İsmayıl cavablandırıb.

f17142e3c5bab722e05135bcec3211bb.jpg (70 KB)

Müsahibəni təqdim edirik:

– Ermənistan baş nazirinin müavini Ruben Rubinyan deyib ki, Ərdoğanla Paşinyan bir neçə gün sonra Çex Respublikasının paytaxtında keçiriləcək sammit çərçivəsində görüşə bilər. Sizcə, bu, nə dərəcədə realdır? 

– Rəcəb Tayyib Ərdoğanla Nikol Paşinyanın Çex Respublikasının paytaxtında keçiriləcək sammit çərçivəsində görüşə bilməsi mümkündür. Çünki tərəflər arasında münasibətlərin düzəldilməsi yolunda addımlar atılır. Doğrudur, bunlar Azərbaycanla müzakirəli şəkildə gerçəkləşir. Azərbaycan torpaqlarını işğaldan azad etdi və Ermənistana sülh müqaviləsi imzalaması üçün təklif verib. Doğrudur, bəzi provokasiyalar var, ancaq müzakirələr gedir. Əgər ciddi obyektiv və subyektiv səbəblər olmazsa, görüşün keçirilmə ehtimalı olduqca yüksəkdir. Bu cür sammitlər məhz ikili, üçlü görüşmələr üçün şərait yaradır, düşünürəm ki, tərəflər də bundan faydalana bilərlər.

 – İrəvanın Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesindəki mövqeyini necə dəyərləndirirsiniz?

– Bildiyimiz kimi, Türkiyə tərəfindən Ermənistanla diplomatik əlaqələrin kəsilməsinin əsas səbəbi Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi olub. Xüsusilə 1993-cü ildə Kəlbəcərin işğalı ilə birlikdə bu məsələ gerçəkləşmişdi. Türkiyənin tələbləri bəllidir. Yəni hər hansı bir ön şərt olmadan Türkiyəyə ərazi iddiası, qondarma soyqırım kimi məsələlərin ortadan qalxması lazımdır. İki dövlət bir araya gələrək müzakirə aparmalıdır. Ermənistanın mövqeyi hər zaman olduğu kimidir, özlərinə xas bir manevr etməyə çalışırlar. Dünya ictimaiyyətini də arxalarına alaraq Türkiyəyə təzyiqləri artırmağa çalışırlar. Amma Türkiyənin mövqeyi açıqdır. Diplomatik münasibətlərin qurulması həm Azərbaycan-Ermənistan görüş prosesinə, həm də Ermənistanın bu cür iddialarından vaz keçməsinə bağlıdır. Ermənistan normal bir dövlət kimi Türkiyə ilə diplomatik əlaqələr qurmalıdır. Amma görünən odur ki, Ermənistan hələ bu məsələnin ciddiyyətinə tam vaqe deyil. Onu başa düşsə, başqa dövlətlərin əlində maşa olmaqdan vaz keçsə münasibətlər normallaşa bilər.

1092857.jpg (30 KB)

– Rubinyan bildirib ki, Türkiyənin Ermənistanla münasibətlərin normallaşması üzrə xüsusi nümayəndəsi Serdar Kılıçla sonuncu dəfə iyulda görüşüb. Onun sözlərinə görə, həmin danışıqlarda iki ölkə arasında sərhədlərin açılması, aviayüklərin daşınması üçün birbaşa imkanların yaradılması kimi məsələlərə dair razılıq əldə edilibmiş. Razılaşma barədə dedikləri nə dərəcədə doğrudur?

– Türkiyə açıq şəkildə bildirib ki, Ermənistanla məsələlərin həlli yalnız Azərbaycan-Ermənistan məsələsinin, prosesinin həllinə paralel gedə bilər. Əlbəttə ki, sərhəddə baş verən hadisələr və digər məsələlər Türkiyə-Ermənistan münasibətlərinə ciddi şəkildə təsir edir. Sərhədlərin açılması, aviayüklərin daşınması üçün birbaşa imkanların yaradılması məsələlərində hər hansı bir problem yoxdur. Razılaşmalar var və onlar müzakirə edilirdi. Hətta başlanğıcda İstanbula çarter uçuşlara da icazə verildi. Amma görünən odur ki, Ermənistan bunu bir növ öz gücü, təzyiqi zənn edir. Hələ ki, müzakirələrin başlanğıcı mərhələsidir, Ermənistanla bir sıra çox ciddi məsələlərin həll olunması lazımdır. İlk növbədə Ermənistandakı yanaşma psixoloji olaraq dəyişməlidir. Onlar qonşularla həqiqətən sülh istəyirlərmi? Bu cür məsələlər həll olunmalıdır. Əks halda razılaşma olsa da, qısa müddət sonra ondan vaz keçilə bilər.

– Ruben Rubinyan xüsusi nümayəndələrin növbəti görüşünün sentyabrın 14-də keçirilməsinin nəzərdə tutulduğunu, lakin Azərbaycan və Ermənistan sərhədində sentyabrın 12-13-də baş verən gərginliyə görə təxirə salındığını söyləyib. Onun sözlərinə görə, növbəti görüşün tarixi hələ məlum deyil. Sizcə, növbəti görüş nə vaxt keçirilə bilər?

– Görüş nəzərdə tutulurdu. Amma sərhəddəki son olaylar, Ermənistanın provokativ mövqeyi və gərginlik yaratması xüsusi nümayəndələrin görüşünü təxirə salıb. Növbəti görüş yalnız Azərbaycanla Ermənistan arasında görüşlər məsələsində irəliləmə və ya yeni mərhələ olma ehtimalından sonra gerçəkləşə bilər. Hələlik görünən odur ki, Ermənistan tərəfi buna hazır deyil və bunu reallaşdırmır. Azərbaycanla olan münasibət təbii ki, Türkiyə ilə Ermənistan arasındakı məsələlərə də öz təsirini göstərəcək. Düşünürəm ki, Azərbaycanla Ermənistan arasındakı görüşlərdən sonra bəzi məsələlər aydınlaşacaq.

603764a1d7b47.jpg (263 KB)

– Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesi hansı templə gedir?

– Təəssüf ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesi çox yüksək templə getmir. Bunun səbəbkarı Ermənistandır. Ermənistan süni maneələr yaradır, işğalçılıq siyasətindən vaz keçmir, Azərbaycan torpaqlarına iddiasından vaz keçməyib, bölgədə bəzi məsələlərin güc yolu ilə həll olunacağına inanır. Ən önəmlisi, xarici qüvvələrin onu manipulyasiya etməsinə, onu maşa kimi istifadə etməsinə imkan verir. Təbii ki, belə olduğu halda ikili münasibətlərin normallaşması prosesinə mənfi təsir göstərəcək. Əgər Ermənistan müstəqil dövlət kimi bölgədə var olmaq istəyirsə, normal dövlət kimi davranmalıdır. Qonşularla birbaşa görüşlər keçirərək, dialoq quraraq sülh müqaviləsini imzalamalıdır.

– Türkiyə-Ermənistan münasibətlərinin normallaşması Azərbaycana hansı yöndə təsir göstərir?

– Əslində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması Türkiyə-Ermənistan əlaqələrinin normallaşmasına təsir göstərir. Bugünkü şəraitdə ancaq bu cür dəyərləndirə bilirik. Həm Türkiyə rəhbərliyi, həm iki dövlət arasında imzalanmış Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan əlaqələrini elə bir müstəviyə gətirib ki, bunlar bir-birinə çox sıx bağlı haldadırlar.

Aliyev_and_Erdogan_signed_Shusha_Declaration_on_allied_relations_3.jpg (2.01 MB)

Dolayısı ilə Azərbaycanın qəbul etdiyi qərarlar Türkiyə-Ermənistan münasibətlərinə təsir göstərəcək. Əgər Azərbaycanla Ermənistan münasibətləri normallaşarsa, Türkiyə-Ermənistan əlaqələri düzələr, bu da bölgəyə təsirini göstərər. Dolayısı ilə Azərbaycana dividendlər gətirər. Amma bunu demək üçün hələ tezdir. Öncə Ermənistanın özünü normal dövlət kimi göstərməsi lazımdır.

Bənzər yazılar

Back to top button