Top.Mail.Ru
ARAŞDIRMA

Silah şirkətlərinin hegemonluq DÖVRÜ BAŞLAYIR: Hərbi sənaye dünyaya nəzarəti ƏLƏ KEÇİRİR

Dünyanın yeni mərhələyə keçid ərəfəsində olması və bu ilin silah şirkətlərinin hegemonluğa can atdığı dövrün başlanğıcına çevrilmə ehtimalı artıq fərqli geopolitik reallıqdır… Əgər, dünya ölkələri əsas investisiya siyasətlərini məhz hərbi sənaye üzərində qurmağa məcbur qalarsa, onda beynəlxalq məkanda həlledici qaydaları da böyük ehtimalla elə silah şirkətləri müəyyən edəcəklər…

Adətən, arxada qalan ilin sonlarında və yeni başlayan ilin ilk günlərində baş verənlər növbəti 12 ayın necə davam edəcəyini təxmin etməyə imkan verir. Əlbəttə, bu, heç də həmişə belə olmur. Ancaq əksər hallarda, xüsusilə də, son illərdə analoji örnəklərə rast gəlinir. Və buna əmin olmaq üçün 2019-cu ilin sonlarında baş verənləri xatırlamaq qətiyyən yersiz deyil.

Məsələ ondadır ki, həmin ilin sonlarında dünya Çində yayılmağa başlayan COVİD-19 ilə tanış oldu. 2020-ci ilin əvvəllərində isə bəşəriyyət yeni epidemiyanın Çindən bütün dünyaya sıçramasından ciddi həyəcan içinə girmişdi. Və ilin ortalarına doğru bütün dünya artıq pandemiya şəraitində yaşamağı sınaqdan keçirirdi, bununla tədricən barışmağa başlamışdı.

Təbii ki, sonrakı iki il də pandemiya ilə yekunlaşıb, pandemiya ilə də başladı. 2021-ci ildə isə dünyanı pandemiya ilə yanaşı, artıq daha bir ciddi təhlükə narahat edirdi. Belə ki, ilin son aylarında beynəlxalq siyasi iradə mərkəzləri Rusiyanın Ukraynaya hərbi müdaxilə etməyə hazırlaşdığını israrla gündəmə gətirirdilər. Kreml nə qədər inkar etsə də, Qərb xüsusi xidmət servisləri Rusiyanın Ukraynaya qoşun yeridəcəyi müxtəlif tarixləri sıralamaqdaydı. Hətta Qərb kəşfiyyatının iddia etdiyi savaş tarixləri elə tez-tez dəyişirdi ki, müəyyən şübhələr də yaranmağa başlamışdı. Hətta Rusiyanın beynəlxalq rəqiblərinin Kremli şantaj etməyə çalışdığına inanmaq daha məntiqli görünürdü.

Ancaq 2022-ci ilin əvvəlləri həqiqətən hərbi-siyasi xarakter daşıyan toqquşmalarla başladı. İlin ilk günlərində Qazaxıstanda sosial tələblərlə iğtişaşlar törədildi. Hətta Qazaxıstanın üzv olduğu KTMT bu Türk dövlətinə iğtişaşları yatırtmaq bəhanəsi ilə qoşun da yeritdi. Rəsmi Astana Qazaxıstanın uzun müddət Rusiyanın hərbi-siyasi müstəmləkəsinə çevrilə biləcəyindən duyuq düşərək, KTMT qoşunlarını gəldiyi ilk həftə ərzində ölkədən çıxartmağa nail oldu.

6df16bd395986d702344a84c3794b42a.jpg (184 KB)

Beləliklə indi sona çatan il elə ilk günlərindən iğtişaşlar və silahlı toqquşmalarla başlamışdı. Qazaxıstan böhranı sanki ilin qlobal savaşa hamilə olduğunun ilk mesajını vermiş oldu. Hər halda, fevral ayında Kreml Qərb kəşfiyyatının haqlı olduğunu öz savaş qərarı ilə təsdiqlədi, Rusiya Ukraynaya qoşun yeritdi. Və bununla da dünyada daha bir dövr sona çatmış oldu, yeni siyasi mərhələ başlandı.

Ona görə də, hesab etmək olar ki, 2022-ci il dünya tarixində və bəşəriyyətin gələcək taleyində ciddi dəyişiklik dövrüdür. Bundan sonra heç nə əvvəlki kimi olmayacaq. Mövcud beynəlxalq siyasi sistemin dəyişəcəyi artıq qətiyyən şübhə doğurmur. ABŞ və Qərb Rusiyanı dünya sistemindən təcrid edib, öz sərhədləri içərisinə sıxışdırmaq planlarını artıq böyük ölçüdə reallaşdırmağa nail olub. Kreml nə qədər müqavimət göstərməyə çalışsa da, Rusiyanın Ukraynada salındığı “savaş bataqlığı”ndan çıxış yolu demək olar ki, görünmür.

Məsələ ondadır ki, ABŞ və Qərb yeni dünya düzəni qurmaq niyyətində tamamilə qərarlı görünür. Yeni dünya düzənində Rusiyanın təmsil olunmasını istəmədiyini də qətiyyən gizlətmir. Üstəlik, yeni dünya düzəni ssenarisini tam şəkildə reallaşdırmaq üçün fantastik məbləğlər xərcləyir. Əgər, bunu edirlərsə, deməli, qarşıya qoyulan hədəfə çatacaqlarına da əmindirlər. Çünki ABŞ və Qərb eksperimentlərə para xərcləmək vərdişlərindən həmişə uzaq olub. Yalnız real nəticələrinə şübhə etmədiyi planlara para xərcləyib.

Təbii ki, Ukrayna savaşı Rusiyaya qarşı beynəlxalq koalisiyanın yaranmasıyla müşayiət edilən bir reallıqdır. Kremlin rəqibləri Ukraynanın Rusiyanı tədricən məğlub etməsini üçün rəsmi Kiyevi silah-sursat, hərbi texnika və maliyyə ilə dəstəkləməyə çalışırlar. Və bu proses istər-istəməz hərbi-sənaye komplekslərini dünyada hegemon mövqelərə çıxartmağa başlayıb.

Düzdür, Ukraynaya hərbi yardım göndərən Qərb ölkələri tələb olunan silah-sursat və hərbi texnikanı öz rezervlərindən ayırırlar. Bundansa, yalnız Ukrayna deyil, elə hərbi-sənaye kompleksləri də məmnundur. Çünki öz hərbi ehtiyatlarını Ukraynaya göndərən dövlətlər öz rezervlərini bərpa etmək üçün silah şirkətlərinə yeni sifarişlər vermək məcburiyyətindədir. Və bu, bir tərəfdən, dövlətlərin hərbi büdcə xərclərini artırır, digər tərəfdənsə, silah şirkətlərini daha da varlandırır.

orig-1635353624BtZoEW3QiICa0Nl8RZvifhYSTfttlYkOXoszjS96.jpeg (184 KB)

Məsələn, ABŞ-ın 2023-cü il üçün hərbi büdcəsi 858 milyard dollar olaraq, təsdiqlənib. Halbuki, ABŞ-ın 2022-ci il hərbi büdcəsi 801 milyard dollar təşkil edirdi. Ağ Ev Ukraynaya təxminən 90 milyard dollara yaxın hərbi yardım vermək niyyətində olduğunu vurğulayıb. Və bu, o deməkdir ki, digər ölkələrin dəstəyini də nəzərə aldıqda, Ukrayna savaşı hələ xeyli maliyyə vəsaitini həzm edəcək.

Digər ölkələrə gəldikdə isə 2022-ci ildə Çin 293 milyard, Hindistan 76 milyard, Böyük Britaniya hərbi büdcə olaraq, 68 milyard dollar xərcləyib. Çin və Böyük Britaniya hərbi büdcəsini artıracağını vurğulayıb. Yəni, 2023-cü ilin hərbi xərclərinin daha yüksək olacağı gözlənilir.

Ukrayna savaşına başlamaqla, dünya ölkələrini xərcə salan Rusiya isə bu ili 65 milyardlıq hərbi büdcə ilə yekunlaşdırıb. Savaş meydanında məğlub duruma düşən Rusiyanın bu rəqəmi ciddi şəkildə artırmağa ehtiyacı var. Ancaq iki önəmli problem Kremlin hərbi büdcə siyasətini təhlükə altında buraxır.

Məsələ ondadır ki, Rusiya beynəlxalq sanksiyalar ucbatından müəyyən maliyyə problemləri ilə qarşılaşıb. Digər tərəfdən, Kreml maliyyə qaynağını təmin etsə belə, Rusiyanın hərbi büdcəsinin xərclənməsində də çətinliklər mövcuddur. Çünki Rusiya hazırda daha çox silah-sursat və hərbi texnikaya ehtiyac duyur.

Ancaq Rusiyanın hərbi-sənaye kompleksi bu ehtiyacları sürətlə və keyfiyyətlə təmin etmək imkanlarından uzaqdır. Xarici ölkələrdən hərbi ehtiyacların ödənməsindəsə, seçim imkanları o qədər də geniş deyil. Kreml hazırda Şimali Koreya, eləcə də, keyfiyyəti ciddi şübhələr doğuran İran və Hindistan silahları almağa çalışır.

Halbuki, bu ölkələr də Rusiyanın hərbi ehtiyaclarını ödəmək imkanında deyillər. Çin isə Rusiyanın hərbi sifarişlərini yerinə yetirməyə hələlik qətiyyən həvəsli görünmür. Və rəsmi Pekin Kremlə savaşda ya tez bir zamanda qalib gəlməyi, ya da bu mümkün deyilsə, müharibəni hansısa formada yekunlaşdırmağı tövsiyə edir.

-27344841166036534089294199310181087.jpg (384 KB)

Ümumiyyətlə, ehtimallara görə, 2023-cü ildə dünya dövlətlərinin mütləq əksəriyyəti hərbi xərcləri artırmalı olacaq. Hətta Avropa Birliyi tərəfindən bu quruma üzv ölkələrə bununla bağlı açıq çağırışlar da edilməyə başlayıb. Avropa Birliyi öz çağırışlarını dünyada yeni situasiyanın yaratmaqda olması və istənilən təhlükəyə əvvəlcədən hazırlıqlı olmağın vacibliyi ilə izah edib. Son statistikaya görə, hazırda bütün dünya üzrə 2 trilyon 115 milyard dollar olan hərbi xərclərin növbəti ildə daha da artıb, fantastik məbləğlərə çata biləcəyi qətiyyən istisna deyil.

Belə anlaşılır ki, 2023-cü ilin silah istehsalında rekord nəticələrə səbəb ola biləcək mərhələyə çevrilmə ehtimalı tamamilə realdır. Yəni, bundan sonra hərbi-sənaye kompleksləri ən gəlirli sahəyə çevrilə bilər. Bu isə o deməkdir ki, yaxın gələcəkdə əsas sərmayənin məhz hərbi sənayeyə yönələ biləcəyi də qətiyyən istisna deyil.

Təbii ki, beynəlxalq proseslərin məhz belə istiqamətdə inkişaf etməsi dünyanın gələcəyi üçün yaxşı heç nə vəd etmir. Çünki müxtəlif ölkələrin öz hərbi qüdrətini belə sürətlə gücləndirməyə can atması yaxın gələcəkdə dünyanın bir çox regionlarında hərbi qarşıdurma mühitini daha da gücləndirə bilər. Hər halda, hərbi qüdrəti artmış bəzi ölkələr mövcud beynəlxalq siyasi sistemin tələblərinə əhəmiyyət verməyə həvəsli olmayacaqlar. Yəni, daha müstəqil xarici siyasət yürütməyə və öz milli maraqlarını məhz hərbi güc hesabına təmin etməyə cəhd göstərəcəklər.

Göründüyü kimi, bütün bunlar yeni geopolitik reallıqlardır. Hər halda, dünya yeni mərhələyə keçid ərəfəsindədir və bu il silah şirkətlərinin hegemonluğa can atdığı dövrün başlanğıcı da ola bilər. Əgər, dünya ölkələri əsas investisiya siyasətlərini məhz hərbi sənaye üzərində qurmağa məcbur qalarsa, onda beynəlxalq məkanda həlledici qaydaları da böyük ehtimalla elə silah şirkətləri müəyyən edəcəklər. Və bunun necə böyük bir təhlükə olduğunu təsəvvür etmək isə qətiyyən çətin deyil.

Elçin XALİDBƏYLİ

Bənzər yazılar

Back to top button