Top.Mail.Ru
ARAŞDIRMA

Moskvaya ultimatum verən Paşinyana Putin necə CAVAB VERƏCƏK? TƏHLİL

Paşinyan bildirib ki, əgər Rusiya obyektiv və ya subyektiv səbəblərə görə Qarabağda təhlükəsizlik və sabitliyi təmin edə bilmirsə, o zaman BMT Təhlükəsizlik Şurasında sülhməramlı kontingentin BMT mandatını alması və ya Qarabağa əlavə çoxmillətli sülhməramlı kontingent göndərməsi məqsədi ilə müzakirəyə başlamalıdır. O, həmçinin əlavə edib ki, hadisələrin inkişafı Rusiya sülhməramlı kontingentinin Qarabağdakı fəaliyyəti ilə bağlı təcili cavab tələb edən suallar doğurur.

Nikol Paşinyan ilk dəfə deyil ki, Rusiyanı, eyni zamanda bu ölkənin Qarabağda müvəqqəti yerləşdirilən sülhməramlı kontinqentini tənqid edir. Hər zaman olduğu kimi, bu dəfə də Ermənistan baş nazirinin ittihamları rəsmi Moskvanın sərt reaksiyası ilə qarşılanıb. Paşinyanın Rusiya ilə bağlı səsləndirdiyi ittihamlara münasibət bildirən Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib ki, “Belə şeyləri söyləmək və bəyan etmək, sadəcə olaraq, yer üzündəki həqiqətləri dərk etməməkdir”. Zaxarova Laçın dəhlizindəki vəziyyət kontekstində Rusiya sülhməramlı kontingentinin tənqid olunmasının qəbuledilməz olduğunu bəyan edib.

“Paşinyan son akkordlarını vurur…”

KAİM.az xəbər verir ki, mövzu ilə bağlı Publika.az-a danışan politoloq Qabil Hüseynli hesab edir ki, Paşinyan Rusiyanın indiyə qədər erməni xalqına və Ermənistan dövlətinə etdiyi yaxşılıqların qarşılığında Moskvaya meydan oxumağa çalışır.

“Rusiya ilə Ermənistan arasındakı bütün körpülər az qala yandırılıb qurtarıb. İndi Paşinyan son akkordlarını vurur. Fikrimcə, bu, münasibətləri daha da tarıma çəkir və bu cür vəziyyət uzun müddət davam edə bilməz. Onlar elə xəyala düşüblər ki, sanki Rusiya orada Azərbaycan ictimaiyyətinin nümayəndələrinə qarşı ciddi tədbirlər görməli, hətta hərbi güc tətbiq etməklə yolu açmalıdır. Amma əslində, bu, mümkün deyil və beynəlxalq konvensiyalara ziddir. Üstəlik, bu, Azərbaycanın suverenliyi üçün təhdid hesab oluna və BMT-nin müzakirə edəcəyi məsələlər sırasına daxil ola bilər”, – Q.Hüseynli qeyd edib.

“Rusiya daha da qəzəblənəcək”

Politoloq bildirib ki, Paşinyan daxili auditoriyaya, xüsusilə ölkənin daxilində olan sıravi şəxslərə yönəlik populist fikirlər səsləndirir:

“O, bu fikirlər hesabına ölkənin ictimai rəyində özünə bəraət qazandırmaq istəyir. Amma bu danışıqlar bütün diplomatik nəzakət formalarından kənara çıxdığına görə, düşünürəm ki, Rusiyanı daha da qəzəbləndirəcək”.

Qabil Hüseynli Rusiya XİN-in bir neçə dəfə Paşinyanın ittihamlarına sərt reaksiya verdiyini xatırladıb:

“Paşinyan Laçın yolu ətrafında baş verən proseslərdə Rusiya sülhməramlılarını təqsirləndirir və onları missiyalarını yerinə yetirməməkdə ittiham edir. Əvvəla, bu, sülhməramlı qüvvələrin missiyası kimi bilavasitə onlara tapşırılmayıb. İkincisi, Azərbaycanın suveren torpaqlarında başqa bir dövlətin silahlı qüvvələrinin qayda-qanun yaratması nəzərdə tutulmayıb. Onların belə bir addım atması beynəlxalq hüququn müddəalarına uyğun deyil. Üstəlik, Lavrov da bəyan edib ki, Qarabağdakı separatçıların ucbatından bir çox məsələlər, o cümlədən sülhyaratma məsələləri pozulub. Günahın Ermənistan tərəfində olması ilə bağlı ən azından Rusiya ictimai rəyində, Rusiya rəhbərliyində formalaşmış fikir var. Bütün bunları nəzərə alaraq demək olar ki, Paşinyanın növbəti çıxışı Ermənistana heç bir uğur gətirməyəcək”.

Nikol Paşinyan hökumətin son iclasında Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamağa, sərhədlərin delimitasiyası prosesini başa çatdırmağa və regional kommunikasiyaları açmağa “hazır olduğunu” deyib. Lakin rəsmi Bakı sülh sazişi ilə bağlı İrəvana 5 bəndlik təklif irəli sürüb. Bu, beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilib.

“Azərbaycanın suverenliyinə qarşı addımlar atacaqsa…”

Politoloq hesab edir ki, Paşinyanın bu açıqlaması sülhün tərəfdarı olmadığını göstərir.

“Onun söylədiyi boş fikirlərdir. Adətən heç bir ciddi siyasi arqumenti olmayanda belə fikirlər səsləndirirlər. Paşinyan Azərbaycan daxilində silahlı qüvvələrin bir hissəsini saxlayacaqsa, 18-20 minlik erməni qruplaşması üçün imtiyazlar yaratmağa cəhd edəcəksə, faktiki olaraq Azərbaycanın suverenliyinə qarşı addımlar atacaqsa, bu nöqteyi-nəzərdən, onun söylədiyinin heç bir əsası yoxdur”, – Q.Hüseynli vurğulayıb.

Nikol Paşinyanın Qarabağda yerləşən Rusiya sülhməramlılarına BMT mandatının verilməsi tələbinə Kreml də münasibət bildirib. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Qarabağdakı sülhməramlılara BMT mandatının verilməsi, habelə beynəlxalq qüvvələrin cəlb edilməsi üçün həm Ermənistanın, həm də Azərbaycanın razılığı lazımdır. Onun sözlərinə görə, hər iki tərəf (Azərbaycan və Ermənistan – red.) bununla razılaşarsa, beynəlxalq sülhməramlılar cəlb oluna bilər.

Bənzər yazılar

Back to top button