Top.Mail.Ru
ARAŞDIRMA

Paşinyan Rusiya qarşısında TƏKBAŞINA BURAXILDI: ABŞ və Fransa Ermənistanı niyə Kremlin ÖNÜNƏ ATIR

Son vaxtlara qədər rəsmi İrəvanı şirnikləndirib, cəsarətləndirən ABŞ, Fransa və digər ermənipərəst Qərb dairələri çətin məqamda Ermənistanı müdafiə etmək niyyətindən uzaqdırlar… Paşinyan hakimiyyətinin Rusiya ilə qarşıdurmanı kəskinləşdirdiyi bir şəraitdə bunun Ermənistana hansı perspektivlər vəd etdiyini təsəvvürə gətirmək isə o qədər də çətin deyil…

Cənubi Qafqaz ətrafında gərginlik artan xətt üzrə inkişaf edir. Bu regionda bəzi beynəlxalq siyasi iradə mərkəzlərinin maraqları kəskin şəkildə toqquşur. Ona görə də, hazırda Cənubi Qafqaz dünya nəhəngləri arasında qarşıdurmanın və amansız mübarizənin əsas poliqonlarından birinə çevrilmiş kimi görünür.

Onu da qeyd etmək lazımdır ki, Cənubi Qafqazdakı beynəlxalq qarşıdurma daha çox Azərbaycan-Ermənistan sülh prosesi üzərindən aparılır. Bəzi beynəlxalq siyasi iradə mərkəzləri bu iki bir-birinə düşmən ölkə arasında sülh sazişinin mümkün qədər tez bir zamanda imzalanmasına üstünlük verirlər. Onların əsas rəqibləri isə əksinə, bu prosesin pozulmasına yönəlik cəhdlər göstərirlər.

Məsələ ondadır ki, Fransa sülh prosesinə münasibətdə həmişə olduğu kimi, yenə də Ermənistanı intensive şəkildə dəstəkləyir. Ancaq rəsmi Paris üçün Ermənistanın maraqlarının təmin olunması qətiyyən ciddi əhəmiyyət daşımır. Fransanın əsas hədəfi Cənubi Qafqazda sülh prosesinin iflasa uğraması, regionda yeni xaos vəziyyətinin yaranmasından ibarətdir. Və rəsmi Paris məhz xaos vəziyyətində Fransanın Cənubi Qafqazda geopolitik oyunçuların sırasına qatıla biləcəyinə ümid bəsləyir.

fffee5eec0-d8b3-4374-90a2-a2bf83004fc9.jpg (169 KB)

Ona görə də, Ermənistanı açıq şəkildə dəstəkləyən Fransa bir tərəfdən, Azərbaycana qarşı beynəlxalq təzyiqlərin artırılmasına çalışır. Digər tərəfdənsə, rəsmi Paris Ermənistanın Rusiya ilə ziddiyyətlərinin dərinləşməsinə də cəhd göstərir. Fransanın qurmağa çalışdığı ssenarilərdən biri də rəsmi İrəvanın da istədiyi kimi, Ermənistanda öz hərbi kontingentinin yerləşdirilməsinə münbit şəraitin yaradılmasıyla bağlıdır.

Ancaq rəsmi Parisin reallaşdırılmasına çalışdığı bu ssenari kifayət qədər ciddi problemlərlə də üzləşməkdədir. Belə ki, Ermənistanın hakim dairələri Fransanın planlarını doğru-düzgün reallaşdırmaqda çətinlik çəkirlər. Rəsmi İrəvan bir-birinin ardınca kobud səhvlər buraxır. Yəni, Fransanın dəstəyinə böyük ümidlər bəsləyən Ermənistan siyasi-diplomatik manevrlər əvəzinə, Rusiya ilə kəskin qarşıdurma yaradan addımlar atırlar.

Xüsusilə də, rəsmi İrəvanın Rusiyanı açıq mətnlə ittiham etməsi, Kremli hərbi-siyasi öhdəliklərin icrası ilə bağlı şantaja cəhd gəstərməsi Ermənistanın hətta mövcudluğuna belə təhlükə yaradır. Bəzi məlumatlara görə, rəsmi Paris Ermənistanın belə radikal mövqedən çıxış etməsini Fransanın maraqlarına uyğun hesab etmir. Çünki bu, Kremli Ermənistana qarşı aqressivləşdirir. Və Rusiyanı Ermənistanla bağlı daha kəskin manevrlərə sövq edir.

Məsələ ondadır ki, Ermənistan tamamilə Rusiyadan asılı bir qondarma “dövlət”dir. Bu ölkənin sərhədlərindən iqtisadiyyatına qədər bütün sahələr məhz Rusiyanın nəzarətindədir. Üstəlik, Rusiya Ermənistana münasibətdə enerji resurslarının dəyərini dünya bazarlarındakı qiymətə uyğunlaşdırsa, rəsmi İrəvanı qısa müddətdə diz çökdürə bilər. Çünki bu halda, Ermənistan öz maliyyə-iqtisadi imkanları ilə hesabına heç bir ölkədən enerji resursları idxal edə bilməz.

ermeni-rus-ktmt.jpeg (136 KB)

Digər tərəfdən, Rusiya üçün Ermənistanı hərbi-siyasi cəhətdən nəzarətə götürmək cəmisi bir neçə saata başa gələ biləcək məsələdir. Yəni, rəsmi İrəvan Fransaya və digər xarici himayədarlarına güvənərək, Ermənistanın Rusiya ilə münasibətlərini açıq qarşıdurma mərhələsinə keçirtməsi olduqca təhlükəli prosesdir. Və Paşinyan bu davranışları ilə yalnız Ermənistana qarşı ciddi problemlər yaradır.

Ona görə də, baş nazir Nikol Paşinyan KTMT-nın İrəvanda keçirilən zirvə toplantısında bu hərbi-siyasi alyansın ortaq sənədini imzalamamaqla, əslində, Ermənistanın gələcək taleyini böyük təhlükə altına atıb. Üstəlik, bəzi məlumatlara görə, erməni baş nazir son vaxtlar Kremli Ermənistanın həm KTMT-dan, həm də Avrasiya İqtisadi İttifaqından çıxmaq niyyətində ciddi olması ilə də şantaj etməyə başlayıb. Hətta 2023-cü ilin fevral ayından Ermənistanın bu iki qurumdan çıxması ilə bağlı hüquqi prosedurlara başlanacağı iddia olunur.

Təbii ki, rəsmi İrəvanın belə yanlış Rusiya siyasəti Qərb siyasi dairələrində də ciddi narahatlıq doğurmaqdadır. Çünki Ermənistan Rusiyadan belə sürətlə uzaqlaşmaq xəttini inkişaf etdirərsə, bəzi ermənipərəst Qərb siyasi dairələri üçün müəyyən problemlər yarana bilər. Və hazırda heç bir beynəlxalq siyasi iradə mərkəzi Ermənistan ucbatından hər hansı ciddi problemlə üzləşməyə həvəsli deyil.

Birincisi, Ermənistanın öz mövcudluğunu qoruya bilməsi üçün hazırda Rusiya milyardlarla dollar vəsait xərcləyir. Kremlin xərclədiyi milyardlara Ermənistana real qiymətindən qat-qat ucuz satılan enerji resursları, Rusiya şirkətlərinin bu ölkənin iqtisadiyyatına yatırdığı külli miqdarda maliyyə vəsaiti, faiz kredit borcları və s. daxildir. Ermənistan Rusiyadan sürətlə qopmağa nail olarsa, Kremlin çəkdiyi bu xərclər Fransa başda olmaqla, bəzi ermənipərəst dairələrin üzərinə düşəcək. Və indiki böhranlı situasiyada heç bir iqtisadi-ticari mənfəət vəd etməyən Ermənistana belə nəhəng məbləğlərin xərclənməsi məqbul hesab olunmur.

3c6010dfe7ce369616e4cb2caf60a546.jpg (422 KB)

Digər tərəfdən, rəsmi İrəvanın Kremlə qarşı ifrat radikallığı, Qərbə yaxınlaşma cəhdləri, xüsusilə də KTMT-dan çıxmaq qərarının verilməsi Rusiyanın Ermənistanda müəyyən hərbi-siyasi addımlar atmasına da səbəb ola bilər. Bu haldasa, rəsmi İrəvanın Fransa başda olmaqla, bütün xarici himayədarlarından hərbi dəstək umacağı qətiyyən şübhə doğurmur. Halbuki, yenə də heç bir xarici ölkə hətta Ukrayna savaşında ciddi şəkildə zəiflədilmiş olsa belə, Ermənistan ucbatından Rusiya ilə hərbi qarşıdurmaya həvəs göstərməz.

Göründüyü kimi, rəsmi İrəvan Ermənistan üçün real təhlükə vəd edən mövqedən çıxış edir. ABŞ və Qərbin, eləcə də Ermənistanın “böyük bacısı” hesab olunan Fransanın bu ölkə üçün Rusiya ilə hərbi toqquşmalara qərar verə biləcəyi qətiyyən inandiricı deyil. Əslində, son məlumatlara görə, baş nazir Nikol Paşinyan da bu reallığı etiraf edib. Ermənistanda nəşr olunan “Hraparak” qəzetinin iddiasına görə, Qərb siyasi dairələri Paşinyan hakimiyyətinə KTMT-dan çıxmaq ideyasına müsbət yanaşmadıqlarını artıq çatdırıblar.

Erməni qəzeti vurğulayıb ki, baş nazir N.Paşinyan səfirlərlə görüşdə Fransa prezidenti Emmanuel Makronun ona Ermənistanın KTMT-nın tərkibində qalmasını məsləhət gördüyünü bildirib. Erməni baş nazirin dediyinə görə, prezident E.Makron öz tövsiyyəsini məhz Fransanın Ermənistan üçün təhlükəsizlik təminatı verə bilməyəcəyi ilə izah edib. Eyni zamanda, Paşinyan hakimiyyətinin ABŞ dövlət katibi Entoni Blinkendən də analoji məzmunlu xəbərdarlıq aldığı iddia olunur.

Belə anlaşılır ki, son vaxtlara qədər rəsmi İrəvanı şirnikləndirib, cəsarətləndirən ABŞ, Fransa və digər ermənipərəst Qərb dairələri çətin məqamda Ermənistanı müdafiə etmək niyyətindən uzaqdırlar. Bu isə o deməkdir ki, əslində, Ermənistan yenə də regional savaş poliqonunda təkbaşına buraxılmaq təhlükəsi ilə üzləşib. Paşinyan hakimiyyətinin Rusiya ilə qarşıdurmanı kəskinləşdirdiyi bir şəraitdə bunun Ermənistana hansı perspektivlər vəd etdiyini təsəvvürə gətirmək isə o qədər də çətin deyil.

Elçin XALİDBƏYLİ

Bənzər yazılar

Back to top button