Top.Mail.Ru
ARAŞDIRMA

ABŞ Türkiyəni PKK ilə “cəzalandırmaqmı” İSTƏYİR? İmperializmin “KÜRD” KARTI-TƏHLİL

İki gün öncə İraqın şimalındakı Qara ərazisində 13 türk vətəndaşının öldürülməsi ABŞ və Türkiyə arasında onsuz da gərgin olan siyasi münasibətləri bir daha gün üzünə çıxardı.

Deməli, 2015-ci ildən bu yana PKK terror təşkilatı 13 nəfər türk vətəndaşını Qara adlandırılan, sıldırım qayalıqlarla əhatələnən bölgədə girov kimi saxlayırdı. Türkiyə ordusu 2 gün əvvəl ərazidə əməliyyat keçirərək, mağarada saxlanılan girovları azad etmək istədi. Terror təşkilatı da 13 nəfər türk vətəndaşını yaxın məsafədən atəş açaraq qoyub qaçdı. Əlbəttə, bu hadisə Türkiyə cəmiyyətində həm terror təşkilatına, həm də dolayı yolla onun arxasında olan ABŞ-a qarşı qəzəb doğurub.

ABŞ və Türkiyə arasındakı “katolik” nigahı

Qarada baş verən terror hadisəsindən sonra Ağ Ev açıqladığı bəyanatda terroru lənətlədiyini və NATO “müttəfiqi” Türkiyənin yanında olduğunu bəyan etdi. Lakin, amerikalıların açıqladığı bəyanatda çox iyrənc bir cümləni ciddiyə almamaq olmur. Bəyanatda “türk sivillərin PKK kimi tanınan terror təşkilatı tərəfindən öldürüldüyü doğrudursa” kimi bir cümlə var. Təsəvvür edin, NATO-da müttəfiqin və onun maraqları üçün Koreyada gedib döyüşdüyün bir ölkə necə bəyanat verir. Doğrudur, daha sonra ABŞ-ın dövlət katibi Antoni Blinken türkiyəli həmkarı Mövlud Çavuşoğluyla görüşdükdən sonra bəyanatda dəyişiklik edildi. Ancaq necə deyərlər, iş işdən keçib.

Mən həmişə demişəm ki, ABŞ və Türkiyə arasında “katolik” nigahı var. Türk cəmiyyəti üçün ABŞ həmişə bir imperialist dövlətdir. Türkiyə dövlətinin iki ana xətti olan islamçı mühafizəkarlar və sekulyar atatürkçülər həmişə ABŞ-a skeptik yanaşıblar. Hər nə qədər məcburi müttəfiq olsalar da,  türk xalqı heç vaxt ABŞ-ı sevməyib. Hətta, indiyə qədər 2016-cı ilin 15 iyulunda Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhddə də türklər Fətullah Gülənin arxasında ABŞ-ın olduğuna inanırlar. İslamçı Gülən hələ də ABŞ-ın Pensilvaniya ştatındakı malikanəsində yaşamaqdadır.

ABŞ niyə görə Türkiyəyə “düşmən” kəsilib?

Məlumdur ki, ABŞ Suriyanın şimalında radikal islamçı İŞİD terrorçu təşkilatına qarşı bir müddət mübarizə apardı. Bu mübarizədə ABŞ-ın ən yaxın müttəfiqi kürdlər idi. Hərçənd, kürdlər o zaman YOG-PYD adlı təşkilat yaratmışdı. Türkiyədə uzun müddətdir iddia edir ki, PYD elə əslində PKK-nın Suriya qoludur. Əslində, türklər bu iddiada tam haqlıdır. ABŞ isə “müttəfiqi” Türkiyəni yox İŞİD-ə qarşı PYD-ni seçdi. Həm Tramp, həm Obama, həm də Bayden adminstrasiyası zamanında ABŞ kürd təşkilatına silah verməkdə davam edir.

Ancaq ABŞ-ın Türkiyə ilə münasibətlərini təhlil edərkən, PYD məsələsi üzərində durmamalıyıq. İki ölkə arasındakı gərginliklərin ən böyük səbəblərindən biri də Türkiyənin Rusiyadan aldığı S400 HMS-dir. Hətta Tramp Türkiyəyə qarşı CAATSA qərarını belə imzaladı. Bu imzanın mahiyyəti Türkiyə Müdafiə Sənayesinə sanksiyaları nəzərdə tutur. Amerikalılar S400 sistemlərinin alınmasını qəbul etmir. Halbuki NATO-nun digər üzvləri Yunanıstan və Bolqarıstan Rusiyadan keçmişdə S300 sistemləri alanda ABŞ heç buna ciddi müqavimət göstərməmişdi. Hazırda ABŞ və Türkiyə arasında münasibətlər gərgindir.

Bu gərginliyin bir səbəbi də Şərqi Aralıq dənizindəki Türkiyənin fəaliyyəti ilə bağlıdır. Türkiyə Liviyanın BMT tərəfindən tanınmış hökuməti ilə müqavilə imzalayaraq, dəniz təsir əraziləri üzərində söz haqqı əldə edib. Türklərin qarşısında Yunanıstan, Fransa və ABŞ var. İşin həm də qəribə tərəfi budur ki, adı çəkilən bu ölkələr NATO çərçivəsində müttəfiqdirlər. Göründüyü kimi, ABŞ və Türkiyə arasında əsas üç ixtilaf məsələsi var. Bunlar Suriya, FETÖ, S400 və Aralıq dənizindəki ziddiyətlərdir. Demokratiya və insan hüquqları məsələləri də ayrı ziddiyət mövzusudur.

Mənə görə, S400 məsələsinin günahı ABŞ-ın üzərindədir. Türklər vaxtında ABŞ-dan “Patriot”HMS sistemləri almaq istədilər. Amerika satmadı. Daha sonra Türkiyə Çindən buna bənzər sistemləri almaq istədi. ABŞ buna da razı olmadı və Ayb Əlarab kimi tanınan Kobani hadisələri baş verdi. ABŞ göründüyü kimi təzyiq göstərir, Türkiyə dirənir. Sanki, Şimali Atlantika Alyansında kimsə türkləri Rusiya və Çinin vektoruna itələyir. Düzdür, 70-lərdəki Kipr hərəkatında da Türkiyəyə qarşı ciddi təzyiqlər olmuşdu. Lakin o zaman Türkiyənin geostrateji mövqeyi NATO-nun şərq sərhədlərinin SSR-dən müdafiə edilməsi üçün daha əhəmiyyətli idi. İndi artıq Sovet İttifaqı və Soyuq müharibə doktrinası geridə qalıb. Yeni dünya düzəni var. Zənnimcə, ABŞ və onun hərbi bloku NATO Türkiyədən o qədər də asan vaz keçməyəcək. Sadəcə, Brüssel Türkiyəni Rusiyadan qoparmaq istəyir. Hətta ola bilsin ki, “Patriot”sistemlərini Türkiyəyə satmağa təklif etsinlər.

Türkiyə NATO-da ABŞ-dan sonra ən böyük quru qoşunlara sahib ölkədir. Təsəvvür edin ki, belə bir vacib ölkə Rusiya və Çinin yanındadır. Bu, NATO üçün geostrateji və geosiyasi baxımdan böyük itki ola bilər. Tükiyənin NATO-dan, Avropa strukturlarından uzaqlaşması eyni zamanda Azərbaycanın da qərbyönümlü siyasətdən aralanması deməkdir. Bu, Azərbaycanı istər-istəməz insan hüquqları və demokratiya məsələlərində də yuxarıda adını çəkdiyim vektora yaxınlaşdıra bilər. Gerisini siz düşünün …

Siyasi şərhçi Kamal ƏLİYEV

KAİM.az

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button