Top.Mail.Ru

ARAŞDIRMA

Vardanyan QARABAĞDA, Putin İRƏVANDA… – Kremlin İrəvanda təşkil etdiyi KTMT sammiti KİMƏ MESAJDIR?

Kremlin sözçüsü Dmitri Peskov Vladimir Putinin noyabrın 23-də keçiriləcək KTMT-nin növbəti sammitində iştirak etmək üçün İrəvana gedəcəyini bildirib.

Qeyd edək ki, əslində, bu sammitin onlayn deyil, canlı formatda təşkili qərarı formal olaraq, hələ oktyabrın 28-də Ermənistanın tələbi ilə keçirilən KTMT-nin onlayn sammiti zamanı qəbul olunub.

Həmin tədbirdə Ermənistanın daim “Azərbaycanın dostu və təəssübkeşi” kimi təqdim etdiyi Belarus Prezidenti Aleksandr Lukaşenko təklif etmişdi ki, İrəvanda keçiriləcək sammit onlayn deyil, əyani formada təşkil olunsun.

Lukaşenko demişdi ki, həmin vaxta qədər Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri görüşməli və razılıq əldə etməlidirlər: “Və KTMT-nin sammitində bizə əyani şəkildə hesabat verməlidirlər. O zaman biz qərar qəbul edəcəyik”.

Lukaşenkonun hansı qərarı və ümumiyyətlə, KTMT-nin Azərbaycanla bağlı məsələyə dair hansı səlahiyyətlər çərçivəsində qərar verə biləcəyini nəzərdə tutduğunu söyləmək çətindir. Ancaq görünən o idi ki, Belarus Prezidenti həmin vaxt oktyabrın 31-də Soçidə keçiriləcək üçtərəfli görüşdən hansısa nəticə gözləyirdi. Lakin bu görüşün nəylə nəticələndiyini hamı gördü…

Nikol Paşinyan artıq dəfələrlə – Soçi görüşündən əvvəl və sonra bəyan edib ki, Putinin təklif etdiyi “sülh müqaviləsi”nə ikiəlli razıdır. Azərbaycan isə suverenliyimizi kölgə altına alan və rus qoşunlarının Qarabağdakı varlığını qeyri-müəyyən vaxta qədər uzadan bu “müqavilə”ni rədd etdi. Azərbaycan Kremlin hazırladığı, Rusiyanın və Ermənistanın maraqlarına xidmət edən xain planı qəbul etmədi və dirəniş göstərdi. Beləliklə, görünən odur ki, İrəvanda keçiriləcək sammitdə Azərbaycanla Ermənistan arasında yaranmış durum əsas müzakirə mövzularından biri olacaq.

Bəs, Soçi görüşünün nəticələri və Azərbaycanın birmənalı mövqeyi ortada olduğu halda, bu mövzuda KTMT çərçivəsində hansı müzakirələrdən, hansı qərarlardan söhbət gedə bilər?…

Ukraynadakı savaşın qızğın vaxtında, Rusiyanın ard-arda məğlubiyyətlərə uğradığı və çox çətin duruma düşdüyü, bir növ “öz canının hayında olduğu” bir dönəmdə Putinin Kremlin yarıölü layihəsi olan KTMT-nin onlayn deyil, canlı sammitini təşkil etməsi və İrəvana təşrif buyurması sıradan bir hadisə, təsadüfi hal sayıla bilməz.

Nəzərə alsaq ki, bu sammit Ermənistanın sərhəd boyu və Qarabağdakı rus sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərimizdə törətdiyi təxribatlar fonunda, Rusiya və Fransa başda olmaqla, Ermənistanın havadarlarının Azərbaycana təzyiqlərinin gücləndiyi bir vaxtda baş verir, o zaman belə qənaət yaranır ki, sözügedən tədbir və şəxsən Putinin İrəvana səfəri də həmin təzyiq və təhdidlərin tərkib hissəsidir. Elə Fransa Senatının məlum biabırçı qətnaməsi də Azərbaycana qarşı Kremllə birgə aparılan çirkin kampaniyanın həlqələrindən biridir. Lakin İrəvandakı sammiti “əlamətdar” edən məqamlardan biri budur ki, bu tədbir Azərbaycan tərəfinin Qarabağdakı separatçıların əsas himayədarlarını öz adı ilə çağırması və sərt tənqid etməsi fonunda baş verir. 

“Əgər onlar Qarabağda ermənilərin hüquqları və təhlükəsizliyi barədə söhbət aparmaq istəyirlərsə, bu, alınmayacaq. Biz bu haqda Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib”. Bunu Azərbaycan Prezidenti noyabrın 17-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbərlik etdiyi, Avropa İttifaqının və bir sıra üzv ölkələrin Şərq Tərəfdaşlığı üzrə məsul şəxslərinin daxil olduğu nümayəndə heyətini qəbul edərkən deyib. Bu, işğalçını, separatçını və onun himayədarını öz adı ilə çağırmaqdır. Yaxşı, Kremlin timsalında belə bir təxribatçı mövqedə duran, Qarabağda aranı qarışdırmağa çalışan, bunun üçün oraya Vardanyan kimi İrəvanda doğulan və Qarabağa heç bir aidiyyatı olmayan fırıldaqçını – “emissarını” göndərən bir dövlət vasitəçi statusunu daşımaq haqqına malikdirmi?

Azərbaycanda, Qarabağda aranı qarışdıran belə bir dövlətin, üstəgəl də son 9 ayda Ukraynanın suveren torpaqlarının işğalına qalxan və bununla əsl mahiyyətini bir daha ortalığa qoyan rejimin irəli sürdüyü “sülh planı” ədalətli ola bilərmi və onun KTMT-də, yaxud hər hansı başqa bir meydançada Azərbaycanın adını belə dilinə gətirməyə mənəvi haqqı varmı? Putinin İrəvana səfəri həm də bu ölkədəki revanşistlərə mənəvi dəstəyin təzahürüdür.

Bu, onları da həvəsləndirən, onlara “arxanızdayıq” mesajı verən addımdır ki, bu da qətiyyən regionda sülhə, əminamanlığa xidmət etmir. Pandemiya başlayandan və Ukraynaya qarşı işğalçılıq savaşına start veriləndən bəri digər müzakirələr kimi, KTMT çərçivəsindəki tədbirlər də əsas etibarilə onlayn formatda keçirilib. Buna baxmayaraq, Kremlin məhz İrəvanda canlı görüş təşkil etməsi və Putinin oraya gəlməsi bizim üçün heç də müsbət qarşılaya biləcəyimiz mesaj kimi görünmür…

Ancaq Kremlin, Putinin adət etdiyi üstörtülü mesajlara, eyhamlara xidmət edən bu cür “görüşlər”, “tədbirlər”, “bəyanatlar” və s. Azərbaycanı öz ədalətli və qəti mövqeyindən çəkindirə bilməz, bilməyəcək! Kreml İrəvanda yox, lap Zəngəzurda da sammit keçirsə, xeyri yoxdur. Çünki Azərbaycan haqlı tərəfdir və onların “can üstündə” olan KTMT-si varsa, bizim də Şuşa Bəyannaməmiz, qalib və güclü ordumuz, dəyanətli xalqımız var!

Nəhayət, Putin “ilin-günün bu vaxtında” İrəvana gəlməklə, Qarabağdakı nökərinə – Vardanyana bir neçə saatlıq da olsa, bir növ fiziki olaraq yaxınlaşır, ona “nəfəsini hiss etdirir”. Lakin Putin sammit bitən kimi İrəvandan gedəcəyi kimi, bir gün Vardanyan və onun kimilər də Xankəndindən rədd olub gedəcəklər…

AzPolitika.info

Bənzər yazılar

Back to top button