Top.Mail.Ru

ARAŞDIRMA

Ermənistan Rusiyaya qarşı “İKİNCİ CƏBHƏ” açır: Paşinyan Putinə VAXT QOYDU

Paşinyan hakimiyyəti ABŞ və Fransanın sifarişi ilə Rusiyaya qarşı olan, Ermənistan üçün isə olduqca təhlükəli geopolitik oyunun həlledici mərhələsinə başlayıb… Ağ Ev Rusiya əleyhinə istifadə etməyə çalışdığı iki “geopolitik alət”ini – Ermənistan və Hindistanı eyni “səngər”ə yerləşdirir…

Ermənistan olduqca təhlükəli geopolitik oyunun içərisinə girib. Paşinyan hakimiyyəti Ermənistanı supergüclərin regional qarşıdurmasında əsas “geosiyasi alətə” çevirib. Rəsmi İrəvan ABŞ və Qərbin səhnəarxası vədlərinə şirniklənərək, Cənubi Qafqazda vəziyyəti Ermənistanın xeyrinə dəyişə biləcəyinə hələ də ümid bəsləyir.

Təbii ki, rəsmi İrəvanın başlatdığı bu riskli geopolitik oyun artıq Kremli Ermənistanla münasibətlərinə yenidən baxmağa sövq edir. Hazırda Kreml Ermənistana münasibətdə tərəddüdlü qəzəb mərhələsinə girmiş kimi görünür. Və bu qəzəbin rəsmi İrəvanın cəzalandırılması mərhələsinə nə vaxt keçəcəyi isə böyük ölçüdə Paşinyan hakimiyyətinin atacağı növbəti addımlarda nə qədər irəli gedəcəyindən asılı olacaq.

Məsələ ondadır ki, Paşinyan hakimiyyəti Rusiyanın beynəlxalq rəqib-düşmənləri ilə müəmmalı tərəfdaşlığı intensivləşdirməkdə davam edir. Xüsusilə də, ABŞ xüsusi xidmət servisi CİA-nin şefi Uilyam Börns və Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin İrəvana şübhəli səfərləri Kremldə rəsmi İrəvana yönəlik bir sıra cavabsız suallar doğurub. Və rəsmi İrəvan Kremlə bu sualların cavabını arqumentlərlə izah edə bilməyib.

Digər tərəfdən, rəsmi İrəvan son günlər ABŞ və Fransanın Cənubi Qafqazda cərəyan edən geopolitik proseslərə ortaq edilməsinə yönəlik addımları ilə Kremllə ziddiyyətləri daha da dərinləşdirib. Paşinyan hakimiyyətinin israrla Ermənistana beynəlxalq müşahidəçilərin (ABŞ və Fransa tərkibli) gətirilməsi istiqamətində can-fəşanlığı Rusiyada narazılığı artırır. Və Rusiya siyasi dairələri rəsmi İrəvana artıq ilk xəbərdarlıq mesajlarını çatdırıb.

4d917b4e5149c46ffac7960aa640404e.jpeg (106 KB)

Məsələ ondadır ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova əvvəlcə bunun yolverilməz olduğunu vurğulayıb. Ardınca isə Cənubi Qafqazda mövcud olan sabitlik yaradacaq formatların qeyri-effektiv modellərlə əvəzlənmə cəhdlərinin təhlükəli çağırışlara yol aça biləcəyinə eyham vurub. Və regionda sülh prosesinin əsas qarantının məhz üçtərəfli anlaşmaların tam şəkildə icrasının olduğunu qabardıb.

Digər tərəfdən, Rusiya xarici işlər naziri Sergey Lavrov Paşinyan hakimiyyətinin “beynəlxalq müşahidəçilər ideyası”na KTMT müşahidəçiləri variantını gündəmə gətirməklə, qarşılıq verib. Buna paralel olaraq, Rusiyaya bağlı revanşistlərin rəhbərlərindən olan Robert Köçəryanın ABŞ-Fransa cütlüyünün Azərbaycan və Türkiyəyə təsir mexanizmlərinə malik olmadığını vurğulaması da müəyyən mənada, Kremlin rəsmi İrəvana xəbərdarlığı sayıla bilər. Yəni, Kreml Paşinyan hakimiyyətinə ardıcıl olaraq, mesaj verir ki, Rusiyanın maraqlarına zidd addımlara seyirçi qalınmayacaq.

Belə anlaşılır ki, Rusiyadan uzaqlaşmaq kursunu dərinləşdirməyə çalışan Paşinyan hakimiyyətinə atdığı addımların nə qədər təhlükəli nəticələr doğura biləcəyini başa salmağa çalışırlar. Hər halda, ABŞ və Qərbdən aldığı təhlükəsizlik təminatına ümid bəsləyən rəsmi İrəvanın “qırmızı cizgiləri” keçməkdə olduğunu Kremli konkret addımlar atmaq məcburiyyətində buraxır. Və Paşinyan hakimiyyətinin yeni “silahlanma strategiyası”nı ictimailəşdirməsindən sonra bu, qaçılmaz görünür.

Məsələ ondadır ki, baş nazir Nikol Paşinyan əvvəlcə üstüörtülü şəkildə Rusiyanı öz öhdəliklərini yerinə yetirmədiyini vurğuladı. Xüsusilə də, erməni baş nazir Rusiyanın bir tərəfdən müqavilə ilə dəyəri ödənmiş silahları Ermənistana göndərməməkdə suçladı. Eyni zamanda, Rusiyanı Ermənistana başqa ölkələrdən silah almaq imkanı verməməkdə qınadı. Və bu, Ermənistanın Rusiyaya açıq şəkildə meydan oxuması anlamı daşıyır.

1002537.jpg (103 KB)

Təbii ki, Paşinyan hakimiyyətinin, rus politoloq İqor Korotçenko tərəfindən “siyasi fahişəlik” kimi dəyərləndirilən davranışları ABŞ və Qərb tərəfindən “mükafat”sız buraxılmayıb. Hər halda, iqtisadiyyatı çökmüş və real gəlir vəd etməyən Ermənistanın gözlənilmədən gələn il üçün hərbi büdcəsini 1,3 milyard dollara çatdıracağı ilə bağlı xəbərlər qətiyyən təsadüfi deyil. Üstəlik, rəsmi İrəvanın Hindistan ilə 250 milyon dəyərində silah müqaviləsi bağlamasının arxasından da ABŞ-Fransa cütlüyünün “sehirli çubuğunu” axtarmaq lazımdır.

Məsələ ondadır ki, Ermənistan hərbi büdcəni bu qədər artırmaq və Hindistandan silah almaq üçün lazım olan məbləği ödəmək üçün maliyyə-iqtisadi gəlir resurslarına sahib deyil. Yaxın keçmişdə Kreml bu səbəbdən Ermənistana silahları pulsuz verirdi. İndisə Ermənistanın daha ağır maliyyə-iqtisadi böhranda olduğu halda, parasını ödəyib, silah almaq niyyətinə düşməsi olduqca müəmmalıdır.

Bəzi ehtimallara görə, Ermənistanın hərbi xərclər üçün nəzərdə tutduğu məğlub ABŞ-Fransa tərəfindən təmin ediləcək. Ermənistanın məhz Hindistandan silah alacağı barədə məlumatlar şübhələri daha da artırır. Çünki bir müddət öncə ABŞ Ermənistana silah tədarük edə bilməyəcəyinin mesajını vermişdi. Əsas arqument isə ondan ibarət idi ki, həmin silahlar Rusiyanın əlinə keçə bilər. Ancaq Ağ Evdən Ermənistanın öz imkanları çərçivəsində Rusiyaya qarşı Ukrayna örnəyini təkrarlanması ilə bağlı gözləntilərin olduğuna da eyham vurulmuşdu. Və Paşinyan hakimiyyəti hazırda Ağ Evin bu gözləntilərini qarşılamaq üçün əlindən gələn hər şeyi edir.

Digər tərəfdən, Ermənistanın silah-sursatı məhz Hindistandan alması ilə bağlı planın da Ağ Evdə hazırlandığı qətiyyən istisna deyil. Çünki, Hindistan hazırda ABŞ tərəfindən Rusiya və Çinə qarşı istifadə etməyə çalışdığı əsas “geopolitik alət”lərdən biridir. İndi Rusiyaya qarşı Ermənistan və Hindistanın, yəni iki “geopolitik alət”in bir araya gətirilməsi ABŞ üçün strateji əhəmiyyət daşıyır.

ef14b9c0-7d7b-4546-92ff-062e54303361.jpg (105 KB)

Bütün bunlar onu göstərir ki, Ağ Ev Ermənistanı tədricən Rusiya əleyhinə düşərgəyə yerləşdirməyə başlayıb. İndi ABŞ üçün növbəti mərhələdə Ermənistanın Rusiyanın patronajlığı altında olan KTMT-dan tamamilə qoparılması da böyük önəm daşıyır. Və bu proses də artıq başladılmış kimi görünür.

Məsələ ondadır ki, son vaxtlar Paşinyan hakimiyyəti KTMT-nı həm ittiham, həm də şantaj edir. Baş nazir Nikol Paşinyan bildirib ki, KTMT Ermənistan sərhədləri ilə bağlı “qırmızı cizgilər”inə laqeyd yanaşır: “Biz son sərhəd toqquşmaları ilə bağlı KTMT-ya müraciət etdik və çox qəribə cavab aldıq. Bizə dedilər ki, sərhədlər delimitasiya və demarkasiya olunmayıb. Ona görə də, Ermənistanın KTMT-nı tərk etməsi ilə bağlı prosesin başladılmasına yönəlik planımız var. Əgər, Rusiya və KTMT-nın digər üzvləri öz müttəfiqlik öhdəliklərini yerinə yetirməsələr, 2023-cü ilin fevral ayında bu prosesi başladacağıq”.

Göründüyü kimi, Paşinyan hakimiyyəti Ermənistan üçün təhlükəli geopolitik oyunun həlledici mərhələsinə hazırlaşır. Bir tərəfdən, Rusiyaya və KTMT-ya Ermənistanın qanunsuz tələblərini yerinə yetirmək üçün konkret vaxt verir. Digər tərəfdən isə tam dəqiqliyi ilə bilir ki, bu tələblər yerinə yetirilməyəcək. Ardınca isə Ermənistanın KTMT-dan çıxmaq barədə planının olduğu barədə şantaj mesajı ön plana çıxarılır.

Belə anlaşılır ki, ABŞ və Fransa Paşinyan hakimiyyətinə hansısa ciddi təminatlar verilib. Əks halda, rəsmi İrəvan Ukrayna savaşında ağır vəziyyətə düşən Rusiyaya qarşı belə açıq şəkildə “ikinci cəbhə”nin açılmasına bərabər tutula biləcək davranışlara cəsarət etməzdi. Çünki, hazırda Ermənistanda KTMT-nın tərk edilməsi əsas müzakirə mövzusudur.

Elçin XALİDBƏYLİ

Bənzər yazılar

Back to top button