Top.Mail.Ru
ARAŞDIRMA

PROFESSOR: “Qarabağ kimlərinsə intriqa meydanına ÇEVRİLMƏYƏCƏK” – İran niyə narahatdır?

Doğrusu, bir çoxları kimi mənim də bu radionun verlişlərini davamlı olaraq izləmək imkanım və fürsətim olmur. Yalnız rayona gedəndən-gedənə yolboyu maşında dinləyirəm. Qoy, bilməyənlər də bilsin ki, Bakıdan çıxandan düz Oğuz və Şəkiyədək “Aran” radiosunu hər yerdə dinləmək olur. Hətta o yerlərdə ki, bizim öz radiolarımızın siqnalları yetərincə çatmır. Amma əsas məsələ bu deyil. Narahatçılıq və etiraz doğuran həmin radionun Azərbaycanla bağlı verlişlərinin heç də xoş məramdan xəbər verməməsidir. Artıq neçə illərdir ki, “Aran” radiosu davamlı olaraq bu “işlə” məşğuldur.

Qafar Cəbiyev, tarix elmləri doktoru, professor, əməkdar jurnalist
Qafar Cəbiyev, tarix elmləri doktoru, professor, əməkdar jurnalist

Mayın 8-də təxminən saat 10-11 radələrində “Aran” radiosunun efirində politoloq Akif Heydərli adlı şəxslə dialoq da həmin radionun xoşməramdan uzaq olan verlişlərindən biri idi. Verlişdə Azərbaycan ordusunun 44-günlük müharibə nəticəsində erməni işğalından azad etmiş olduğu ərazilərdə aparılacaq bərpa və quruculuq işlərində İsrail şirkətlərinin iştirakı ehtimalları təhlil olunurdu. Aparıcının təhrikedici sualları, habelə politoloq Akif Heydərlinin Azərbaycan və İsrail dövlətlərinin əməkdaşlığındakı “region üçün qorxulu olan məqamlarla” bağlı absurd və məntiqsiz şərhlərini sükutla dinləmək və ona reaksiya verməmək olmazdı. Verlişin ruhundan belə nəticə hasil oldu ki, guya İsrail dövləti ötən 30 il ərzində Azərbaycan və Ermənistan arasında barış əldə olunmasına ən çox maneçilik etmək istəyən xarici güclərdən biri olub. Halbuki, Azərbaycanda hər kəs etiraf edə bilər ki, bu, yalan və absurd bir yanaşmadır. Əksinə, ötən illər ərzində biz bütün səviyyələrdə və bütün hallarda İsrail tərəfindən diqqət, həssasiyyət və real dəstək gördük. Heç şübhəsiz ki, İranın siyasiləri də, kəşfiyyat orqanları da bunu da bilməmiş deyil.

Bəs 30 milyondan çox azərbaycanlının yaşadığı, dini-dinimizdən olan qonşu İran nə etdi?! Qonşu dövlətlərə ərazi iddiaları ucbatından blokada şəraitində qalan işğalçı və terrorçu dövlət olan Ermənistana nəfəs verən, onu yaşadan xarici güclərdən biri İran olmadımı?! Dolayısı yolla İran Azərbaycan torpaqlarının işğal altında qalmasından və uzun illər ərzində münaqişənin həllinin yubanmasından öz mənfəəti naminə yararlandı. İran tərəfi Şuşada ermənilərin sifarişi ilə məscid “təmir” edəndə bizə xoş oldumu?! Ermənilərin 30 il ərzində məscidlərimizdə donuz bəslədikləri bütün dünyaya faş olanda İran necə davrandı?! İran tərəfi ən azı İslam dövləti olduğuna görə gərək belə mövqe sərgiləməyəydi. Vətəndaşı olan 30 milyondan çox azərbaycanlının xatirinə gərək düşmən tərəfə dəstək olmayaydı. Nəyahət, işğalçı ilə işğala məruz qalana fərq qoymamaq İslam dövlətinə və İslam hümmətinə yaraşan haldırmı?!

Elə güman etməsinlər ki, biz İran tərəfinin ən xırda məsələlərlə bağlı zaman-zaman səsləndirdiyi notaların ruhunu, tonunu anlamırıq. Azərbaycan cəmiyyəti bütün bunları görür, bilir və …. Bütün bunlara rəğmən biz hesab edirik ki, İran qonşu dövlətdir. İslam dövlətidir. İran və Azərbaycanı min illərin dostluq, qonşuluq və mədəni əlaqələri birləşdirir. Bu dəyərlərin Azərbaycan cəmiyyəti üçün önəmi və qiyməti çox-çox yüksəkdir.

İndi Azərbaycanda Qarabağın bərpası və inkişafı dönəmi başlayıb. Prezident İlham Əliyev çıxış və bəyanatlarında dəfələrlə rəsmən xarici dövlətləri, şirkətləri, iş adamlarını bu böyük layihədə iştirak etməyə dəvət edib. Biz Qarabağda nəinki İran və İsrail dövlətlərinin və onları təmsil edən şirkətlərin, lap elə digər ölkələrin və onların şirkətlərinin iştirakını da istisna etmirik. Təki gələnlər xoş niyyətlə gəlsinlər. Biz istəmirik ki, Qarabağ kimlərinsə intriqa meydanına çevrilsin. Bu baxımdan İran tərəfinin İsrail şirkətlərinin Qarabağın bərpasında iştirakından əndişələnməsi anlaşılan deyil. Biz istəməzdik ki, İran-İsrail münasibətlərindəki gərginlik süni surətdə Qarabağ müstəvisində dartışma mövzusuna çevrilsin.

Azərbaycan dövləti və Azərbaycan cəmiyyəti qonşumuz İranla münasibətlərə hər zaman çox böyük önəm verib və bu gün də belədir. Biz qonşu və dost ölkələrik. Bizim bir çox ortaq dəyərlərimiz var. Gəlin bunların qədrini, qiymətini bilək. “Aran” radiosunda cəmləşən ermənipərəst ünsürlərin bu əlaqələrə və dəyərlərə kölgə sala biləcək hərəkət və əməllərinə nəhayət gec də olsa son qoyulması fikrimizcə İran tərəfinin bizə münasibətdə nə dərəcədə səmimi olmasının daha bir göstəricisi olardı. / konkret.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button