Top.Mail.Ru
ARAŞDIRMA

Avropa Birliyi “ERMƏNİ QAPISI”ndan keçir: Azərbaycan, Türkiyə, ABŞ və Böyük Britaniyaya SAVAŞ AÇILIR

Avropa Birliyi Rusiyanı Cənubi Qafqazdan sıxışdırmağa, Ermənistan üzərindən regiona yerləşməyə və hətta birbaşa Zəngəzur dəhlizinə nəzarəti ələ keçirtməyə can atır… Zəngəzur dəhlizinin açılmasından sonra Cənubi Qafqazın nəhəng maliyyə gəlirləri vəd edəcək geoiqtisadi perspektivləri Avropa Birliyini şirnikləndirir, qərəzli mövqeyə sürükləyir…

Cənubi Qafqaz uğrunda mübarizə intensiv xarakter almağa başlayıb. Üstəlik, son vaxtlar bu mübarizə amansız və güzəştsiz məzmun alması ilə də diqqəti çəkir. Mövcud geopolitik situasiyanı daha da gərginləşdirən əsas faktorlardan biri də bu region uğrunda mübarizəyə məhz yeni beynəlxalq güclərin də qatılmaq cəhdləri ilə birbaşa bağlıdır.

Məsələ ondadır ki, son vaxtlara qədər Avropa Birliyi Cənubi Qafqazdakı sülh prosesində daha çox vasitəçilik missiyasına iddia edirdi. Yəni, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması ilə bağlı danışıqlar prosesində təşəbbüsü ələ keçirtmək məqsədilə Rusiya ilə rəqabət aparmağa çalışırdı. Və bu istiqamətdə müəyyə effektiv irəliləyişlərə də nail olmuş kimi görünürdü.

Ancaq Avropa Birliyinin Ermənistana müşahidə missiyası göndərməsindən sonra bu qurumun hədəfləri nisbətən dəyişməyə başlayıb. Belə ki, iki aylıq müşahidə missiyasının fəaliyyət müddəti sona çatdıqdan sonra Avropa Birliyi bu dəfə Ermənistana daha geniştərkibli və uzunmüddətli qrupun göndərilməsinə hazırlaşır. Və bu, Avropa Birliyinin Cənubi Qafqazda qalıcı olmaq, regiona müxtəlif bəhanələrlə yerləşmək niyyətindən xəbər verir.

ktmt_1.jpg (113 KB)

Təbii ki, Avropa Birliyinin bu davranışları sülh prosesinə müsbət impulslar vermək əvəzinə, situasiyanı daha da gərginləşdirir. Çünki hazırda Cənubi Qafqazda əsas geopolitik oyunçulardan biri məhz Rusiya sayılır. Avropa Birliyinin regiona yerləşə bilməsi üçün Rusiyanın bölgədə mövqeləri zəifləməlidir, hətta Kreml Cənubi Qafqazı tərk etmək məcburiyyətində qalmalıdır.

Kremldə Avropa Birliyinin atdığı son addımların Rusiyanın Cənubi Qafqazdakı maraqlarına və mövqelərinə zərbə olduğunu anlamamış deyillər. Rusiya siyasi dairələri Avropa Birliyinin regiona məhz Ermənistan üzərindən nüfuz etməyə çalışdığını da nəzərə alırlar. Və bunu artıq açıq şəkildə dilə gətirməyə başlayıblar.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu məsələyə münasibətdə bildirmişdi ki, KTMT Azərbaycan-Ermənistan sərhərlərinə missiya göndərməyə hazırdır. Ancaq rəsmi İrəvan üzv olduğu KTMT-nın missiyasına deyil, rəqib Avropa Birliyinin müşahidəçilərinə üstünlük verir: “Avropa Birliyinin Ermənistana müşahidə missiyası göndərməsinə Azərbaycanın da mütləq razılıq verməsi vacibdir. Çünki əks halda, bu missiya sülh prosesində arzuolunmaz mənfi nəticələr doğura bilər”.

Göründüyü kimi, Rusiya narazıdır və müqavimət göstərməyə çalışır. Yəni, Cənubi Qafqazda Avropa Birliyi və Rusiya arasında Ermənistan üzərindən mübarizə başlayıb. Avropa Parlamentinin son qəbul etdiyi sənədin məzmunu da Rusiya ilə regional çəkişmənin əlamətləri açıq şəkildə biruzə verilir. Üstəlik, bu, Avropa Birliyini regional sülh prosesində neytral vasitəçidən Ermənistanın tərəfdaşına çevirir.

Məsələ ondadır ki, “Qarabağın blokadasının humanitar nəticələri” barədə  “bəyannamə”də Rusiya sülhməramlı qüvvələri fəaliyyətsizlikdə suçlanır, Laçın yoluna BMT və ya ATƏT-in vəziyyəti dəyərləndirəcək missiyasının göndərilməsi təklif edilir. Eyni zamanda, Avropa Birliyinə Rusiyanın regional mövqelərinin zəiflədilməsinə yönəlik çağırışlar yer alır. Bütün bunlara paralel olaraq, Azərbaycana qarşı da ittihamlar və tələblər irəli sürülür.

photo_508162.jpg (71 KB)

Bütün bunlar onu göstərir ki, Rusiya və Avropa Birliyi arasında Cənubi Qafqaz uğrunda artıq geopolitik savaş mövcuddur. Ona görə də, hazırda məhz Ermənistan üzərindən Cənubi Qafqaza yerləşməyə can atan Avropa Birliyi qərəzli mövqeyə meyillənərək, tərəfə çevrilməyə başlayıb. Əks halda, Avropa Parlamenti Azərbaycana münasibətdə belə qərəzli məzmun daşıyan sənəd qəbul etməzdi.

Məsələ ondadır ki, Avropa Birliyinin regional münaqişələrlə məşğul olmağa həvəs göstərməsi əslində, ənənəvi xarakter daşımır. Çünki bu qurum daha çox maliyyə-iqtisadi faktorlar üzərindən fəaliyyət göstərən ortaq mənfəət təşkilatıdır. İndi bu qurumun özünün Cənubi Qafqazdakı regional münaqişənin mərkəzinə atmağa çalışması strateji hədəflərdən xəbər verir.

Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan əraziləri 30 il Ermənistanın işğalı altında olduğu dövrdə Avropa Birliyi heç vaxt beynəlxalq hüquq normalarını, ədaləti xatırlayıb, rəsmi İrəvana hər hansı tələb irəli sürməyib. Bu qurum Azərbaycan vətəndaşlarının öz yurdlarından qovulmasına, erməni terrorçuların Xocalı soyqırımını törətməsinə heç bir reaksiya verməyib. Elə indi də Azərbaycanın Qarabağ regionunda ermənilərin separatizm və terrorizmlə məşğul olmasına qətiyyən etiraz etmir. Halbuki, beynəlxalq hüquq normaları bunun əksini tələb edir.

Avropa Birliyi bütün bunları gözməzdən gəldiyi halda, məhz Ermənistanın irəli sürdüyü uydurma iddialar əsasında Azərbaycana qarşı qərəzli sənəd qəbul edir. Hətta sənədin məzmununa diqqət edərkən, onun məhz İrəvanda yazılıb, Brüsseldə təsdiqləndiyindən belə, şübhələnmək lazım gəlir. Çünki ağlı başında olan hər kəs bilir ki, Laçın yolunda sadəcə ekofəallar dinc aksiya keçirirlər və hər hansı “blokada” barədə danışmaq məntiqsizlikdir. Və hər gün Laçın yolundan yüzlərlə maşın keçir.

Digər tərəfdən, Avropa Parlamenti Qarabağın erməni əhalisinin hüquqlarından, təhlükəsizliyindən danışarkər, Xankəndi də daxil olmaqla, həmin bölgədə yaşamaq hüququ olan azərbaycanlıları nədənsə, xatırlamağa həvəs göstərmir. Üstəlik, bu qərəzli qurum beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq, Azərbaycanın daxili işlərinə müdaxilə etməyə də cəhd edir. Çünki Avropa Parlamenti unudur ki, Laçın yolu, eləcə də Xankəndi və ərtaf bölgə beynəlxalq hüquqa görə, Azərbaycanın ayrılmaz tərkib hissəsidir və hazırda hələlik erməni terrorçuların nəzarətində qalıb.

849dd534-04e4-44e6-83ef-ebc952fe8b15.jpg (257 KB)

Ona görə də, Avropa Parlamenti nəzərə almalıdır ki, Azərbaycan ərazisinə hər hansı missiyanın göndərilib-göndərilməməsi onun istəyinə deyil, məhz rəsmi Bakının siyasi iradəsinə bağlıdır. Bu səbəbdən də, Avropa Parlamenti qəbul etdiyi sənədlərin mənasız və əhəmiyyətsiz kağız parçasına çevrilməsi perspektivinə də əvvəlcədən hazır olmalıdır. Və yəqin ki, həmin sənədlərə rəsmi Bakının elə bir ciddi önəm verməyəcəyini onun müəllifləri də anlamamış deyillər.

Böyük ehtimalla Avropa Birliyini hazırda nə Ermənistan, nə də Azərbaycanın Xankəndi və ətraf bölgəsindəki erməni separatçı-terrorçular düşündürmür. Bu qurumun strateqləri Rusiyanın Cənubi Qafqazdan sıxışdırılması və Ermənistan üzərindən regiona yerləşməyi hədəfləyiblər. Və hətta bu məsələdə müəyyən tələskənlik də müşahidə olunur.

Məsələ ondadır ki, Avropa Birliyində Zəngəzur dəhlizinin açılmasından sonra Cənubi Qafqazın nəhəng maliyyə gəlirləri vəd edəcək geoiqtisadi perspektivlərinin fərqindədirlər. Ancaq bu qurum yaxşı anlayır ki, Cənubi Qafqazda rahat hədəfə irəliləmək şansları da zəifdir. Çünki Cənubi Qafqazda Rusiyadan boşalacaq mövqelərə Türkiyə, ABŞ və Böyük Britaniya da iddialıdır.

Ona görə də, Avropa Birliyi Ermənistan üzərindən regiona, daha dəqiq desək, artıq “nifaq alması”na çevrilməkdə olan Zəngəzur dəhlizinə yerləşməyə can atır. Son tələskən addımları ilə isə əsas rəqiblərini qabaqlamaq niyyətini biruzə verir. Halbuki Cənubi Qafqazda yeganə və şəriksiz siyasi iradə sahibinun məhz Azərbaycan olduğunu unutmaqla, öz hədəflərini elə əvvəlcədən riskə atmış olur.

Elçin XALİDBƏYLİ

Bənzər yazılar

Back to top button