Top.Mail.Ru

ARAŞDIRMA

Paşinyanın Kremlə xəyanəti İFŞA EDİLDİ – Rusiyanın hərbi sirləri Qərb kəşfiyyatına ÖTÜRÜLÜB

 

Ancaq belə intensiv xarici təmaslar Paşinyan hakimiyyətinin müəyyən səhvlər buraxmasıyla da müşayiət olunur. Buraxılan səhvlər isə ilk növbədə rəsmi İrəvanın “şikayət siyasəti”ni iflasa uğradır, Ermənistana zərbə vurur. Hər halda, Ermənistan rəsmilərinin “şikayətləri” beynəlxalq məkanda sirr kimi qorunmur, əksinə, bəzi dairələr tərəfindən maraqlı tərəflərə məqsədli şəkildə sızdırılır.

Maraqlıdır ki, caliber.az diplomatik dairələrdəki etibarlı mənbələrə istinadən Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın NATO-nun mənzil qərargahında dilə gətirdiyi mövzuları yayıb. Əldə olunan məlumata görə, A.Qriqoryan NATO rəsmiləri ilə görüşlərdə gələcəkdə Ermənistana ciddi problemlər yarada biləcək söhbətlər edib. Və bu, Paşinyan hakimiyyətinin olduqca təcrübəsiz olduğunu, üstəlik, şikayət edərkən çərçivələri qoruya bilmədiklərini göstərir.

A.Qriqoryan NATO qərargahında Azərbaycanla hərbi-siyasi gərginliyi Ukrayna savaşı ilə əlaqələndirmək üçün əməlli-başlı can-fəşanlıq edib. Guya Qərb Ukraynada demokratiyanı müdafiə etdiyi kimi, Ermənistana da eyni səbəbdən dəstək verməlidir. Əks halda, Ermənistan “demokratiya”sı məğlub ola bilərmiş.

Halbuki, daha sonra Paşinyanın “elçisi” əvvəl dediklərini unudub və mövzunu bu dəfə Ermənistanın “Avropa və xristian sivilizasiyası”nı təmsil etməsi barədə “sayıqlamalar”la davam etdirib. Hətta NATO təmsilçilərini məmnun etmək üçün Ermənistanın “seksual azlıqlara göstərdiyi qayğı”dan belə, danışıb. Yəni, rəsmi İrəvan Qərbin “erməni maraqları”nı müdafiə etməsi üçün hər şeydən – “demokratiya”, xristianlıq, “seksual azlıqlar” və s. kimi mövzulardan yararlanmağa can atır.

A.Qriqoryanın dünyanın supergücləri barədə dedikləri isə əsl “erməni xəyanəti”nin bariz nümunəsidir. O, bildirib ki, Ermənistanın təhlükəsizliyi baxımından, rəsmi İrəvan yalnız ABŞ-ın dəstəyinə güvənir: “Nə Rusiya, nə də Avropa Birliyi Ermənistan üçün ABŞ-ı əvəzləyə bilməz. Avropa Birliyi “dişsizdir”. Şarl Mişelin sülh yaratma cəhdləri isə iflasa uğrayıb”.

Ermənistan rəsmisi NATO təmsilçilərini əmin etməyə çalışıb ki, Paşinyan hakimiyyəti Rusiya ilə münasibətləri korlamağa, Kremldən uzaqlaşmağa hazırdır. Ancaq bunun üçün Qərb Ermənistanın təhlükəsizliyinə tam təminat verməsi vacibdir. Çünki, Azərbaycan, Türkiyə və Rusiyanın Cənubi Qafqaz maraqları üst-üstə düşür. Ermənistan isə bu üç ölkəyə qarşı mübarizədə Qərbin yeganə müttəfiqidir: “Ermənistan KTMT-dan çıxmaq barədə də artıq ciddi şəkildə düşünür. Çünki Rusiya Ermənistanın yardım müraciətinə reaksiya verməyib”.

A.Qriqoryan iddia edib ki, Rusiya Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı tələblərini dəstəkləyir və Ermənistanın parçalanmasına çalışır. Paşinyanın “elçi”si bu Rusiya ilə bağlı şikayətlərini sıralayarkən, elə ciddi səhvlərə yol verib ki, böyük ehtimalla bu, Kremlin qətiyyən xoşuna gəlməyəcək. Və böyük bir erməni xəyanətindən xəbər verən bu səhvlər hətta Rusiya siyasi dairələrində ciddi qəzəblə də qarşılana bilər.

Məsələ ondadır ki, A.Qriqoryan NATO təmsilçilərini əmin edib ki, hazırda Paşinyan hakimiyyəti qapalı toplantılarda Rusiya hərbi bazalarının Ermənistandan çıxarılması mövzusunu fəal şəkildə müzakirə edir: “Rusiya hərbi bazaları, Ermənistandakı Rusiya xüsusi xidmət servislərinin əməkdaşları barədə bütün mövcud məlumatlar artıq ABŞ və digər Qərb ölkələrinin kəşfiyyat qurumlarına təqdim olunub”.

Təbii ki, bütün bu məlumatlar NATO daxilindəki mənbələr tərəfindən məqsədyönlü şəkildə sızdırılıb. Böyük ehtimalla A.Qriqoryanın NATO təmsilçiləri ilə danışdığı mövzuların əsas məzmunu barədə Azərbaycan, Türkiyə və Rusiya siyasi dairələri artıq məlumat ala biliblər. Hər halda, bu məlumatların məhz diplomatik mənbələr tərəfindən media qurumlarına ötürülməsi belə düşünməyə əsas verir.

Bütün bunları nəzərə aldıqda, Kremldə A.Qriqoryanın dediklərinin artıq təhlil edildiyi şübhə doğurmamalıdır. Ən azından ona görə ki, Paşinyan hakimiyyətinin təmsilçisi Rusiyanın hərbi sirlərinin ABŞ və Qərbin kəşfiyyat qurumlarına ötürüldüyünü özü etiraf edib. Avqust ayında ABŞ-ın kəşfiyyat qurumu olan CİA-nin şefi Uilyam Börnsün Ermənistana müəmmalı səfərinin olduğunu nəzərə aldıqda, diplomatik mənbələr tərəfindən sızdırılan bu məlumatlar tamamilə inandırıcı görünür.

Belə anlaşılır ki, Paşinyan hakimiyyəti Rusiyaya qarşı edə biləcəyi ən böyük xəyanəti artıq reallaşdırıb. Kreml Rusiyanın hərbi sirlərinə olduqca həssas yanaşır. Xüsusilə də həmin sirlərin ABŞ və Qərb kəşfiyyatının əlinə keçməsi faciəvi hadisə kimi qəbul edilir. Halbuki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Rusiyanın hərbi sirlərinin bilərək verildiyini qabartmaqla, Qərbin yanında Paşinyan hakimiyyətinin yerini “isti” salmağa çalışır. Bu baxımdan, Kremlin rəsmi İrəvanın bu böyük xəyanətinə necə qarşılıq verəcəyi maraq doğurur.

“Yeni Müsavat”

Bənzər yazılar

Back to top button