Əkbərovun dəhşətli cinayətləri və Sadıkovun qalıqlarından təmizlənən müasir Azərbaycan ORDUSU-ARAŞDIRMA

Azərbaycan ordusunun birlik komandirləri general-leytenant Rövşən Əkbərov və general mayor Xəqani Cəbrayılov bu ilin fevralın 8-də vəzifədən azad olunmuşdu. Keçən ilin 9 fevralında İlham Əliyev bir-sıra yüksək rütbəli zabitləri mükafatlandırarkən, Rövşən Əkbərovu təltif etməmişdi.
Maraqlıdır, Rövşən Əkbərov haqqında 4 aylıq həbs qəti imkan tədbiri seçilib. Yəqin ki, cənab Əkbərovun dosyesi çox qalındır; burada MN-nin birlik qoşunları sistemində böyük korrupsiya və Tərtər hadisələri var. Digər tərəfdən, Rövşən Əkbərov bu zamana qədər MN sistemində keçmiş qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun təsirində olan və dolayısıyla Rusiyaya bağlı olan qrupun üzvüdür. Doğrudur, Rövşən Əkbərov vəzifəsindən ehtiyata buraxılmışdı, ancaq görünür ki, hərbi prokurorluq əvvəlcədən gizli istintaq aparırmış. Qeyd edim ki, Rövşən Əkbərova qarşı irəli sürülən ittihamlardan biri də qəsdən adam öldürmədir.
Belə ki, iddiaya görə, 19 il bundan əvvəl Ukraynanın paytaxtı Kiyevdə Rövşən Əkbərov azərbaycanlı iş adamı Elçin Əliyevi şəxsi münasibətlər zəminində qətlə yetirib. Dediyim kimi, cinayət dosyası qabarıqdır. Ancaq yuxarıda da vurğuladığım kimi, Əkbərovun həbsinə səbəb korrupsiya və Nəcməddin Sadıkov dəstəsindən qurtulmaqdır. Belə ki, 2013-cü ildə Rövşən Əkbərov Şəmkir korpusunun komandiri olarkən, Ceyhun Qubadov adlı əsgər döyülərək öldürülmüşdü. Lakin Rövşən Əkbərov bu hadisəni inkar edərək demişdi ki, əsgər Qubadov yeni olduğu üçün hündürlükdən yıxılıb. Hətta o, məhkəmə tibbi ekspertizanın rəyini də göstərmişdi. Ancaq əsgərin xidmət etdiyi bölük komandiri də, elə Rövşən Əkbərov da töhmət almışdı. Güman ki, Rövşən Əkbərova qarşı cinayət işində buna da yer verilib.
Azərbaycan hakimiyyəti ordunu Türkiyə modelində formalaşdırmaq üçün bəzi addımları mütləq atmalıdır. Türkiyə ordusu nizam-intizama, döyüş qabiliyyəti və başqa parametrlərə görə, NATO-nun ikinci ən güclü ordusudur. Azərbaycan 44 günlük müharibədə dərk etdi ki, Türk ordusunun kiçik və peşəkar modelini qurmaq həyati əhəmiyyət daşıyır. Bunun üçün ilk növbədə Nəcməddin Sadıkovun ordu içərisindəki adamlarından xilas olmaq lazımdır. Güman edirəm ki, bundan sonra MN sistemində Türkiyə təhsilli zabitlərə də yer veriləcək. Müharibə dövründə Naxçıvan korpusunun komandiri general Kərəm Mustafayev Türkiyəyə göndərilmişdi. Zənnimcə, hökumət baş qərargah rəisi vəzifəsinə Kərəm Mustafayevi düşünür. Türkiyə tərəfinin də buna müsbət cavab verdiyi bilinir. Naxçıvandakı hərbi hissələrin döyüş qabiliyyətinin hazırlanmasında uzun illərdir türk hərbçilərinin rolu danılmazdır. Elə bu müddət ərzində Kərəm Mustafayev TSK ilə pozitiv dialoq qura bilib.
Əgər Azərbaycanda daha peşəkar və müasir ordu qurulacaqsa, yeni kadrların irəli çəkilməsi vacibdir. Azərbaycan ordusunun türk modelinə uyğunlaşdırılması həm də ordumuzun ən müasir standartlara cavab verə bilməsi deməkdir. Bir maraqlı məqam da Rusiyanın bu prosesə necə reaksiya nümayiş etdirməsi olacaq. Əslində, bu, bir tərəfdən də siyasi riskdir. Bu zamana qədər Azərbaycan ordusunda kök salmış rus məktəbindən qurtulmaq istər-istəməz bir az zaman alacaq. Lakin başqa yol da yoxdur. Əgər Gürcüstan öz ordusunu NATO standartlarına uygunlaşdırarkən Türkiyə təcrübəsindən faydalanırsa, biz də bu fürsətdən istifadə etməliyik. Rusiyadan qorxmağa ehtiyac yoxdur. Ancaq bu prosesi apararkən, çox diqqətli olmaq lazımdır. Ehtimal edirəm ki, həm Cəmşid Naxçıvanski adına hərbi liseydə, həm də Heydər Əliyev adına hərbi akademiyada işləyən Rusiya yönümlü hərbi kadrlardan da yaxa qurtarılacaq. Hər iki hərbi məktəbdə və Dəniz qoşunlarında yeni modelin tətbiqi çox vacibdir.
Siyasi ekspert Kamal Əliyev