Beynəlxalq TEOPOLİTİKA: İran teopolitik siyasətdə niyə erməniləri DƏSTƏKLƏYİR?-ARAŞDIRMA

Biz vaxtaşırı olaraq, geopolitika, geostrategiya kimi siyasi terminləri eşidirik. Politoloqlar, strateqlər, beynəlxalq münasibətlər üzrə ixtisaslaşan ekspertlər bu terminlərdən tez-tez istifadə edirlər. Lakin son zamanlar diplomatların, politoloqların istifadə etdiyi sözlərdən biri də teopolitikadır.
Əvvəlcə qeyd edim ki, dövlətlər öz milli mənfəətlərini qorumaq üçün əsasən xarici siyasət konsepsiyasında realizm və idealizm qavramlarından istifadə edirlər. Biz bunlara teoriyalar da deyə bilərik. Dövlət ayqıtının işlək mexanizminin stabilliyini qorumaqdan ötrü, məhz bu iki nəzəriyyəyə istinad etmək lazımdır. Artıq post-modernizm siyasət anlayışında teopolitikaya da yer verilməyə başlanılıb.
Qısası, teopolitika din, ilahiyyat, məzhəbin təsirində qalan siyasətdir. Geopolitika isə daha çox coğrafiyanın təsirində qalan siyasi konsepsiyadır. Çarl Şmidt deyirdi ki, müasir dövlət nəzəriyyəsinin bütün qavramları əslində teolojik fikirlərin sekulyarlaşmış halıdır.
Bu gün diqqətli olsaq görərik ki, ABŞ, İran, İsrail, Səudiyyə Ərəbistan kimi dövlətlərin verdiyi qərarlar tepolitikanın təsiri altındadır. Din və inancın təsiri altında qalmış siyasətin dünyanı necə bir fəlakətə sürüklədiyini görürük. İraq, Misir, Suriyada baş verən proseslər birbaşa tepolitikanın ortaya çıxardıqlarıdır.
Əslində, ABŞ-ın keçmiş prezidenti Donald Trampın Yerusəlimi İsrailin paytaxtı kimi tanıması da teopolitik qərar idi. Misirdəki dövlət çevrilişində də Səudiyyə Ərəbistanın Əbdül Fəttah Sisiyə verdiyi dəstək də teopolitik idi. Yəni, sünni məzhəbinin sələfilik ideologiyasına mənsub olan Səud ailəsi Məhəmməd Mursinin “İxvanül Muslimin” hərəkatına neqativ münasibət bəsləyirdi. Səudiyyə Ərəbistanın sələfi ideologiyası Misirdəki Seyid Qütübün “İxvan” əqidəsiylə tərsmütənasib idi. Halbuki hər iki ərəb dövləti sünni məzhəbinə bağlıdır. Fikirimi belə ifadə etmək istəyirəm ki, 21-əsr qlobal siyasətdə teopolitika siyasi bir nəzəriyyə olaraq geniş masştabda istifadə olunmaqdadır. Alınan qərarların teopolitik olması, yerdə qalan bütün mənfəət və fayda təməlli işlərin üzərini örtür.
Dövlətlər kimi insanlar da teopolitik düşüncə tərzinə sahib ola bilirlər. Yəni, bir təriqətin son amalı Allah rızası deyil, teopolitik hədəf də ola bilir. Məsələn, Türkiyədəki FETÖ və Yaxın Şərqdəki İŞİD kimi təşkilatlar teopolitikanın ünsürləri idilər. Azərbaycanda da bir zamanlar gücü olan FETÖ dövlətlərarası kəşfiyyat məlumatlarının ötürülməsində, fəaliyyət göstərdikləri ölkələrdə bürokratik iyerarxiyada möhkəmlənməklə başqalarının teopolitik hədəflərinə işləyirdilər. FETÖ və İŞİD-in bənzər tərəflərindən biri də Mehdi qavramına inanmaları idi. Bu iki təşkilata görə, dünyada fitnə-fəsad o qədər artıb ki, mütləq Mehdi zühur edib bəşəriyyəti bu bəladan qurtaracaq. FETÖ-cülərə görə Mehdi Fətullah Gülən, İŞİD-çilərə görə isə Əbubəkr Bağdadi idi.
Təşkilatlanma forması, inanc sistemi, siyasi əlaqələri, mehdilik anlayışı bir-birinə bənzəyən təşkilatlardan biri də “Opus Dei” adlı gizli təriqətdir. Bu təriqət haqqında araşdırmalarım onu göstərdi ki, təşkilatın fəaliyyət istiqamətləri sanki FETÖ kimidir. “Opus Dei” adlı dini təriqət ABŞ-da kifayət qədər güclüdür. Bundan başqa, evangelist xristiyanlar ABŞ-da o qədər güclü idilər ki, keçmiş prezident Trampın qəraralma mexanizminə təsir edirdilər. Evangelistlər kifayət qədər güclü teopolitik təriqət olaraq, Trampın seçilməsində səylə çalışırdılar. Evangelistlər hətta Tramp adminstrasiyasında yüksək vəzifələrdə də təmsil olunurdular.
1979-cu ildən sonra İran İslam Respublikası da inqilab dəyərlərinin regionda ekspansiyası üçün teopolitikadan istifadə edir. İran indi də şiəliyin yayılması üçün hər il milyardlarla vəsait xərcləyir. Bu, İslam respublikasının teopolitik siyasətinin məqsədidir. Bəzən azərbaycanlılar düşünür ki, İran niyə şiə azərbaycanlıları yox, xristian erməniləri dəstəkləyir. Elə teopolitik siyasət budur.
Teopolitikanın bir mənası da bunu ifadə edir. Çünki, öz sekulyar maraqlarını, strategiyasını İran kimi ölkələr teopolitika ilə həyata keçirir. Hər hansı teopolitik qərar yarı müqəddəs qərar mahiyyətini daşıyır. Bu nöqteyi nəzərdən, mənfəət, qarşılıqlı qazanc, müttəfiqlik kimi nəzəriyyələr teopolitikada keçərli deyil. Bu da bizə onu göstərir ki, əgər nə zamansa üçüncü dünya müharibəsi baş verəcəksə, burda əsas zəmin teopolitik səbəblər olacaq.
Siyasi ekspert Kamal Əliyev