Top.Mail.Ru
ARAŞDIRMA

ABŞ Cənubi Qafqaz siyasətini DƏYİŞİR? – İrəvan bütün imkanlardan istifadə edərək… – TƏHLİL

“Filip Rikerin istefası ilə Cənubi Qafqazda heç nə dəyişməyəcək. Çünki onlar diplomatlardırlar, biri gedər, digəri onu əvəz edər. Dəyişən heç nə yoxdur. Rikerin getməsi də regiondakı proseslərin dinamikasına təsir göstərməyəcək”.

KAİM.az xəbər verir ki, bunu Publika.az-a politoloq İlqar Vəlizadə ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz üzrə danışıqlarla bağlı baş müşaviri Filip Rikerin vəzifəsindən azad edilməsini şərh edərkən deyib.

Politoloq bildirib ki, Rikerin bu vəzifədən getməsi ilə bağlı açıqlamalar yoxdur, sadəcə fərziyyələr var:

“Söylənir ki, guya o, sülh səylərinin uğursuzluğunu dərk edərək bu addımı atıb. Amma bu, texniki bir vəzifədir. Rikerin bu addımı atmasının arxasında şəxsi əsaslar da ola bilər. Ola bilsin ki, diplomatik fəaliyyəti ilə bağlı onu başqa bir vəzifəyə münasib biliblər. Bunu da istisna etmək olmaz. Burada müxtəlif səbəblər var, açıqlamalar yoxdur, ona görə də dərin təhlil aparmaq olmur”.

Ekspert hesab edir ki, ABŞ, çox güman ki, Rikerin fəaliyyətini davam etdirmək üçün Cənubi Qafqaz üzrə yeni nümayəndə təyin edəcək:

“Riker adi diplomatdır, ABŞ-da belə diplomatlar yüzlərlədir. Biri Afrikaya, digəri başqa yerə cavabdehdir. Ermənilər elə zənn edirlər ki, Cənubi Qafqazdakı proseslər dünya xəritəsini əhatə edir. Sadəcə hadisələri, yeni təyinatı izləmək lazımdır. Düşünürəm ki, ABŞ Cənubi Qafqazdan əl çəkməyəcək və otuz ildir bu və ya digər şəkildə regionla maraqlanır. Burada geosiyasi proseslər gedir, iqtisadi layihələr həyata keçirilir ki, Birləşmiş Ştatlar bunlarda maraqlıdır. Rikerin getməsi ilə ABŞ bu proseslərdən əlini üzməyəcək. Yeni diplomat kim olacaq, əvvəl hansı vəzifələrdə çalışıb, yanaşmaları nədir və s. hər şey bundan asılıdır. Əslində, ABŞ-ın aparıcı siyasətçiləri regionun siyasətində fəal və yaxın şəkildə iştirak edən, yaxud Amerikanın siyasətini burada müəyyənləşdirən Entonu Blinken, Ceyk Sullivan və başqalarıdır. Onlar da hamısı yerindədir”.

İ.Vəlizadə regionda vəziyyətin gərgin olaraq qalmasına da diqqət çəkib. Onun sözlərinə görə, Ermənistan bütün imkanlardan istifadə edərək yeni yaranmış reallıqları qəbul etmək istəmir:

“İrəvan müxtəlif yollarla danışıqları pozmaq istəyir. Moskva danışıqları artıq pozulub. Avropa formatında problemlər var, o da demək olar ki, pozulub. Çünki Nikol Paşinyanın təkidi ilə Fransa prezidentinin buradakı iştirakı Azərbaycanı qane etmir və rəsmi Bakı bu formatdan imtina edib. Yalnız ABŞ formatı var. Əslində bu format məhsuldar ola bilər. Son zamanlar Filip Rikerin fəaliyyəti əsasında da bu istiqamətdə müsbət meyllər var idi”.

Xatırladaq ki, ABŞ dövlət katibi Entoni Blinken 2022-ci il avqustun sonunda səfir Filip Rikeri Qafqazda danışıqlar üzrə baş məsləhətçi təyin edib. Riker bu vəzifəni icra etdiyi müddətdə Bakı ilə İrəvan arasında dialoq qurmaq üçün vasitəçi kimi regiona səfər edib.

Bənzər yazılar

Back to top button