Top.Mail.Ru
ARAŞDIRMA

Qarabağı cənnətə çevirmək vədi: – 5-8 il vaxt və 30-40 milyard vəsait…

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində Qarabağı cənnətə çevirmək vədi verdi. Prezidentin sözlərinə görə, gələcəkdə bizi böyük işlər gözləyir. Sitat: “Ölkəmiz üçün yeni dövr başlayır, quruculuq dövrü, inkişaf dövrü, torpaqlarımızın bərpası günləri bizi gözləyir. Bu dövr şərəfli dövr olacaqdır. Baxmayaraq ki, düşmən işğal etdiyi və artıq azad olunmuş torpaqlarda hər şeyi dağıdıb, biz bütün şəhərlərimizi bərpa edəcəyik, kəndlərimizi bərpa edəcəyik, Qarabağ bölgəsində cənnət yaradacağıq. Bizim xalqımız buna layiqdir. Bizim xalqımıza qələbə yaraşır və qələbə həmişə bizimlə olacaq!”

Əlbəttə ki, bu bir-iki ilin işi deyil. 27 il viran qoyulmuş, xarabalığa çevrilmiş şəhərləri qurmaq, orada normal həyatı öz axarına qaytarmaq, bütün infrastrukturu qısa zamanda təşkil etmək çətin məsələdir. Buna zaman, maliyyə və fiziki resurs tələb olunur, mərhələli və planlı şəkildə yeniənqurma işləri həyata keçirmək lazım gəlir. Amma bu vədi Ali Baş Komandan verirsə, o şəxs ki “Şuşasız bu iş yarımçıq qalar” bəyan etmişdi, o zaman Qarabağı cənnətə çevirəcəyinə də inanmalıyıq. Deməli, dövlət rəhbərliyinin bu işləri necə reallaşdırmaq barədə proqramı artıq masadadır, nəyi, necə və nə zaman edəcəyini yaxşı bilir. Onu da bilir ki, Qarabağın cənnət guşəsinə yenidən çevrilməsi, şəhərlərin gözəlləşdirilməsi təkcə məcburi köçkünlərin, yaxud bütün azərbaycanlıların sevincinə səbəb olmayacaq, habelə dünyaya bir nümayiş olacaq. Yəni işğalçı ilə evin sahibinin fərqini ortaya qoyacağıq.

Məlumdur ki, ərazilərimizin bərpası üçün dövlət büdcəsindən ilkin olaraq 2,2 milyard vəsait ayrılıb. Amma bu maliyyə yetərli olmayacaq. Prezidentin vəd etdiyi cənnət üçün isə bir neçə milyardlar lazım gələcək. Lakin ilkin mərhələdə 2,2 milyardla işğaldan azad edilən ərazilərin bir qismində həyatı bərpa etmək, insanların müəyyən hissəsini yurd-yuvasına qaytarmaq mümkündür. Sadəcə, bütövlükdə Qarabağın qurulmasına böyük kapital olmalıdır. Bəs bu il bərpa işlərinin hansı mərhələsini görmək mümkündür?

Hansı rayonlarımızdan başlamalıyıq, nə kimi işlərlə start verilməlidir? Qarabağın cənnətə çevrilməsinə 5 il, yoxsa nə qədər zaman lazımdır? Sözsüz ki, 2021-ci ilin qaçqın və köçkünlərin kütləvi şəkildə Qarabağa qayıdışı gerçəkləşməyəcək. Amma Şuşa, Qubadlı, Kəlbəcər, Hadrut, Cəbrayıl və Zəngilanın müəyyən yaşayış məntəqələrinə bir qisim insan köçürmək istisna deyil. Elə deputatlar da tez-tez qeyd edirlər ki, insanların Qarabağa yerləşməsi işlərini sürətləndirmək lazımdır. Bu, həm rus sülhməramlılarının müəyyən xoşagəlməz davranışlarını neytrallaşdırmaq məqsədi güdür, həm də ermənilərin yenidən baş qaldırması ümidlərini dəfn etmiş olur.

İqtisadçı-ekspert Natiq Cəfərlinin “Yeni Müsavat”a bildirdiyinə görə, büdcədən ayrılan 2, 2 milyard vəsait ilkin olaraq təhlükəsizlik qaydalarına, sərhədlərin möhkəmləndirilməsinə və logistikanın qurulmasına yönəldiləcək. Ekspertin fikrincə, hələlik şəhərlərin və kəndlərin bərpasından söhbət getmir: “Bunun üçün böyük layihə olmalıdır. Hökumət hansı şəhəri hansı məqsədlə quracağını müəyyənləşdirməlidir, ilk hansı rayonun bərpasının iqtisadi faydası olacağını hesablamalıdır. Eyni zamanda kiçik kəndlərin birləşdirilməsi gözlənilir. Biz bu təklifi etmişik. Ancaq hazırda elektrik xətlərinin çəkilməsinə, dəmiryollarının müəyyən hissələrinin bərpasına, minalardan təmizlənməsinə həmin vəsait xərclənəcək. Yəni burada şəhər və qəsəbələrin tikilməsi nəzərdə tutulmur”.

N.Cəfərli Şuşa ilə bağlı müəyyən plan olduğunu qeyd etdi: “Ola bilsin ki, Şuşada tarixi abidələrin bərpası işləri həyata keçirilsin, müəyyən addımlar atılsın. Ancaq Qarabağın yenidən qurulması böyük vəsait və zaman tələb edir. Bunun üçün ən azı 5-8 il iş görülməlidir. Çünki vandalizmlə üzbəüz qalmışıq, şəhərlər, kəndlər ermənilər tərəfindən tamamilə dağıdılıb, heç bir əsər-əlamət qalmayıb. Üstəlik, təhlükəsizliklə bağlı məsələlər var, minalar problemi uzun müddət vaxt alacaq. Hazırda ərazilərdə 200 mindən çox partlayıcı maddə olduğu ehtimal edilir. Bu, olduqca böyük rəqəmdir”.

İqtisadçı hesab edir ki, Qarabağın cənnətə çevrilməsi üçün çox böyük vəsait lazımdır: “Söhbət 30-40 milyarddan gedir. Sadəcə, baxır hansı bölgələrimizin ilkin qurulması nəzərdə tutulub. Həmçinin əhalinin hansı işlə məşğul olacağı, dolanışığı məsələləri nəzərə alınmalıdır. Bizim Neft Fondunun tamamilə ora xərcələməyimiz mümkün deyil. Büdcənin formalaşması buradan asılıdır və o baxımdan həm xarici, həm daxili investiyalara ehtiyac olacaq. Ancaq Prezidentin Qarabağın cənnətə çevriləcəyi sözü obrazlı ifadədir, yəni bölgənin potensialı var. Sadəcə, bu potensialın açılması üçün idarəetmənin təkmilləşdirilməsinin, investisiyaların effektli olmasının əhəmiyyəti böyük olacaq. Buna ciddi ehtiyac var”.

Deputat Vüqar Bayramov isə yazıb ki, işğaldan azad olunan rayonlarımızın iqtisadi və sosial inkişafı üzrə konsepsiyanın hazırlanması başa çatmaqdadır. Onun sözlərinə görə, sənədin yaxın zamanlarda ictimaiyyətə təqdim olunması gözlənilir: “Konsepsiyada həmin ərazilərimizin inkişafı üçün təşviqedici tədbirlərin nəzərdə tutulacağı gözlənilir. Bütövlükdə, işğaldan azad olunan rayonlarımızın inkişafı üçün həm o ərazilərimizdə məskunlaşacaq sakinlərimiz, həm də sahibkarlar üçün xüsusi güzəştlərin nəzərdə tutulmasına ehtiyac var”.

Deputat əlavə edib ki, bütövlükdə Azərbaycan yeni quruculuq mərhələsinə qədəm qoyur: “Bu mərhələdə yalnız büdcə deyil, eyni zamanda özəl mənbələr hesabına işğaldan azad olunan torpaqlarımızın böyük iqtisadi potensialının reallaşacağı gözlənilir.

Eyni zamanda yeni yaradılacaq iş yerlərində yerli sakinlər üçün kvotaların müəyyənləşdirilməsi, özünüməşğulluq proqramının genişləndirilməsi kimi tədbilərin də nəzərə alınması məskunlaşmadan sonra o bölgələrdə yaşayacaq vətəndaşlarımız üçün yeni imkanlar yarada bilər”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button