Top.Mail.Ru
ARAŞDIRMA

ABŞ da “QARABAĞ AZƏRBAYCANDIR” dedi: Rusiya isə İrəvanı hərbi yük daşımaqda SUÇLADI

ABŞ və Qərb Ermənistana Xankəndi və ətraf bölgənin Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu xatırlatmaq məcburiyyətində qaldı, çünki rəsmi İrəvan süni şəkildə bir “problem” uydurub, onun “həll olunmasını” tələb edir… Mövcud situasiya, eləcə də, Qərbdə erməni nazirə ünvanlanan eyhamlar Paşinyan hakimiyyətinin informasiya savaşını da artıq uduzmaq üzrə olduğunu göstərir…

Ermənistan beynəlxalq “hay-küy və şikayət kampaniyası”nı hələ də davam etdirir. Rəsmi İrəvan gümanı gələn bütün beynəlxalq qurumlara və Qərb siyasətçilərinə müraciət edir, Azərbaycana qarşı sanksiyaların tətbiq olunmasına çağırır. Əsas səbəb kimi isə Azərbaycan ekofəallarının Laçın yolunda keçirtdiyi dinc etiraz aksiyasını göstərir.

Ancaq rəsmi İrəvanın bu məsələdə böyük uğurlar qazandığını iddia etmək qətiyyən mümkün deyil. Çünki Ermənistan bütün cəhdlərinə baxmayaraq, Laçın yolunun qapadıldığını, Azərbaycanın Xankəndi və ətraf bölgəsinin “blokada” vəziyyətində olduğunu sübuta yetirə bilmir. Üstəlik, ekofəalların aksiyasının əsas səbəbləri və onların tələbləri beynəlxalq ictimaiyyətə aydın olduqca, rəsmi İrəvan özü çətin durumla üzləşir.

Məsələ ondadır ki, ekofəallar Azərbaycanın təbii sərvətlərinin Ermənistan və erməni separatçı-terrorçular tərəfindən qeyri-qanunu şəkildə talamasına etiraz olaraq, aksiya keçirirlər. Ona görə də, Ermənistanın Laçın yolunda baş verənlərlə bağlı yaydığı yalan məlumatlara qarşılıq olaraq, rəsmi Bakı da əsl həqiqətləri beynəlxalq ictimayyətə çatdırdıqca, Qərbdə bir çoxları istər-istəməz təəccüblənmək məcburiyyətində qalırlar. Hər halda, Laçın yolu ətrafında yaranmış vəziyyətin ən normal həlli məhz Azərbaycanın təbii sərvətlərinin talanmasından imtina olunmasına bağlıdır. Halbuki, “hay-küy salıb, şikayət edən” Ermənistan bu sadə reallığı etiraf etmək istəmir.

849dd534-04e4-44e6-83ef-ebc952fe8b15.jpg (257 KB)

Təbii ki, son vaxtlar rəsmi İrəvanın Azərbaycan əleyhinə apardığı informasiya savaşı artıq tədricən öz təsirini itirməyə, iflasa uğramağa başlayıb. Hətta Ermənistanın ən çox güvəndiyi rəsmi Paris belə, açıq mətnlə “Fransa beynəlxalq hüquqa hörmət edir və Dağlıq Qarabağın müstəqilliyini tanımır” demək məcburiyyətində qalıb. Prezident Emmanuel Makron isə “Azərbaycan Fransaya dost ölkədir” açıqlaması ilə Ermənistan cəmiyyətində həm məyusluq, həm də çaşqınlıq yaradıb.

Rusiya isə Ermənistanın müttəfiqlikdən uzaq davranışlarından artıq bezdiyini qətiyyən gizlətmir. Xarici işlər naziri Sergey Lavrov rəsmi İrəvanın ənənəvi xarakter almış “şantaj siyasəti”nə cavab olaraq, KTMT-nın Azərbaycan-Ermənistan sərhədlərinə missiya göndərməyə hazır olduğunu vurğulayıb: “Ancaq rəsmi İrəvan sərhəd bölgəsinə Avropa Birliyinin missiyasının göndərilməsi üçün danışıqlara üstünlük verir. Əgər, bu missiya rəsmi Bakının razılığı olmadan göndərilərsə, əks nəticələr də verə bilər.”

Digər tərəfdən, rus nazir Azərbaycanın Ermənistan tərəfindən Laçın yolu ilə minalar daşıması barədə məlumatları artıq Rusiyaya verdiyini də vurğulayıb: “Üçtərəfli anlaşmalara görə, Laçın dəhlizi yüklərin daşınması, mülki nəqliyyatın və vətəndaşların hərəkəti üçün açıq olmalıdır. Ancaq üçtərəfli anlaşmada ayrıca qeyd olunub ki, bu marşrut üzrə hərbi yüklərin daşınması yolverilməzdir”.

5d30573c-99af-4ab5-8464-2eabbdb50f27.jpg (136 KB)

Belə anlaşılır ki, Kreml Ermənistana münasibətdə qəzəbli olduğunu gizlətməkdə artıq çətinlik çəkir. Ona görə də, Rusiyanın xarici işlər naziri bir tərəfdən, Ermənistanı KTMT missiyasından imtina edərək, Avropa Birliyinə üstünlük verməkdə qınayır. Digər tərəfdənsə, Ermənistanın Laçın yolu ilə bağlı mina daşıması barədə rəsmi Bakının Rusiyaya təqdim etdiyi məlumatlara diqqət çəkir. Bu marşrut üzrə hərbi yüklərin daşınmasının qadağan olduğunu qabardır. Və bununla da rəsmi İrəvanı öz öhdəliklərini kobud şəkildə pozan tərəf kimi gündəmə gətirir, Ermənistanın açdığı informasiya savaşına zərbə vurur.

Maraqlıdır ki, ATƏT-in daimi şurasının xüsusi toplantısında Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Azərbaycana qarşı çıxışından sonra da bənzər açıqlamalar diqqəti çəkib. Belə ki, Norveçin bu qurumdakı təmsilçisi erməni naziri ciddi şəkildə məyus edib: “Beynəlxalq hüquqa görə, Dağlıq Qarabağ Azərbaycan ərazisi olduğundan rəsmi Bakı orada yaşayan əhalinin rifahına məsuliyyət daşıyır. Ümid edirəm ki, problem həll edildikdən sonra oradakı əhali sülh şəraitində yaşayacaq”.

Göründüyü kimi, Norveç təmsilçisinin mövqeyi Ermənistanın Azərbaycanın daxili işlərinə qarışmaq cəhdinə işarə edilməsi anlamı da daşıyır. Halbuki, bu, yeganə analoji yanaşma deyil. Belə ki, ABŞ-ın ATƏT-dəki təmsilçisi Maykl Karpenterin çıxışı da Ermənistanın rəsmi dairələrini məmnun edəcək məzmun daşımır. Halbuki, çıxışının əvvəlində ABŞ diplomatı Azərbaycan və Rusiyanı Laçın yolunda sərbəst hərəkəti dərhal bərpa etməyə çağırmaqla, Ermənistanın mövqeyini dəstəkləmiş kimi görünür.

ade012ed-5500-4e6d-844e-ce5f1444d60d.jpg (236 KB)

Ancaq daha sonra amerikalı diplomat erməni nazirin əhavl-ruhiyyəsini əməlli-başlı korlamağı da bacarıb: “Azərbaycanı həmin ərazidə yaşayan əhalinin hüquqlarını, təhlükəsizliyini və rifahını təmin etməyə çağırıram. Çünki ATƏT-in üzvü olan bütün ölkələr öz ərazilərində yaşayan şəxslərin təhlükəsizliyini onların etnik mənsubiyyətinə fərq qoymadan müdafiə etməyə borcludur”.

Göründüyü kimi, Norveç təmsilçisinin ardınca amerikalı diplomat da “Dağlıq Qarabağ”ın məhz Azərbaycan ərazisi olduğuna eyham vurur. ATƏT-in üzvü olan Azərbaycanı öz ərazisində yaşayan erməni əhalinin təhlükəsizliyini təmin etməyə çağırır. Bu çağırış həm də rəsmi İrəvana “Dağlıq Qarabağ” ilə bağlı problemlərin məhz Azərbaycan tərəfindən həll edilməsinə diplomatik xatırlatma da sayıla bilər. Çünki hazırda rəsmi Bakının bu çağırışı hələlik yerinə yetirə bilməməsinin yeganə səbəbi həm Ermənistanın, həm də Azərbaycanın Xankəndi və ətraf bölgəsində olan erməni separatşı-terrorçuların cinayətkar fəaliyyəti ilə bağlıdır.

Belə anlaşılır ki, ABŞ və Qərb Ermənistana Xankəndi və ətraf bölgənin Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu xatırlatmaq məcburiyyətində qalıb. Çünki rəsmi İrəvan süni şəkildə bir “problem” uydurub və Qərbdən onun “həll olunmasını” tələb edir. Yəni, hazırda daha ciddi problemlərlə üzləşmiş ABŞ və Qərbi öz uydurma “problemləri” ilə yükləməyə çalışır. Və mövcud situasiya, eləcə də, erməni nazirə ünvanlanan eyhamlar Paşinyan hakimiyyətinin informasiya savaşını da artıq uduzmaq üzrə olduğunu göstərir.

Elçin XALİDBƏYLİ

Bənzər yazılar

Back to top button