Top.Mail.Ru
ARAŞDIRMA

Ağ Ev Paşinyana daha GÜVƏNMİR: ABŞ Azərbaycanla strateji tərəfdaşlığa CAN ATIR

Ağ Ev ABŞ-ın Cənubi Qafqaz siyasətini gah Rusiya, gah ABŞ, gah da Fransa və İran üzərindən Ermənistanın avantürist iddialarını təmin etmək cəhd edən rəsmi İrəvanın “kaprizlər”inin girovuna çevirmək niyyətində deyil… ABŞ-ın geostrateji hədəfləri üçün regionun yeganə müstəqil siyasət yürüdən lider dövləti olan Azərbaycan daha etibarlı alternativ tərəfdaş kimi ön plana çıxmağa başlayıb…

ABŞ-ın Cənubi Qafqazda fəallaşmağa cəhd göstərdiyi müşahidə olunur. Ağ Ev rəsmiləri son vaxtlar bu regionda cərəyan edən proseslərə münasibətdə daha intensiv və konkret məzmunlu açıqlamalarla diqqəti çəkirlər. Və bu, o deməkdir ki, Cənubi Qafqazın ABŞ üçün əhəmiyyəti artıq artmağa başlayıb.

Təbii ki, ABŞ-ın Cənubi Qafqazda ciddi geostrateji maraqlarının olduğunu heç Ağ Ev rəsmiləri də inkar etmirlər. Ona görə də, hazırda Ağ Ev region dövlətləri ilə yaxınlaşma siyasəti yürütməyə üstünlük verir. Ümumiyyətlə, Ağ Ev ABŞ-ın Cənubi Qafqaz siyasətinə son vaxtlar tədricən müəyyən düzəlişlər etməyə çalışması ilə də diqqəti çəkir.

Halbuki, son vaxtlara qədər Ağ Ev ABŞ-ın Cənubi Qafqaz siyasətini daha çox Ermənistan üzərindən qurmağa üstünlük verirdi. Ancaq hazırda iki önəmli faktor ABŞ-ı bu mövqeyinə dəyişiklik etmək məcburiyyətində buraxıb. Çünki Cənubi Qafqaza münasibətdə istənilən gecikmə Ağ Evin bu regionla bağlı siyasi kursuna növbəti iflas təhlükəsi vəd edir.

kollajjj-11117777.jpg (781 KB)

Birincisi, Paşinyan hakimiyyətinin son davranışları Ağ Evi rəsmi İrəvanla əməkdaşlığa daha ehtiyatlı yanaşmaq məcburiyyətində buraxıb. Çünki Ermənistanın rəsmi dairələri ABŞ, Fransa, Rusiya və İran arasında davamlı manevrlər etməklə, etibarlı tərəfdaş olmadığını qabarıq şəkildə göstərməkdədir. Ağ Evdə Ermənistan kimi ABŞ-ın maraqları ilə “oynayan”, xaotik siyasət yürüdən ölkələrə adətən, güvənmirlər. Bu səbəbdən də indi ABŞ-ın Cənubi Qafqaz siyasətinin əvvəlki kimi, yalnız Rusiyanın təsir dairəsindən çıxmaq şansının olmadığı birmənalı şəkildə təsdiqlənən Ermənistan üzərində indeksləşdiyini iddia etmək çətindir.

Digər tərəfdən, Ağ Evdə nəhayət ki, anladılar ki, ABŞ-ın yalnız Ermənistan üzərindən Cənubi Qafqaza nüfuz edib, yerləşməsi mümkün olmayacaq. Çünki Cənubi Qafqazda şəriksiz geopolitik iradə sahibi məhz Azərbaycandır. Yəni rəsmi Bakı ilə anlaşmadan, Azərbaycanın maraqlarını təmin etmədən heç bir kənar dövlət və ya beynəlxalq qurum bu regionda duruş gətirə bilməz.

Rəsmi Bakının ermənipərəst mövqeyinə görə Fransanı Cənubi Qafqazdakı regional sülh prosesindən kənarlaşdırması da Ağ Evin geopolitik hədəflərinin dəqiqləşdirilməsinə birbaşa təsir göstərən faktorlardan biri hesab oluna bilər. Çünki rəsmi Bakı bu prinsipial qərarı ilə regionun “açarlar”ının Azərbaycanın əlində cəmləşdiyini nümayişkaranə şəkildə qabartdı. Ona görə də hazırda ABŞ-ın regionda yeganə müstəqil siyasət yürüdən dövlət olan Azərbaycan ilə geostrateji tərəfdaşlıq niyyətini daha ön plana keçirtməyə çalışdığı da nəzərə çarpır.

08d7627d-c37a-4027-b621-d957c3ed31d5.jpg (105 KB)

Təbii ki, Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Kərim Vəliyevin ABŞ-a səfərinə, eləcə də, onun Pentaqonun yüksək rütbəli təmsilçiləri ilə görüşlərinə də məhz elə bu kontekstdən yanaşmaq daha doğru olardı. Belə anlaşılır ki, ABŞ Azərbaycanla hərbi-siyasi, strateji tərəfdaşlıq qərarı vermək ərəfəsindədir. Əgər, bu, reallaşarsa, Ermənistanın beynəlxalq itkiləri daha da artmış olacaq. Və bu baxımdan, rəsmi Bakının hərbi-siyasi diplomatiya sahəsində böyük uğurlar qazanmaqda olduğunu da düşünmək olar.

Hazırda Ağ Evin mövqeyi müəyyən mənada, rəsmi Bakını qane edə biləcək məzmun daşıyır. Çünki ABŞ Azərbaycan və Ermənistan arasında sülh sazişinin mümkün qədər tez bir zamanda imzalanmasında maraqlı olduğunu qətiyyən gizlətmir. Eyni zamanda, Ağ Ev Azərbaycan və Ermənistanı mövcud ziddiyyətli problemləri həll etmək üçün birbaşa, yəni, Rusiyanın iştirakı olmadan ikitərəfli təmaslara üstünlük verməyə də çağırır.

Nəhayət, Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Kərim Vəliyevin ABŞ-a səfərinə paralel olaraq, Pentaqon rəsmilərinin Azərbaycanı məmnun edəcək daha bir açıqlama ilə çıxış etdiklərini də mütləq nəzərə almaq lazımdır. Həmin açıqlamada vurğulanır ki, ABŞ Azərbaycanın ərazi bütövlüyünün qorunması, sərhədlərinin toxunulmazlığının təmin edilməsi üçün rəsmi Bakı ilə hərbi-siyasi əməkdaşlığa hazırdır. Yəni, Ağ Ev rəsmi Bakıya dəstək vermək niyyətini açıq şəkildə sezdirməyə başlayıb.

4fd8985b-35a7-4386-8332-e3e8bbbf984e.jpg (208 KB)

Bütün bunlar onu göstərir ki, xaotik siyasət həvəskarı olan, tərəfdaşlarına xəyanət etmək vərdişlərini tərgidə bilməyən Ermənistan daha bir ənənəvi beynəlxalq himayədarından məhrum olmaq üzrədir. Belə davam edərsə, ABŞ-ın Cənubi Qafqazda geopolitik və geostrateji fəallığı bundan sonra Azərbaycanla tərəfdaşlığa indeksləşə bilər. Və bu halda, Paşinyan hakimiyyətinin son aylarda başlatdığı beynəlxalq hay-küy kampaniyası böyük sürətlə iflasa uğramış olacaq.

Belə anlaşılır ki, Ağ Evdə rəsmi İrəvanın gah Rusiya, gah ABŞ, gah da Fransa və İran üzərindən Ermənistanın avantürist iddialarını təmin etmək cəhdləri narahatlıq doğurmaqdadır. Böyük ehtimalla ABŞ-ın rəsmi dairələri Ermənistanın hər an mövqeyini dəyişməyə həvəsli olmasından müəyyən nəticələr çıxartmaq üzrədirlər. Və Ağ Ev Cənubi Qafqazdakı geostrateji maraqlarını, xüsusilə də, Rusiyanın regiondan sıxışdırılıb, çıxarılması ilə bağlı hədəflərini Ermənistanın bitməyən “kaprizlər”inin girovuna çevirmək niyyətində deyil.

Məsələ ondadır ki, Ermənistanın regional əhəmiyyətinin olmadığı artıq təsdiqlənib. Eyni zamanda, rəsmi İrəvanın Kremlin təsir dairəsindən qopmasının da mümkünsüzlüyü də indi daha aydın şəkildə ortaya çıxmaqdadır. Belə vəziyyətdə ABŞ-ın Cənubi Qafqaz siyasəti üçün regionun müstəqil siyasət yürüdən yeganə lider dövləti Azərbaycan daha etibarlı alternativ tərəfdaş kimi ön plana çıxmış olur.

Elçin XALİDBƏYLİ

Bənzər yazılar

Back to top button