Top.Mail.Ru

ARAŞDIRMA

Rusiyanın Ukrayna üçün ŞOK PLANI – Kiyev isə bu ilin SONUNADƏK…

“İndi rus qoşunları üçün əsas təhlükə Donbas deyil, Zaporojye vilayətinin şimalıdır. Ukraynanın Dneprə çatdıqdan sonra ora da hücumu mümkündür”.

Bunu MDB Ölkələri İnstitutunun hərbi eksperti Vladimir Yevseyev artıq 9 ayı tamamlanan Ukraynadakı müharibənin gedişini şərh edərkən bildirib.

“Rusiya Silahlı Qüvvələri Zaporojye vilayətinin şimalında və Donbasda cəmləşib. Torpaq oyanana qədər. Torpaq oyananda Rusiya Silahlı Qüvvələri Belarus istiqaməti də daxil olmaqla digər hücum hərəkətlərini həyata keçirə biləcək. Eyni zamanda, Rusiya Silahlı Qüvvələri Ukraynanın enerji sektorunu məhv etməyə davam edəcək. Yeni ilə qədər obyektlərin maksimum 50%-i məhv ediləcək. Bu, Ukraynanın enerji sisteminin dağılmasına və onun 5 hissəyə parçalanmasına gətirib çıxaracaq”, – deyə Evseev qeyd edib.

Belə bir planın reallaşması nə dərəcədə realdır və Ukrayna Qərb müttəfiqlərinin köməyi ilə onu poza biləcəkmi? Bəs Ukraynanın əks-zərbələri nə ola bilər, Rusiya ərazisindəki energetik obyektlərin də vurulması mümkünmü?

Bir çox ekspertlərə görə, Ukraynanın hava hücumundan müdafiəsi hələ də yüksək səviyyədə təmin olunmayıb. Bu isə həm də Kiyevin strateji obyekrlərinin, o cümlədən energetik infrastrukturunun etibarlı müdafiəsi üçün vaxtında, gərəkən işləri görməməsi ilə əlaqələndirilir. Bu arada Ukrayna müdafiə nazirinin müavini Vladimir Qavrilov bildirib ki, Ukrayna qüvvələri dekabr ayının sonuna kimi müvəqqəti işğal olunmuş Krıma daxil ola bilər, yaza qədər isə müharibə başa çatacaq. O, Rusiyadan nüvə zərbəsi endirilməsi ehtimalını aşağı hesab edir: “Bəli, bu, çox ağır dram olardı, lakin Ukraynanın işğalçılara müqavimət göstərməsinə mane olmayacaq”.

Kremllə sülh danışıqlarının perspektivinə gəlincə, Aleksey Reznikovun müavininə görə, bu məsələdə danışıqlar yalnız Rusiya qoşunlarının Krım da daxil olmaqla bütün Ukraynanı tərk etməyə hazır olduğunu bəyan etməsindən sonra mümkündür. Xersonun azad edilməsinin Krımın qaytarılması kimi başqa hədəfləri özü ilə bərabər gətirməsi barədə sualına Qavrilov belə cavab verib: “Bu, sadəcə zaman məsələsidir və təbii ki, biz bunu tez həyata keçirmək istərdik”.

Onun fikrincə, yalnız gözlənilməz bir hadisə, məsələn, Rusiya prezidenti Vladimir Putin rejiminin qəfil süqutu buna rəvac verə bilər. Qavrilov onu da qeyd edib ki, ruslar yenidən toplanmaq üçün müharibəyə fasilə verməkdə maraqlıdırlar: “Ona görə də bizim dayanmağa haqqımız yoxdur. Biz irəli getməliyik”.

Müharibənin başa çatmasına gəlincə, Ukrayna rəsmisinin fikrincə, Rusiya cəbhəyə əlavə qüvvələr gətirə bilsə, uzunmüddətli döyüşə hazırlaşmaq lazım olacaq: “Əlbəttə, bu halda müharibə bir qədər vaxt aparacaq. Amma hiss edirəm ki, yazın sonuna qədər savaş başa çatacaq”.

AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev hər iki tərəfin əvvəlki kimi döyüş ruhunda olmadığını düşünür:

amip_mustafayev_elshan_mansur-oglu_02_540.jpg (135 KB)

Elşən Mustafayev: “Müharibənin klassik üsullarla davam olunacağı şübhəsizdir”

“Hazırda Ukrayna cəbhəsində situasiya elədir ki, müharibənin normal gedişatda tezliklə başa çatması ehtimalı azdır. Ukrayna ordusunun bir çox cəbhələrdə irəliləməsi işğal altında olan torpaqların bir hissəsinin qaytarılması belə qısa müddət üçün uğur vəd etmir. Amma başqa bir ciddi amil Ukrayna ordusunun müqavimət gücünün artması ilə hücum taktikasına keçməsidir. Yəni 9 ay öncə tərəflər qeyri-bərabər güc nisbətində döyüşürdülərsə, bu gün artıq Ukrayna ordusu istər müasir silahlar baxımından, istərsə də şəxsi heyətin döyüş ruhu baxımından kifayət qədər güclü görünür. Hətta bir çox məsələlərdə Rusiya ordusunu belə üstələyir. Yəni onu demək istəyirəm ki, Ukrayna ordusu 7-8 ay öncəki ordu deyil, eyni zamanda, rus ordusu da dedikləri kimi elə də güclü potensiala malik deyil. Bütün bunlarla bərabər rəsmi Moskva daha sərt və nəticəsi ciddi şəkildə görünəcək addımları atmağa cəhdlər edəcək. Ukraynanın hava hücumundan müdafiə sistemi əvvəlki günlərə baxanda xeyli güclənsə də, onun daha da bərkidilməsinə ehtiyac var. Rusiyanın atdığı raketlərin təxminən 70-80 faizi HHM sistemləri vursa da, hədəfə çatan raketlər də var. Yəni bu istiqamətdə Rusiya hələ də öz üstünlüyünü saxlayır. Əslində onun əlində qalan hələlik yeganə üstünlük də elə budur. Belə ki, yerüstü texnikalarının işə yaramadığı, şəxsi heyətin döyüş ruhunun olmaması, kütləvi əsir düşmə halları artıq hamıya məlumdur. O səbəbdən hazırda rəsmi Kiyev Qərb ilə hava hücumundan müdafiə sistemlərini daha da gücləndirilməsi və hücum silahlarının – orta və uzaq nənzilli raketlərin alınması ilə bağlı danışıqlar aparır. Çox güman ki, Qərb, xüsusilə, ABŞ bu istiqamətdə yenə də dəstəklərini göstərəcəklər. Bu baş verəcəyi halda nüvə potensialını çıxmaq şərtilə Ukrayna ordusu bir sıra əsas parametrlərlə rus ordusunu üstələmiş ola bilər ki, bu da müharibənin gedişatında cox ciddi dönüş yaradar. Qaldı ki, Rusiyanın nüvə silahından istifadə etməsinə, bu məsələdə çoxları kimi mən də düşünürəm ki, rəsmi Kreml belə bir addımın atılmasına getməyəcək. O səbəbdən ki, hətta taktiki nüvə silahından istifadə etsə belə onun öldürücü təsirləri Rusiyanın əhalisinin sıx yaşadığı ərazilərə də olacaq. Əlində olan Atom Elektrik Stansiyalarının partladılması da eyni fəsadları gətirəcək . Digər tərəfdən nüvə silahından istifadəyə Qərbin müşahidəçi kimi qalması da imkansızdır və adekvat cavabların verilmə ehtimalı da yüksəkdir. Ona görə də müharibənin klassik üsullarla davam olunacağı şübhəsizdir və bu istiqamətdə Rusiya hava hücumları ilə üstünlüyünü artırmağa çalışacaq. Bu məqsədlə strateji obyektlərin vurulması gündəmində olacaq. Amma nəzərə alınmalıdır ki, rəsmi Kiyev bunlara çoxdan hazırdır və alternativ mənbələr yaratmaqla itkilərini önləməyə çalışacaq. Bir sözlə Putin hakimiyyətdə qaldıqca və ciddi hadisələr baş vermədikcə qış fəslində müəyyən səngimələr olsa da, müharibənin ən azı 2023-ilin sonlarına qədər uzanacağı qaçılmaz olacaq”.

AĞ Partiya Mərkəzi Aparatının rəhbəri, siyasi şərhçi Kamran Məmmədli Ukraynanı çətin qış fəslinin gözlədiyini düşünür:

kamran2022.jpg (23 KB)

Kamran Məmmədli: “Əgər Zaporojye AES Ukrayna ordusu tərəfindən qısa müddət ərzində azad olunmazsa…”

“Müharibənin qışa doğru getdiyi zamanda Ukrayna ordusunun növbəti hədəfinin Zaparojye vilayəti olması təsadüfi deyil . Bildiyiniz kimi, bu vilayətdə Ukrayna enerjisinin beşdə birini təmin edən və Avropanın ən böyük atom elektrik stansiyası olan Zaporojye Atom Elektrik Stansiyası yerləşir. Bu səbəbdən Ukraynanın əsas hədəflərindən biri də, şübhəsiz ki, Zaporojye Atom Elektrik Stansiyasının azad olunması olacaq. Çünki Zelenski gözəl anlayır ki, əgər Zaporojye AES Ukrayna ordusu tərəfindən qısa müddət ərzində azad olunmazsa, qış ayları Ukrayna üçün çox çətin keçəcək və ordunun irəliləməsi dayana bilər. Rusiyanın hədəfi isə qışa qədər ilhaq etdiyi əraziləri qoruyaraq, Ukraynanı enerji böhranında saxlamaq olacaq ki, bu da Rusiya ordusunun ən azından 1-2 ay fasilə əldə etməsi ilə nəticələnə bilər. Qış aylarında yaranacaq fasilənin Rusiyanın leyhinə olacağını düşünürəm. Bu səbəbdən Dekabr ayına qədər Ukraynanın Zaparojye vilayətində əməliyyatların intensivliyini daha da artıracağını düşünürəm”.

Cavanşir ABBASLI

Bənzər yazılar

Back to top button