Top.Mail.Ru

ARAŞDIRMA

Əli şəhidlərimizin qanına batan molla rejiminin XAİN ƏMƏLLƏRİ – FOTO/VİDEO – TƏHLİL

Qarabağ münaqişəsinin mövcud olduğu 30 ilə yaxın dövrdə Ermənistanın işğalçılıq siyasətinə dəstək verən İran 44 günlük müharibədə “qardaş” dediyi ermənilər üçün əlindən gələni etdi. Məqsədləri bəlli idi: Azərbaycan Ordusunun döyüş əməliyyatlarına maneələr yaratmaq, Ermənistanın məğlubiyyətinin maksimum qarşısını almaq, işğal siyasətinin başa çatmasına imkan verməmək;

Müharibədən sonra yayılan məlumatlar döyüşlərin davam etdiyi 44 gün ərzində İranın Ermənistana bir neçə istiqamətdə dəstək verdiyini təsdiq edir:

Birincisi, informasiya-kəşfiyyat dəstəyi:

Müharibənin ilk günlərindən İran Azərbaycan sərhədləri yaxınlığında xüsusi radar sistemləri və dinləmə stansiyaları quraşdırıb. 80 nəfərə yaxın hərbi-texniki heyətin fəaliyyət göstərdiyi bu stansiyalarda Azərbaycan ordusunun hərəkət traektoriyası, danışıqları, əməliyyat şəraiti və döyüş təyyarələrinin hava hərəkəti haqda toplanan məlumatlar Ermənistanın Baş Qərargahına ötürülürmüş. İran rejiminin Azərbaycana qarşı bu xəyanati müharibənin sonuna qədər davam edib.

İkincisi, Ermənistana silahların daşınması;

Müharibənin getdiyi vaxt Gürcüstan icazə vermədiyi üçün Rusiyadan və digər ölkələrdən Ermənistana daşınan silahlar məhz İranın ərazisindən aparılırdı. Bu hərbi dəstəyə İranın özü də töhfə verirdi. Cənubi Azərbaycandakı soydaşlarımızın buna qarşı etirazı, daşınmanın qarşısını almaq üçün yük maşınlarını yandırmasına dair görüntülər də İran rejiminin 44 günlük müharibədə Ermənistana hərbi dəstək verdiyini təsdiq edən faktlardandır.

Üçüncüsü, Azərbaycan ərazisinə müdaxilə;

Müharibədən sonra ortaya çıxan faktlar göstərir ki, İran, döyüşlərin getdiyi vaxt Azərbaycanın suveren ərazisinə müdaxilə edib: ordumuz Xudafərinə bayrağımızı sancdıqdan sonra Araz çayı boyunca Xudafərin su-elektrik stansiyasının bəndinə doğru hərəkət edir, məqsəd qısa və təhlükəsiz yolla Zəngilana çıxmaq idi, lakin əsgərlərimizin qarşısına İran hərbçiləri çıxır; silahlarını əsgərlərimizə tuşlayan iranlı hərbçilər ordumuzun hərəkətinin qarşısını almaq məqsədilə beton sədlər də düzüblər; bütün bunlar Azərbaycanın suveren ərazisində baş verib;

Azərbaycan ərazisinə müdaxilə edən İranın bəhanəsi bu olub ki, “onlar su bəndini qoruyurlar”. Hərbçilər arasında danışıqlar nəticəsiz qalır, hərbçilərimiz toqquşmanın qarşısını almaq üçün Zəngilana daha uzaq məsafə olan marşrut üzrə hərəkət edirlər. Hadisənin yaşandığı gün – oktyabrın 17-dən 18-nə keçən gecə rəsmi Bakı diplomatik kanallarla Tehrana etirazını bildirir, xəyanətinin ictimaiyyətə açıqlanmasından və cənubdakı soydaşlarımızın hiddətinə səbəb olmasından qorxan İran rejimi geri çəkilir, lakin bu proses bir gün çəkir və beləliklə, ordumuzun qarşısına çıxan İran, işğalçı Ermənistana bir gün vaxt qazandırmış olur.

Ermənistan qazandığı vaxtdan necə istifadə etdi?

Əməliyyatın sürətinin azalması onlara yenidən qruplaşmağa, dağılmış qüvvələrini toplamağa və müqaviməti gücləndirməyə şərait yaratdı. Və nəticə etibarilə Azərbaycan ordusu təkcə vaxt itirmədi, həm də itkilərinin sayı çox oldu.

Faktlar təsdiq edir ki, 44 günlük müharibədə İranın əli Azərbaycan əsgərinin qanına bulanıb, neçə-neçə hərbçimizin şəhid edilməsində mollalar birbaşa iştirak ediblər. Erməni ekspertlərin verdiyi açıqlamalar da göstərir ki, İran müharibə dövründə Ermənistana “Bayraktar”ların vurulmasından tutmuş ən müxtəlif formalarda hərbi yardımın edilməsi ilə bağlı təkliflər verib.

İran rejimi müharibədən sonra həm Ermənistana, həm Qarabağdakı separatçı-terrorçu rejimə dəstəyini davam etdirdi: İrana məxsus TIR-lar Ermənistana gəlir, oradan qanunsuz olaraq Xankəndinə yük aparırdı; “humanitar yardım” adı altında daşınan yüklər, əsasən yanacaq və digər məhsullar idi, lakin yükün bir qisminin hərbi təyinatlı mallar olması da istisna deyil;

İrandan Qarabağa “yardım” göndərildiyinə dair görüntülərin Rusiyadan Ermənistana göndərilən hərbi yükün (zirehli gödəkçə aparan iki yük maşını) Gürcüstan tərəfindən buraxılmamasından sonra ortaya çıxması da, molla rejiminin Xankəndinə hərbi təyinatlı mallar daşıdığı fikrini gücləndirir. Tehran rejimi əvvəlcə bu faktları təkzib etməyə çalışdı, daha sonra Ermənistana gedən yük maşınlarının dövlət nömrə nişanını dəyişdirməklə xəyanətlərini gizlətməyə çalışdılar, lakin Azərbaycanın Gorus-Qafan yolunda iranlı sürücülərdən Xankəndinə yük daşınmasına dair sənədlər aşkar etməsindən sonra fakt qarşısında qaldılar.

İran rejimi Qarabağdakı separatçı-terrorçu rejimə dəstək verməklə onlrın mövcudluğunu qoruyur və Azərbaycana qarşı “müqavimət” göstərmələrini təmin edir. Və eyni siyasəti – Xankəndinə yük daşınmasını bu gün də fərqli formada həyata keçirdikləri istisna deyil.

Hazırda İran rejiminin Ermənistana hərbi, siyasi, iqtisadi olmaqla bütün sferalarda dəstək verməsi açıq müstəviyə keçib. Molla rejimi Ermənistanın maraqlarını qorumaq məqsədilə Azərbaycanı açıq mətnlə təhdid edir və bütün bunlardan sonra dindən, İslamdan danışmağa da utanmırlar.

Bütün bunlar göstərir ki, İran rejiminin Azərbaycan əsgərlərinin şəhid edilməsində müstəsna payı var.

Asif Nərimanlı

Bənzər yazılar

Back to top button