Top.Mail.Ru
ARAŞDIRMA

Sarkisyan gündəminin ƏSL MAHİYYƏTİ və Putinin QARABAĞa həsr etdiyi ŞOK SSENARİ-TƏHLİL

Ermənistanın 3-cü prezidenti Serj Sarkisyanın iki gün əvvəl “Armnyus” telekanalına verdiyi müsahibədə bəzi maraqlı detallar var. Əlbəttə, Serjikin dedikləri mütləq doğru ola bilməz, lakin bəzi detalları mütləq şərh etmək lazımdır. Sarkisyan deyir ki, onda olan “mötəbər” məlumata görə, “İsgəndər” operativ-taktiki kompleksi müharibənin sonunda Şuşanı vurmaq üçün istifadə edilib. Sarkisyana görə, müttəfiqi Rusiyadan aldıqları bu silah müharibənin ilk 4-5 günündə Azərbaycan ordusuna qarşı istifadə olunmalı idi. Digər tərəfdən, Sarkisyan Gəncənin raketlərlə vurulmasını doğru hesab etmir, bunun beynəlxalq ictimaiyyət tərəfindən narazılıqla qarşılandığını bildirir və ən dəhşətlisi isə o, deyir ki, bu raketlərlə Azərbaycanın neft-qazı boru xəttləri hədəfə alınmalı idi.

Gəlin, Sarkisyanın bu sözlərini daha kompleks şəkildə analiz edək. Sarkisyan boru xəttlərinin vurulmasını öz başına demir və bunu zənnimcə Rusiyanın xoşuna gəlmək üçün ifadə edir. Azərbaycanın Bakı-Ceyhan boru kəməri vasitəsi ilə ixrac etdiyi neftin alıcıları qərb ölkələridir. Sarkisyan həm də bilir ki, bu, birbaşa qərbə, daha doğrusu İngiltərəyə sataşmaqdır. Çünki, İngiltərə 44 günlük müharibədə Azərbaycana siyasi dəstək verib. Maraqlıdır, Sarkisyan bunu deyərkən emosional əhval-ruhiyyədə mi olub, yoxsa, kiminsə, daha doğrusu Kremlin xoşuna gəlmək üçün bunu deyir? Gəlin, birinci arqumenti təhlil edək.

1-Bəli, Ermənistan heç bir halda İngiltərənin Azərbaycana siyasi dəstək verəcəyini gözləmirdi. Düzdür, Azərbaycanla Böyük Britaniya arasında həmişə stabil münasibətlər olub. Ancaq ermənilərə görə, “stabil”münasibətlər daha çox iqtisadi sferanı əhatə edə bilərdi. Hamı bilir ki, azərbaycanlı məmurlar korrupsiya yoluyla əldə etdikləri pulları elə məhz İngiltərədə saxlayırlar. Hətta biz bəzi korrupsioner azərbaycanlı nümayəndələrin uşaqlarının ingilis vətəndaşı olduğunu da bilirik. Yəni, demək istəyirəm ki, ingilislər ermənilərin nəzərində ancaq neytral mövqedə qala bilərdilər. Lakin bu, baş vermədi. Ona görə ki, İngiltərə və Türkiyənin siyasi münasibətlərinin də burda xüsusi rolu vardı. Belə olan təqdirdə, ən yaxın müttəfiqi Rusiya olan Ermənistanın yanında İngiltərə əsla ola bilməzdi. Hətta son illər Rusiya və İngiltərənin arası kifayət qədər soyuqdur. Görünür, ermənilər bunu dərindən analiz edə bilməyiblər.

Mənim üçün ən maraqlı və bir o qədər də inandırıcı gələn arqument Sarkisyanın “”İsgəndər”lə neft və qaz kəmərlərini gərək vuraydıq” sözünün arxasında Rusiya faktorunun olmasıdır. Serjik bir güllə ilə iki quş vurmağa cəhd edir. Bunun anlamı odur ki, o, məsuliyyətsiz şəkildə ingilislərə qarmaq atır və Putinin Rusiyasına “sədaqət” nümayiş etdirir. Hətta deyərdim ki, Serjik Putinə quyruq bulayır və Paşinyanı devirmək üçün Rusiya prezidentinin xidmətində olduğunu bəyan edir. Məsələ ondan ibarətdir ki, həm Robert Köçəryan, həm də Serj Sarkisyan Qarabağ klanın nümayəndələridir və 20 ilə yaxın Ermənistanı idarə ediblər. Düzdür, Sarkisyan bundan sonra heç vaxt hakimiyyətdə təmsil olunmayacağını vurğulayır, lakin siyasətdə Dəmirəlin dediyi kimi “Dün dündür, bu gün bu gündür” düsturu keçərlidir.

Mən zənn etmirəm ki, ermənilər 2026-ci ildə baş verənlərdən ibrət götürməyib yenidən Sarkisyana bel bağlaya bilərlər. İndiki situasiyada Sarkisyanı ən yaxşı halda kürəkəni, Vatikandakı keçmiş səfir Minasyan təmsil edə bilər. İnanmıram ki, Rusiya hökuməti də Sarkisyanın bu manevrasına isti yanaşır. İndiki halda Putin heç Vazgen Manukyanın ətrafındakı 17 siyasi təşkilata da inanmır. Çünki, Manukyan və onun ətrafındakı daşnakların Paşinyanı devirmək üçün potensialı yoxdur. Rusların Ermənistanda inandığı siyasətçi yalnız Robert Köçəryandır.

2-İkinci bir detal da Sarkisyanın 2016-cı ildəki aprel döyüşlərinin dayandırılması və qrafik üzrə Azərbaycan torpaqlarının boşaldılmasını öz üzərinə götürməsidir. Hətta bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanda deyir. Qriqoryan bunu düzgün qeyd edir. Bəli, müəyyən vaxt cədvəli və qrafik üzrə Sarkisyan Qarabağın ətrafındakı 5 rayonun geri qaytarılmasını vəd etmişdi. Əslində, Madrid prinsiplərinin də mahiyyəti bu idi. Yəni, ətraf rayonlar Azərbaycana qaytarılır,daha sonra əlavə iki rayon da. Yekunda Qarabağda referendum keçirilməklə status müəyyən edilir. Hərçənd, Sarkisyanın burda da yalan danışdığı məlumdur. Çünki, Dağlıq Qarabağa Azərbaycanın qəbul edəcəyi ən böyük güzəşt dünyada ən yüksək özünüidarə statusu olacaqdı. Sarkisyan qrafiki qəbul etmişdi və bunun qarantı da Putin idi. Hətta yadınızdadırsa, İlham Əliyev 2016-da demişdi ki, hərbi əməliyyatların dayandırılmasını Putin ondan xahiş etmişdi.

Belə ki, 2016-cı ilin yayında “Sasna tsrer” pariyasının tərəfdarları İrəvandakı polis qarnizonunu zəbt edirlər. Dərhal fürsəti fövtə verməyən Sarkisyan eyni ilin aprel ayında üzərinə götürdüyü qrafikdən imtina edir. Düşünürəm ki, bu imtinada Sarkisyanın arxasında Rusiya dayanırdı. Sarkisyan bunu əsla özbaşına edə bilməzdi. Çünki, ruslar həmin dövrdə konfliktin daha da uzanmasında maraqlı idi. Paşinyanın bir fikri doğrudur ki, “Lavrov planı” elə “Madrid prinsiplərinin” düzəliş edilmiş variantı idi və Paşinyan bunu rədd etdi.

Belə ki, “Lavrov planına” görə, 5 rayon Azərbaycana qaytarılır, Laçın və Kəlbəcərin müqəddəratı isə Dağlıq Qarabağda keçiriləcək referenduma bağlı idi. Sarkisyanın müsahibəsində kifayət qədər ziddiyətlər var. Çünki o, 2016-cı il ərzində razılaşdırılmış qrafiki həyata keçirə bilərdi. Ancaq Sarkisyan kresloya o qədər bağlı idi ki, vaxt udmaq üçün prosesi gecikdirdi. Qısa müddət sonra Ermənistanda sosial etirazlar başladı və Paşinyan iqtidara gəldi. Yəni, Sarkisyan topu Paşinyana atdı.

Serj Sarkisyan 2018-ci il Ermənistanda baş verən “məxməri inqilabı”n anti-Qarabağ hərəkatı olduğunu deyir. İndi erməni cəmiyyətində ən rahat ifadə ediləcək arqument elə budur. Çünki ortada məğlubiyyət var və bunu Paşinyana yükləmək daha rahat çıxış yoludur. Güya, Sarkisyan hakimiyyətdə qalsaydı, bir qarış da olsun Azərbaycana torpaq qaytarmayacaqdı. Həqiqət isə budur ki, Sarkisyan 5+2 düsturu ilə torpaqları qaytaracağına söz vermişdi.

Siyasi ekspert Kamal Əliyev

“Kainat Analitik İnformasiya Mərkəzi”-KAİM.az

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button